Məhkəmə qərarları › İş №2(004)-6174/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6174/2021

29.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6174/2021 29.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 may 1973-cü il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və həmin şəxsin üzərində onun qəyyum olaraq təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 09 may 1973-cü il təvəllüdlü qardaşı X5 uşağlıqdarı hal-hazırdək psixi xəstəlikdən əziyyət çəkir. Onun əmək qabiliyyəti yoxdur və ona ömürlük İİ qrup əlillik verilmişdir. O, bu səbəbdən hərbi xidmətə yararsız hesab edilmişdir. Uşaqlıqdan atası X1 himayəsində olmuşdur. Mərhum atası 04.09.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum anası isə hələ 2004-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda qardaşı onun himayəsindədir və onun yanında yaşayır. O, öz hərəkətlərinin mənasını anlamır, əməllərini dərk etmir, onları idarə edə bilmir və hərəkətlərinin hansı nəticə verəcəyini öncədən bilmir. Onun sosial təminat sahəsində və vərəsəlik hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər yaranır. Belə ki, o, öz hərəkətlərinin mənasını anlamır. Yuxarıda qeyd etdiyi səbələrdən bu cür məsələlərdə mütəmadi olaraq maneələrlə qarşılaşır. Qardaşının ondan başqa heç kimi yoxdur və gələcəkdə sosial təminat sahəsində hüquqlarının müdafiəsi üçün qəyyumu kimi şəxsən özüm iştirak etmək istəyir. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qardaşı 09 may 1973-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 15116033 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 09.05.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 01.11.2021-ci il tarixli, 2553 saylı rəyindən görünür ki, X4 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, 3 saylı Şəhər Poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsi, İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, əhavli- ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışı üzərində nəzarətinin zəifləməsi, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinirki ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 09.05.1973-cü il təvəllüdlü X3 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.05.1973-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar