Məhkəmə qərarları › İş №2(004)-6152/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6152/2025

04.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6152/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abunə kodu **********30076) əsassız olaraq yazılmış 789 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Hazırda yaşadığı mənzil üzrə "xxxx" ASCdə qeydiyyatda olan **********30076 nömrəli abonent kodu mərhum babası X1 adına rəsmiləşdirilmişdir. İddiaçı məlumat üçün qeyd edir ki, babası X2 29 aprel 2017-ci il tarixində, atası X3 isə 19 mart 2025-ci il tarixində vəfat etmişdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzrə elektrik enerjisi ilə təminat məqsədilə babası X2 ilə cavabdeh təşkilat arasında müqavilə bağlanmış və nəticədə abonent kimi onun adına sayğac quraşdırılmışdır. Təxminən 2024-cü ilin dekabr ayınınn ortalarında cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilərək, guya sayğaca kənar müdaxilə edildiyi iddiası ilə 789 (yeddi yüz səksən doqquz) manat məbləğində cərimə hesablanmışdır. İddiaçı bu barədə bildirir ki, tərəflərindən sayğaca heç bir müdaxilə edilməmiş, sayğac tam normal qaydada istismar olunmuşdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş akt və tətbiq edilmiş cərimə əsassız xarakter daşıyır, hər hansı obyektiv sübut və hüquqi əsaslarla təsdiqlənmir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən tətbiq edilən cərimə məbləği qanunsuz və əsassız olduğundan, onun ləğv edilməsi və borcun silinməsi zərurəti yaranmışdır. Bu məqsədlə cavabdeh quruma şifahi müraciət edilmiş, lakin məsələ həll edilmədiyi üçün bizə məhkəmə qaydasında müraciət etməyin zəruri olduğu bildirilmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən tətbiq olunmuş əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, sayğac blokda, yəni mənzildən çöldə yerləşir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, NİM 010201 nömrəli Aktında qeyd edilmişdir ki, abonent kodu **********30076 olan Hüsü İsmayılova məxsus ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbdən görünür ki, Hüsü İsmayılova məxsus ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. İşıq sayğacından kənar xətdən istifadə nəticəsində dəyən zərər 73.92 manat, 41.58 manat və 675.87 manat olmaqla, cəmi 791.37 manat məbləğində müəyyən edilmişdir. Kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş abonent kodu **********30076 olan Hüsü İsmayılovun adına olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə işıq sayğacından kənar xətdən istifadə üzrə xx.xx.2024-cü il tarixdə 73.92 manat, 41.58 manat və 675.87 manat olmaqla, cəmi 791.37 manat məbləğində borc müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında Laçın rayonu məcburi köçkünü kimi məskunlaşmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə abonent kodu **********30076 olan Hüsü İsmayılova məxsus ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olmuşdur. İşıq sayğacından kənar xətdən istifadə nəticəsində dəyən zərər 791.37 manat məbləğində müəyyən edilmişdir. Kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. Bununla bağlı Azərişıq” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə, NİM 010201 nömrəli Akt tərtib olunmuşdur. Lakin həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamış, həmçinin həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktın doğruluğuna şübhə yaradır. Həmçinin, abonentin saldosundan göründüyü kimi cavabdeh tərəfindən iddiaçının ünvanı üzrə işıq sayğacına xx.xx.2024-cü il tarixdə 73.92 manat, 41.58 manat və 675.87 manat olmaqla, cəmi 791.37 manat məbləğində borc müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, eyni tarixdə 3 dəfə ayrı-ayrılıqda abonent saldosunda göstərilmiş məbləğdə borcun müəyyən edilməsi ağlabatan deyildir. Belə ki, abonent saldosundan görünür ki, həmin tarixdə hesablanmış borc digər tarixlərdə hesablanmış borcdan qat-qat yüksəkdir. Bununla da məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixinə hesablanmış borc elektrik enerjisi sərfiyyatına mütənasib olaraq hesablanmamışdır. Eləcə də cavabdeh məhkəməyə işıq sayğacından kənar xətt çəkilməsinin məhz iddiaçının hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi barədə heç bir sənəd təqdim etməmiş, mövqeyini hər hansı bir sübutla əsaslandırmamış, mülahizə əsasında qurmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işıq sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, ünvan 1 ünvanında quraşdırılmış işıq sayğacı İddiaçı məxsus mənzilin daxilində deyil, xaricində quraşdırıldığından işıq sayğacına hər hansı bir müdaxilənin məhz həmin sayğacın məxsus olduğu şəxs tərəfindən edilməsini demək əksini göstərəcək fakt olmadığı təqdirdə mümkün deyildir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilmişdir ki, iddiaçının işıq sayğacı blokda, mənzildən çöldə yerləşir. Belə olduğu halda, məhkəmə hesab edir ki, işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən və tələb edilən borc enerjisi sərfiyyatına mütənasib olaraq hesablanmadığından cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin əsassız hesablanmış borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, akta əsasən 791.37 manat borcun hesablanmasına baxmayaraq, iddiaçı iddia tələbində 789 manat borcun silinməsini tələb etdiyindən, məhkəmə iddia tələbi həcmindən kənara çıxmır və hesab edir ki, İddiaçı hesablanmış 789 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 789 (yeddi yüz səksən doqquz) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu:**********30076) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 789 (yeddi yüz səksən doqquz) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu:**********30076) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar