Məhkəmə qərarları › İş №2(004)-6175/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6175/2021

18.10.2021 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6175/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı1, Cavabdeh1 QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Torağay oğlu, İddiaçı4 və İddiaçı3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Tərtər rayon İcra şöbəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Torağay oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 QSC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələri haqqında 18.12.2013-cü il tarixli, Y-389 saylı yekun protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin və onların doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 QSC 18.10.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək mülki iş üzrə iddia müddətinin tətbiq olunması və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək bildirir ki, Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi əsasında 9147,54 manat bankın xeyrinə tutulması qət edilmişdir. Bankın çıxarışına əsasən 5000 manatdan çox ödəniş etmişdir, qalıq borcu isə ödəyə bilmir. Çünki bank sistemində ödəmə ilə bağlı məlumat görünmür. Qalan borcu hissə-hissə ödəmək istəyir. Bankdan isə bildirilir ki, borc bütöv şəkildə ödənilməlidir. Anlaşılmazlığın aradan qaldırılmasını istəyir. Əlavə olaraq bildirir ki, hərracın keçirilməsi barədə ünvanına rəsmi bildiriş göndərilmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X5 izahat verərək bildirir ki, hərracın keçirilməsi ilə bağlı tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Hazırki iddia tələbinin qaldırılmasında məqsəd icra sənədi üzrə icraatın uzadılmasından ibarətdir. Belə ki, iddia tamamilə əsassız olmaqla yanaşı, eyni zamanda qanunvericinin müəyyən etdiyini iddia müddəti də ötürülmüşdür. İddianın təmin edilməməsini xahiş edir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Tərtər Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli 2(061)-496/2011 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X4 ilə Cavabdeh1 QSC arasında bağlanmış 06 fevral 2009-cu il tarixli kredit xətt müqaviləsinə xitam verilməsi, X1 7894.76 manat əsas, 853,76 manat faiz, 14399 manat cərimə borcunun, cəmi 23147,54 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı ‘’AccessBank” QSC-nin hesabına ödənilməsi, cavabdeh X2 mülkiyyətində olan Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən 0,30 hektar torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 87,5 m2 yaşayış və 75,2 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan həmin evin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdehlərin ’AccessBank” QSC-yə kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, peniyanın, vurulmuş ziyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə cavabdehlərə verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2780/2016 saylı, 02.12.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv edilmiş, İddiaçı1 399 (üç yüz doxsan doqquz) manat məbləğində cərimə, cəmi 9147,54 manat Cavabdeh1 QSC-nin xeyrinə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 18.12.2013-cü il tarixli, Y-389 nömrəli protokolunun surətinə əsasən İddiaçı1 mülkiyyətində olan Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən fərdi yaşayış evi açıq hərracda 17213 manata Cavabdeh1 ASC-yə satılmışdır. İşin halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı keçirilən hərracın etibarsız hesab olunmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilə bilməz. Belə ki, iddiaçı hərracın nəticələri olan protokolun etibarsızlığını 7 ildən çox müddət keçdikdən sonra mübahisələndirməklə müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı etiraf edir ki, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi yeri və vaxtı barədə onun ünvanına rəsmi qaydada bildiriş göndərilmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Torağay oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələri haqqında 18.12.2013-cü il tarixli, Y-389 saylı yekun protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin və onların doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Torağay oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələri haqqında 18.12.2013-cü il tarixli, Y-389 saylı yekun protokolun, hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilənin və onların doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar