Məhkəmə qərarları › İş №2(004)-6028/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6028/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6028/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann kondisioner üçün 2100,60 manat ödənilməmiş hissə, 452 manat dəbbə, ümumilikdə 2552,60 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 29.07.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann kondisioner almış və nəticədə 2552,60 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti ümumilikdə 2100,60 manat (18 ay x 116,70 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann kondisioner üçün ümumilikdə, 2552,60 manat olmaqla onun, 2100,60 manat ödənilməmiş hissə, 452 manat dəbbə borcu yaranmışdır. Cavabdeh ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, kondisioner tam quraşdırılmamışdır. O, pulu ödəməyə etiraz etmir. Lakin yalnız kondisioner quraşdırıldıqdan sonra pul ödəyəcəyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh, "xxxx" MMC ilə 29.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann kondisioner almış və nəticədə 2552,60 manat borc yaranmışdır. İş materiallarında olan 01.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29.07.2020ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 2100,60 manat ödənilməmiş hissə, 452 manat dəbbə, ümumilikdə 2552,60 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 29.07.2020-ci il tarixli müqavilə üzrə 2100,60 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 2110,60 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı olan ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 29.07.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 452 manat məbləğində deyil 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 29.07.2020-ci il tarixli müqavilə üzrə 2100,60 (iki min beş yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 2110,60 (iki min yüz on manat altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar