Məhkəmə qərarları › İş №2(004)-603/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-603/2023

02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-603/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə Elmir qızının iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 60 saylı mənzildə abonent kodu **********0600 olan istifadsində olan qaz sayğacına görə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən dəymiş ziyanın ödənilməsi üçün tələb olunan 2073,60 manat borcun silinməsi və ******* saylı, 30 iyun 2022-ci il tarixli aktının ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr, 3166-cı məhəllə, "xxxx" MTK, bina 1 ünvanındakı 60 saylı mənzil onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********0600 olan ZENNER G4 SMART tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanındakı 60 saylı mənzilə balkonda quraşdırılmış qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Sayğacın sərfiyyat qeyd etməməsi əsası göstərilməklə sayğac dəyişdirilmişdir. Bununla əlaqədar “Azəriqaz İB-nin 29/1710-01379-1 saylı aktına əsasən **********7 npmrəli sayğacın plasmas qapağının şüşəsi üst hissədən tamamilə aralanıb, sayğac istismara yararsızdır” qeydi ilə ******* saylı, 30 iyun 2022-ci il tarixli aktı tərtib olunmuşdur. Daha sonra onların xəbəri olmadan dəymiş ziyanın hesablanması aparılmışdır. Hansı meyarlarla, hansı nəyə əsasən hesablandığı məlum olmadan 17280 m3 sərfiyyat, yəni 2073,60 manat borc hesablanmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz sayğacı çıxarılıb dövlət yoxlamasınada keçirilərkən akt imzası və iştirakı olmadan edilmişdir. Binanın balkonunda quraşdırılmış qaz sayğacına abonent tərəfindən nəzarət edilmir. Aktın ləğvi və cərimənin silinməsi ilə bağlı onun tərəfindən Cavabdeh İB-nə müraciət olunsa da heç bir nəticə olmamış hesab kodundan əsasız hesablanmış 2073,60 manat silinməmişdir. Cavabdeh İB ilə bağlanmış müqavilənin 3.3 cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Qaz sayğacına heç bir zaman qanunsuz müdaxilə etmədiyi üçün ******* saylı, 30 iyun 2022-ci il tarixli akt üzrə cərimənin ondan tələb olunması ona qarşı haqsızzlıqdır. İddia ərizəsinə əlavə etdiyi abonuntin saltosundan görünür ki, həmin mənzildə sərfiyyata uyğun olaraq ödənişlər edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində onun heç bir təqsiri olmadığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə mənə məxsus abunə koduna hesablanmış borc silinməlidir. Daha sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 1956,10 manat məbləğində zərərin və 39,57 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1995,67 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu ərazisində Cavabdeh İBnin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllədə qeydiyyatda olan İddiaçı (bundan sonra-Cavabdeh) tərəfindən istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 117,50 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 1956,10 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sayğac evdən kənarda, mənzilin eyvanı ilə blokun ümumi pəncərəsinin arasında olan boşluqda yerləşir və ona əl çatmır. Sayğacın işləməməsi barədə dəfələrlə onları xəbərdar etmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı idda ərizəsində qeyd etmişdir ki, guya onlar aşkar etmişlər. Əvvəl sayğac mexaniki sayğac olmuş və smart sayğacla dəyişidirlmişdir. Sayğac dəyişilənə qədər onun mənzilinə qaz gəlmişdir. Odur ki, məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə Elmir qızı məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının mənzili yeni binada yerləşir və bütün yeni binalarda sayğac eyvanda quraşdırılır. Abonentin saldolsundan görünür ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayına qədər sayğac qeydiyyat aparmamışdır. Dəymiş ziyan dörd ay üçün hesablanıb və müdaxilə nəticəsində qaz itkisi olmuşdur. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18 mart 2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi ( Zenner 64-T markalı STS **********385 nömrəli) ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” X1 sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-01379-1 nömrəli aktın surətindən görünür ki, 17 may 2022-ci il tarixdə BRQS Departamentindən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 30 iyun 2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus G-4 markalı **********7 saylı sayğacın plastmas qapağının şüşəsi üst hissədən gövdədən təmami ilə aralanıb. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, "Azəriqaz” İstehsalat Birliyi 29/1710-01379-1 nömrəli aktına əsasən texniki baxış zamanı istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanındakı 60 saylı mənzilə üçün quraşıdırlmış sayğacın plastmas qapağının şüşəsinin üst hissədən tamamilə aralanması və sayğacın istismara yararsız olması aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 iyun 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 17280 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci ilin iyun üyında 17280 m3 sərfiyyat üçün 2073,60 manat borc hesablanmışdır. Abonent tərəfindən 2022-ci ilin noyabr ayında 40 manat, dekabr ayında 67,50 manat ödəniş edilmiş və 1956,1 manat borc yaranmışdır. İş materiallarında olan Watsap yazışmalarından görünür ki, İddiaçı tərəfindən qaz sayğacının işləməməsi barədə müraciət edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən (əvvəlki redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9- cu bəndinə əsasən, əişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında 18 mart 2022-ci il tarixdə ona məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi (Zenner 64-T markalı STS **********385 nömrəli) ilə əvəz edilmişdir. 17 may 2022-ci il tarixdə BRQS Departamentindən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 30 iyun 2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində iddiaçıya məxsus G-4 markalı **********7 saylı sayğacın plastmas qapağının şüşəsi üst hissədən gövdədən tamamilə aralanması, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinun mümkün olması və istismara yararsız olması müəyyən edilmişdir. Bunun nəticəsində 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayına qədər sayğacda sərf edilmiş qazın sərfiyatına dair qeydiyyat aparılmamışdır. 30 iyun 2022-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmiş və akt əsasında itirilmiş qazın bərpası üzrə 17280 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılaraq, hesablanmış (2073,6 manat) məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən 2022-ci ilin noyabr ayında 40 manat, dekabr ayında 67,50 manat ödəniş edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı onun tərəfindən sayğaca müdaxilə edilmədiyini və əsassız olaraq hesablanmış borcun silinməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə ödənilmiş 117,5 mabnat məbləğ çıxılmaqla yerdə qalan 1956,10 manat məbləğində zərərin ödənilməsini tələb edir. Həmçinin iş materiallarında olan fotoşəkillərdən müəyyən edilmişdir ki, iddiaçının mənzilinə qaz sayğacı mənzilin eyvan ilə binanın blokunun ümumi eyvanı arasında hissədə quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyini və sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə ki, sayğaca baxışın aparılması, dəymiş ziyanın müəyyən edilməsi və aktlaşdırılması prosesinin keçirilməsinə dair heç bir video görüntü, fotoşəkil iş materiallarına əlavə edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacının plastmas qapağının şüşəsi üst hissədən gövdədən tamamilə aralanması müəyyən edilsə də və bu yalnız abonentin sayğacın işlməməsi barədə müraciətinə əsasən aşkar edilmiş, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilmiş və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 17280 m3 həcmində, 2073,6 manat məbləğində borc daxil edilmişdir. Həmçinin, iddiaçıya məxsus mənzil üçün sayğac mənzildə deyil, mənzildən kənarda mənzilin eyvanı ilə binanın blokunun ümumi eyvanın arasında olan hissədə quraşdırılmış, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olaraq Azəriqaz İB daşımış, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehin sayğaca müdaxilə etdiyini təsdiq edən sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki halda isə Cavabdeh İB tərəfindən istehlakçının qazın talanmasında təqsirli olması barədə müvafiq orqanın və ya məhkəmənin qərarı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Lakin iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayına qədər sərf edilmiş qazın miqdarına dair qeydiyyat aparılmamış, Cavabdeh İB tərəfindən isə verilən qazın dəyəri hesablanmamış və hər ay istehlakçıya məlumat təqdim edilməmiş, bununla da sayğacda sərfiyatın hesablanmanın dayanmasından yalnız iddiaçının müraciətindən sonra məlumatlı olmuşlar. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilmədiyindən, itirilmiş qazn bərpası üçün İddiaçı abonent hesabına 2073,6 manat məbləğində borcun yazılması əsassız olmuşdur. Odur ki, ilkin iddia tələbi təmin edilməli və «ünvan 3 ünvandakı 60 saylı mənzil üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00600 olan) hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Həmçinin məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən və ilk iddianın təmin edilməsi isə qarşılıqlı iddianın təmin edilməsini tamamilə aradan qaldırdığından, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni qarşılıqlı iddia rədd edilməli olduğundan qarşılıqlı iddianın qaldırılması ilə əlaqədar qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 3 ünvandakı 60 saylı mənzil üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00600 olan) hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar