Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-642/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi İddiaçı Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildə yaşayışdan qabaq artıq yazılan borcun tam silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci Binəqədi rayonunda yerləşən Məkan MTK-dan 438 nömrəli 146 kv/m 3 otaq mənzil aldı. 2019-cu ildə təmir elətdirməyə başlamışdır. Təmir müddətində qapıda Azərsunun bildirişini görmüşdür. Bildirişdə 687 (altı yüz səksən yeddi) manat borc yazılmışdır. Borcun hardan əmələ gəlməsini nəzarətçidən soruşmuş, ona bildirilmişdir ki, idarədən maraqlansın. Dəfələrlə Binəqədi rayon Su İdarəsinə getmiş, Su Kanal İdarəsinin rəisi və dəfələrlə satış rəisi ilə görüşməyinə baxmayaraq heç bir borc silinməsinə səlahiyyətlərinin olmadıqlarını demişlər. "xxxx" ASC və "xxxx" QSC-dən invoysları təqdim etmişdir ki, o, bu mənzildə 2019-cu ilin mart ayından yaşayır və bu tarixdən qabaq borclar havadan yazılıb. Sənədləri təqdim etməsinə baxmayaraq borc silinməmişdir. Mənzili alan zaman mənzildə su sayğacının göstəricisi 000000 olub. Təmir və yaşayandan sonra sayğac yazmağa başlayıb. Hər ay qapısına 690-710-715 manat borcu olması haqqında bildiriş gəlirmiş. O, isə sayğacın yazdığını ödəyib 687 (altı yüz səksən yeddi) manatı ödəmirmiş. Nəhayət ki, 2023-cü ildə Binəqədi Su kanal İdarəsi borcun silinməsi haqqında Azərsu Baş İdarəsinə onun sənədlərini göndərmişdir. Azərsudan İddiaçı Mehriban xanım kimi özünü təqdim edən xanım zəng edib bildirmiş ki, iddiaçının sənədlərini onlara göndəriblər, yalnız İddiaçı 350 (üç yüz əlli) manat pul ödəməlidir. İddiaçı soruşmuşdur ki, niyə 350 (üç yüz əlli) manat artıq yazılan 687 (altı yüz səksən yeddi) manat olub, ona deyilmişdir ki, onlar Azərsu olaraq borcun yarısından çoxunu silmirlər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Binəqədi rayonu Mir Cəlal küçəsi, ev 72, mənzil 438-də, xx.xx.2020-ci ilə qədər yaranan Azərsu tərəfindən yazılan 687 (altı yüz səksən yeddi) manat borcun tam silinməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2019-cu ildə Cavabdeh ASC tərəfindən onun mənzilinə yazılmış artıq 350 (üç yüz əlli manat) borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini və məhkəmədən iddianın təmin olunmamasını xahiş etdiyini bildirdi. Məhkəmə işdə tərəflərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kartının (Abonent kodu: **********380) surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanı üzrə su sərfiyyatı xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün su sərfiyyatı 412 m3 , xidmətin dəyəri 299,58 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün su sərfiyyatı 158 m3 , xidmətin dəyəri 158 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün su sərfiyyatı 2 m3 , xidmətin dəyəri 2 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün su sərfiyyatı 47 m3 , xidmətin dəyəri 32,90 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün su sərfiyyatı 6 m3 , xidmətin dəyəri 4,2 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün su sərfiyyatı 13 m3 , xidmətin dəyəri 9,10 olaraq göstərilmişdir. 2024-cü il tarixə yekun borc 430 manat məbləğində təşkil edir. “Azemis” Elekron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev-72 ünvanında yerləşən 438 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “X3”nın 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “X3”nın 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 İddiaçı mülkiyyətindədir.Həmin mənzilə dair MTK ilə Cavabdeh ASC arasında xx.xx.2009-cu il tarixdə su və çirkab sularının xidməti üzrə müqavilə bağlanmışdır. Cavabdeh ASC tərəfindən 2023-cü ilin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əsassız olaraq iki dəfə, yəni 299,58 manat və 158 manat olmaqla, borc hesablanmışdır. Cavabdehin nümayəndəsi həmin borc məbləğinin əsası ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Hazırda həmin ünvan üzrə 2024-cü il tarixə yekun borc 430 manat məbləğində təşkil edir. İddiaçı məhkəməyə müraciət edərək, "Azərsu“ ASC tərəfindən əsassız olaraq hesablanmış 350 manat məbləğində borcun silinməsini tələb edir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 72, mənzil 438 (Abonent kodu: **********380) ünvanına əsassız hesablanmış 350 (üç yüz əlli) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 72, mənzil 438 (Abonent kodu: **********380) ünvanına əsassız hesablanmış 350 (üç yüz əlli) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-642/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-642/2024
27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver