Məhkəmə qərarları › İş №2(004)-6151/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6151/2025

05.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6151/2025 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov likin Məhərrəm oğlundan 1616,79 (bir min altı yüz on altı manat 79 qəpik) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 36,17 manat məbləğində dövlət rüsumunun, cəmi 1652,96 (bir min altı yüz əlli iki manat 96 qəpik) manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal-71 Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti (bundan sonra "Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının "Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyri-kommersiya hüquqi şəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. "xxxx" MİMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cürnlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin İşıqlandırılması işləri MMMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin Ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi Ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, 598 saylı mənzilin mülkiyyətçisi olaraq İddiaçınə ümumilikdə 1616,79 (bir min altı yüz on altı manat 79 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödərnəmişdir. Borcun ödənilməsini xahiş etsək də, cavabdeh teref borcunu ödəməkdən yayınıb. Bu baxımdan pozulmuş hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, iddia tələbində qeyd edilen 1616,79 (bir min altı yüz on altı manat 79 qəpik) manat məbləğindəki borc məbləği və 36,17 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının tələbini əsaslandırdığı hallar mülki və mənzil qanunvericiliyinə zidd olduğundan iddia tələbi qanunsuz və əsassızdır. İlk növbədə qeyd etmək lazımdır ki, çoxmənzilli binaların idarə edilməsi ilə bağlı ciddi və davamlı problemlərin olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, mediada binaların idarəetməsi ilə bağlı problemlərə dair xeyli sayda məlumatlara rast gəlmək olar. Bunun bariz sübutu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaş müraciətləri ilə bağlı icmal məlumatlarında bu sahəyə ayrıca hissənin həsr edilməsidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Göründüyü kimi bu sahədə sistem xarakterli problemlər mövcuddur. İddiaçının Nizamnaməsinin 6.3.4-cü yarımbəndinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətiniştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-niniştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərarı özü-özlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr, həmçinin, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Belə ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Hazırkı iş üzrə bildirilməlidir ki, sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil və belə bir şəraitdə hazırkı iddianın irəli sürülməsi əsassızdır. İşin tam və ədalətli araşdırılması üçün atılmalı olan prosessual addımlar Hazırkı etirazda göstərilən məqamlara aydınlıq gətirilmədən, müvafiq məlumat və sənədlər təqdim edilmədən hazırkı işə baxıla bilməz. İşin tam və hərtərəfli araşdırılması məqsədi ilə tərəfindən verilmiş vəsatətlər əsasında məlumatların iddiaçı tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Hesab edirlər ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur, həmçinin iddiaçı ərizəsində göstərilən halları təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, sakinlərin icazəsi olmadan MMC yaratmışdırlar və müvafiq sənəddə onun imzası olmamışdır. Kommunal xidmətlərə görə ödənişi Etibar adlı şəxsə ödəyirdi. Ödəniş ayda 42 manat idi, sonra isə 44 manat olmuşdu. Həmçinin qeyd edir ki, yeni yaradılan MMC-in onunla müqaviləsi yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2015-ci ildən qeyd edilən ünvanda yaşayır və həmin müddətdən kommunal xərclər tələb olunub. 2015-ci ildən 2018ci ilədək ödənişləri etmişdir. Mənzilə dair çıxarışı hələ ki, yoxdur. 2025-ci ilin fevralında kommunal ödənişi anası etmişdir, onun bundan xəbəri olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: "xxxx" MMM ("Podratçı") ilə Cavabdeh ("Sifarişçi") arasında bağlanmış 17 nömrəli, xx.xx.2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən, "Sifarişçi" bu müqaviləni əsas tutaraq sifariş edir, "Podratçı" Bakı şəhəri Yasamal r-nu, H.Zərdabi pr. 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 7-ci mərtəbədə, 4 otaqlı 6 №-li mənzilin tikintisini öz öhdəsinə götürür. Müqavilənin Mənzilin hesablaşma sahəsi 140,7 m², mənzilin dəyəri ilkin olaraq tam ödənildikdə 112.560 (bir yüz on iki min beş yüz altmış) manatdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə imzalanarkən, "Sifarişçi" müqavilənin ümumi dəyərinin 100%-ni, yəni 112.560 (bir yüz on iki min beş yüz altmış) manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Mənzil Tikinti Kooperativi (“Mülkiyyətçi”) ilə X7 (“İdarə edən”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən, "Mülkiyyətçi" inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq "İdarə edən"ə verməyi, "İdarə edən" edən isə öz növbəsində "Mülkiyyətçi"nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin təsis yığıncağının xx.xx.2023-cü il və ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarları və digər sənədlər əsasında xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X7 ("Mülkiyyətçi") ilə İddiaçı ("İdarə edən") arasında bağlanmış Y-71-003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli X11 müqaviləyə əsasən, "Mülkiyyətçi" müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq "İdarə edən"ə güzəşt edir, "İdarə edən" isə güzəşti qəbul etməsinə razılığını bildirir. "İdarə edən" edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə, ünvan 4 ünvanında qeydiyyatda olan X7 arasında bağlanmış "çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı "Əmlak"- ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, "İdarə edən” idarəçiliyə qəbul etdiyi əmlak və onu idarə etmək üçün zəruri olan bütün sənədlər və məlumatları "mülkiyyətçi" dən tələb etmək, idarəçiliyə qəbul etdiyi əmlak üzrə mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi olan şəxslərdən kommunal xidmətlərə görə yaranmış borcların tam həcmdə ödənilməsini tələb etmək, idarəçiliyə qəbul etdiyi əmlak üzrə kommunal xidmətlərə görə borcu olan şəxslərin siyahısını tələb etmək, hazırkı müqavilə ilə müəyyən edilmiş məsələlərin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malikdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, "İdarə edən" idarəçiliyə verilən əmlakı üzrə əldə etdiyi tələblər və hüquqlar çərçivəsində zəruri olan bütün sənədlər və məlumatları "Mülkiyyətçi"dən təhvil almaq, idarə etdiyi əmlakda mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi il olan şəxslərdən kommunal xidmətlərə görə 2024-cü ilin 01 yanvar tarixinədək yaranmış borcun tam həcmdə ödənilməsini təmin etmək, hazırkı müqavilə ilə müəyyən edilmiş məsələlərin həlli ilə müəyyən edilmiş digər hüquqlara malikdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş X2 X5 görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı təsis yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən, gündəlikdə duran məsələlər müzakirə edilərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır. "xxxx" MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli kommunal borc bildirişindən görünür ki, ondan kommunal xidmətlərə görə yaranmış 1616,79 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. "xxxx" MMMC tərəfindən verilmiş ********* saylı xx.xx.2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X4 tərəfindən 2025-ci ilin yanvar ayı daxil olmaqla 1361,11 manat borcdan 98 manat ödənilmiş, 1263,11 manat kommunal borc qalmışdır. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 598 saylı mənzil Cavabdeh məxsusdur və cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun olaraq həmin mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi ilə bağlı mütləq ödənişlərin yığılması, çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya, texniki vəziyyətinin təmin edilməsi və cəmiyyətin nizamnaməsində qeyd edilən digər xidmətlərin göstərilməsi İddiaçı tərəfindən həyata keçirilir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 598 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 oktyabr 2025-ci il tarixinə kimi ümumilikdə 1.616,79 (bir min altı yüz on altı manat yetmiş doqquz qəpik) manat məbləğində borcu vardır. Borcun yaranması əsası kimi qeyd olunmuşdur ki, sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 (otuz qəpik) manat, aylıq ödəniş 140,7 x 0.30 = 42,21 manat, mənzilin sahəsi: 140,7 kvadrat metr, damafon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat, 1238,38 manat-X11 Müqaviləyə 1 saylı əlavə, 69-cu sıra, 28 ay üzrə, İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixədək- 378,41 manat, ümumi borcun məbləği isə 1238,38 + 378,41 = 1616,79 manat təşkil edir. Sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən, Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən, Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; 38.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; 43.1-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; 43.2.4-cü maddəsinə əsasən Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; 109.5-ci maddəsinə əsasən Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; 119.1-ci maddəsinə əsasən Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 120.5-ci maddəsinə əsasən Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3-cü maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.7-ci maddəsinə əsasən Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir 140.1-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən, Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən, Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3-ci maddəsinə əsasən, Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 194.1-ci maddəsinə əsasən, Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 198.2-ci maddəsinə əsasən, Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.” Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi (“Mülkiyyətçi”) ilə X7 (“İdarə edən”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən, "Mülkiyyətçi" inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq "İdarə edən"ə verməyi, "İdarə edən" edən isə öz növbəsində "Mülkiyyətçi"nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin təsis yığıncağının xx.xx.2023-cü il və ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarları və digər sənədlər əsasında xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra X7 ("Mülkiyyətçi") ilə İddiaçı ("İdarə edən") arasında bağlanmış Y-71-003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli X11 müqaviləyə əsasən, "Mülkiyyətçi" müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq "İdarə edən"ə güzəşt etmişdir. İddiaçı təsis yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün kommunal xərci 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilmiş, bina sakinləri öz imzaları ilə bunu təsdiq etmişdirlər. MTK tərəfindən bina sakinlərinə kommunal xidmətlərinin göstərilməsinə baxmayaraq, bəzi sakinlər tərəfindən ödənişlə bağlı gecikdirmələr yaranmışdır. Mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. (38.1 və 38.2) AR X6 93-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Hazırki iş üzrə cavabdehin-çoxmənzilli binanın sahə mülkiyyətçisinin əməlləri məhkəmə tərəfindən mənzil qanunverciliyinin pozulması kimi qimətləndirilir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 598 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 oktyabr 2025-ci il tarixinə kimi ümumilikdə 1.616,79 (bir min altı yüz on altı manat yetmiş doqquz qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazının əsasını ümumi yığıncağın keçirilməsi qaydalarının pozulması, qərarların qanunsuz olması, iddiaçı ilə MMMC arasında müqavilənin olmaması təşkil etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi təşkil edir, ümumi yığıncağın qərarları hazırkı iş üzrə araşdırmanın predmeti ola bilməz. Cavabdehə izah olunur ki, onun qeyd olunan qərarları mübahisələndirmək və bununla bağlı məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququ vardır. Müqavilənin olmaması ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsin MMMC ilə bağlanmış müqaviləsinin olmaması, yaxud sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması belə onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir, mənzil qanunvericiliyinə əsasən bu xərclər ümumi yğınıcağın qərarı ilə müəyyən edilir və sahə mülkiyyətçisi tərəfindən ödənilməlidir. İddia tələbi üzrə tutulmalı olan kommunal xərcin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, xidmət haqqının 0,3 manat müəyyən olunması və cavabdehin mənzilinin sahəsinin 140,7 kv.m olması nəzərə alınmaqla aylıq xidmət haqqının məbləği 42,21 manat təşkil edir. Məhkəmə hesab edir ki, tələb yalnız 01 yanvar 2024-cü il tarixdən 22 oktyabr 2025-ci il tarixədək ödənilməli borcun tutulması hissəsində əsaslıdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 98 manat kommunal xidmət haqqı ödənilmişdir. Buna görə də həmin məbləğ hesablanmış borcun məbləğindən çıxılmalıdır. Belə olan olan halda məhkəmə hesab edir ki, 01 yanvar 2024-cü il tarixdən 22 oktyabr 2025-ci il tarixədək cavabdeh tərəfindən ödənilməmiş 830,62 manat (22 ay x 42,21 = 928,62, 928,62 – 98 = 830,62 manat) məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə kifayət qədər əsaslandırılmadığından və sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 830,62 (səkkiz yüz otuz manat altmış iki qəpik) manat məbləğində kommunal xidmətə görə yaranmış borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı MMMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar