Məhkəmə qərarları › İş №2(004)-6031/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6031/2020

30.11.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6031/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ötürücü stasiyanın götürülməsi və mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ötürücü stasiyanın götürülməsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 100 ünvanında quraşdırılmış Cavabdeh MMC-yə məxsus olan radio-baza stansiyasının qoyulmasına səbəb olan faktlar araşdırılmaqla, stansiyanın oradan götürülməsi, ona və ailəsinə dəymiş 30000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı ötürücü stasiyanın götürülməsi və mənəvi ziyan tələbinə dair 2(004)-6031/2020 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən də görünür ki, hazırki mübahisə üzrə mübahisə predmeti olan radio-baza stansiyası Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi 100 ünvanında yerləşir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, bundan qabaq Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən onun iddia ərizəsi geri qaytarılmış və onun məhz qurğunun yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməsi bildirilməmişdir. Hal-hazırda mülki işin baxılması üçün qurğunun yerləşdiyi ərazi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi radio-baza stansiyasının götürülməsi ilə bağlı olduğundan, məhkəmə tərəfindən işin obyektiv və icra intizamına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə, eləcə də, mübahisəli qurğuya ekspertlərin iştirakı ilə məhkəmə baxışı keçirilməsi zərurətinin də, yarana biləcəyini və mübahisə predmeti olan qurğunun Binəqədi rayonu ərazisində yerləşməsini nəzərə alaraq, mülki iş müstəsna aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ötürücü stasiyanın götürülməsi və mənəvi ziyan tələbinə dair 2(004)-6031/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar