Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-619/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək İddiaçı MMC ilə bağlanmış 03 fevral 2020-ci il tarixli MAS-2085 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 may 2020-ci il tarixə 398,81 manat əsas, 368,49 manat mükafat və həmin tarixə hesablanmış 19,01 manat dəbbə pulu, 5730 manat dəymiş zərər, ümumilikdə 6516,31 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh sifarişi ilə “Khazar SD” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 13300 manat məbləğə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən cavabdeh illik 17 faizlə 48 ay müddətinə 18421 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. 03 may 2020-ci il tarixdə cavabdehin törətdiyi yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Qüsur aktına əsasən dəymiz ziyan 5730 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunmasına, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh borcunun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Lizinq cədvəlinə əsasən ödəniş müəyyən olunmuş gündə edilmədikdə gündəlik 0,3 faiz cərimə hesablanır. Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, təmirlə bağlı bütün xərcləri ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bütün müddət ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla isifadə etdikdə, lizinq obyektini, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş AD N 761517 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC tərəfindən verilmiş etibarnamələrdən görünür ki, Cavabdeh verilmiş sonuncu etibarnamənin müddəti 03.04.2020-ci il tarixədək etibarlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ümumi dəyəri 13300 manat olan avtomobil cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh isə müqaviləyə 3 saylı əlavədə göstərilmiş ödəniş cədvəlinə uyğun ödənişlər etməyi öhdəsinə götürmüş, lakin buna əməl etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 398,81 manat əsas, 368,49 manat mükafat və 19,01 manat dəbbə pulu hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə maddi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 03 may 2020-ci il tarixli AP ******* nömrəli protokolun surətinə əsasən eyni tarixdə Cavabdeh “Khazar SD” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müvafiq hərəkət sürəti seçmədiyindən dönərkən idarəetməni itirmiş, yolun orta hissəsində daş səkiyə dəymişdir. Beləliklə məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Khazar SD” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində hazırki iş üzrə Cavabdeh təqsirli olması iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin İnzibati xəta haqqında protokolu ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı maddi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, dəymiş maddi zərərin məbləği 5730 manat məbləğində təmin oluna bilməz. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2021-ci il tarixli 9/2619 nömrəli rəyi ilə İddiaçı MMC-nin 08.05.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5546 manat təşkil edir. Göstərilənləri və ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia maddi zərərin ödənilməsi hissəsində qismən təmin olunaraq Cavabdeh iddiaçının xeyrinə 5546 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia lizinq müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC-nin iddiasının qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 29 manat hissəsi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC-yə məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün keçirilmiş ekspertizanın dəyəri, yəni 100 manat ekspertiza xərcinin 03 manat hissəsi İddiaçı MMC-yə, 97 manat hissəsi isə Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2020-ci il tarixli MAS-2085 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 398,81 manat əsas, 368,49 manat mükafat və 19,01 manat dəbbə pulu, 5546 manat dəymiş zərər, ümumilikdə 6332,31 (altı min üç yüz otuz iki manat otuz bir qəpik) manat borc və ödənilmiş 29 (iyirmi doqquz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 03 (üç) manat hissəsi İddiaçı MMC-dən, 97 (doxsan yeddi) manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Sfift Bik CTREAZ22; Mərkəzin VÖEN-i **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-619/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-619/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver