Məhkəmə qərarları › İş №2(004)-5995/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5995/2025

20.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5995/2025 20.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X2, İddiaçı “mirasın qəbul edilməsi üçün müddətin bərpası” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “mirasın qəbul edilməsi üçün müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Hazırki iddia ərizəsində iddiaçı forma və məzmuna riayyət etməyərək, iddia ərizəsində cavabdehi və onun eyniləşdirmə məlumatlarını, iddia tələbinin kimə qarşı yönəldiyini qeyd etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı müvafiq notariat orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Tərəfə izah edilir ki, miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün vərəsəliyin açıldığı notariat ofisinə müraciət etməli, notariat orqanı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etdiyi təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: 41-ci maddəsinə əsasən, Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. 58-ci maddəsinə əsasən, Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı “mirasın qəbul edilməsi üçün müddətin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 99,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarıla bilməz. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5643/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı “mirasın qəbul edilməsi üçün müddətin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 99,60 manat (doxsan doqquz manat altmış qəpik) məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş dövlət rüsumu artıq məhkəmə qərardadı ilə iddiaçıya qaytarılmış, iddiaçı isə təkrarən həmin ödəniş qəbzi ilə məhkəməyə müraciət etmişdir, buna görə də məhkəmə hesab edir ki, həmin rüsum təkrarən iddiaçıya qaytarıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “mirasın qəbul edilməsi üçün müddətin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar