Məhkəmə qərarları › İş №2(004)-6367/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6367/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6367/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 1320 manat ödənilməmiş hissə, 396 manat dəbbə, 20.09.2019-cu il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 623 manat ödənilməmiş hissə, 187 manat dəbbə, 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39390 olan Samsung Galaxy A30s markalı telefon üçün 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə, ümumilikdə 3254 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanmış 28.08.2019-cu il, 20.09.2019-cu il və 25.10.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED TV, LG LED TV və İMEİ kodu **********39390 olan Samsung Galaxy A30s markalı telefon almış və nəticədə 3254 manat borc yaranmışdır. Borcverən 28.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1584 manat olan Samsung LED TV-ni ilkin ödənişsiz, 18 ay müddətinə aylıq 88 manat; 20.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 972 manat olan LG LED TV-ni 270 manat ilkin ödəniş ilə, 18 ay müddətinə aylıq 39 manat; 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 606 manat olan İMEİ kodu **********39390 olan Samsung Galaxy A30s markalı telefonu 6 manat ilkin ödəniş ilə, 15 ay müddətinə aylıq 40 manat ödənilməsi şərtilə cavabdehə vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə 3254 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 659 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh, "xxxx" MMC ilə 28.08.2019-cu il, 20.09.2019-cu il və 25.10.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED TV, LG LED TV, İMEİ kodu **********39390 olan Samsung Galaxy A30s markalı telefon almış və nəticədə onun 3254 manat borcu yaranmışdır. İş materiallarında olan 07.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.08.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 1320 manat ödənilməmiş hissə, 396 manat dəbbə, ümumilikdə 1716 manat borcu, 20.09.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 623 manat ödənilməmiş hissə, 187 manat dəbbə, ümumilikdə 810 manat borcu, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə, ümumilikdə 728 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 28.08.2019-cu il tarixli müqavilə üzrə 1320 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 1350 manat borc, 20.09.2019-cu il tarixli müqavilə üzrə 623 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 643 manat borc, 25.10.2019-cu il tarixli müqavilə üzrə 560 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 570 manat borc tutularaq iddiaçı”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 28.08.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 396 manat məbləğində deyil 30 manat məbləğində, 20.09.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 187 manat məbləğində deyil 20 manat məbləğində, 25.10.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 168 manat məbləğində deyil 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 28.08.2019-cu il tarixli müqavilə üzrə 1320 (bir min üç yüz iyirmi) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, 20.09.2019-cu il tarixli müqavilə üzrə 623 (altı yüz iyirmi üç) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 25.10.2019-cu il tarixli müqavilə üzrə 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 2563 (iki min beş yüz altmış üç) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar