Məhkəmə qərarları › İş №2(004)-643/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-643/2024

18.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-643/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 19 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən “A” tikilidə olan yaşayış 28.12 kvm-dən ibarət mülkiyyətinin Bakı şəhəri 19 saylı notariat kontorunda 4Ə-42 reyestr nömrəli, Cavabdeh ilə bağlanmış 03 oktyabr 2011-ci il tarixli müqaviləsini etibarsız sayıb, ləğv edilməsinə dair və onun əsasında verilmiş çıxarışın etibarsız olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan, iddiaçının yaşadığı mənzil iddiaçı və onun mərhum həyat yoldaşı X1 məxsus olmuşdur. Bundan sonra iddiaçının səhhətində ciddi problemlər yaranmış, övladları ayrı yaşadığından özünü və yaşadığı evi idarə etməkdə çətinlik çəkdiyi üçün evin vərəsəlik paylarını müəyyən edərkən özünə və evin saxlanmasına, təmirinə, ödənişlərə kömək etməsi fikri ilə iddiaçı öz payına düşən hissədən oğlu Mehman üçün imtina etmiş, 2003-cü ildə evin ona çatan payını oğlu Məmmədov Mehmana bağışlamışdır. Qısa müddət sonra oğlu Mehmanın səhhətində problemlər yaranmış, ağır xəstəlikdən vəfat etmişdir. Vəfat etmədən öncə, Mehman bağışlama müqaviləsini pozaraq evi anasına qaytarmışdır. İddiaçının da səhhətində problemlər olduğundan həmin əvvəlki şərtlər üzrə oğlu Hidayət evi onun adına keçirməyi təklif etmiş, iddiaçı onunla razılaşaraq xx.xx.2011-ci il tarixdə evi bağışlama müqaviləsi əsasında, Cavabdeh adına keçirmişdir. İddiaçı qeyd edir ki, hazırda yaşadığı ünvanda iki mülkiyyət payı var, biri qızı X2 tikili “B” və tikili “A” Cavabdeh, yaşayış sahəsi 28.12 kvm təşkil edir. Bundan sonra ilk bir neçə il ərzində Cavabdeh ona kömək edirmiş kimi davranmış, ancaq evə və evin saxlanılmasına dair heç bir hərəkət etməmiş, sonradan müxtəlif bəhanələrlə köməyi tamamlilə kəsmiş, bu zamanlarda ona qızı İskəndərova Sevda kömək etmişdir. İddiaçı bir müddət sonra insult keçirmiş, iflic olmuş, dəfələrlə özünə və evə dair oğlu Hidayətdən köməklik göstərməsini istəmiş, lakin ona maddi-mənəvi heç bir yardım göstərilməmişdir. Cavabdehin və onun ailə üzvlərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçının keçirdiyi sarsıntı xəstəliyini daha da ağırlaşdırmış, ona dəfələrə müraciət etməsinə baxmayaraq nəticəsiz qalmışdır. İddiaçı evi yararlı vəziyyətə gətirmək üçün dafələrlə oğlu Cavabdeh müraciət etmiş, lakin oğlu qəbul etməmiş, hətta onu təhqir edərək onu evə buraxmayacağını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin mahiyyətinə uyğun izahat vermiş, 03 oktyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, anası X5 lazımi kömək və dəstək etmişdir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı onun ögey anası, cavabdeh isə ögey qardaşıdır. Cavabdehlə aralarında düşmənçilik münasibətləri yoxdur. Bağışlamanı bu yaxınlarda öyrənmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Anası ilə qardaşı arasında ev məsələsinə görə mübahisə var. Anası deyir ki, Hidayət ona baxmır. Anası hal-hazırda bacısı - Şahid2 yanındadır, 3-4 aydır ki, anasına bacısı baxır. Cavabdeh söz vermişdi ki, o, iddiaçıya baxacaq, bu məqsədlə də iddiaçı evi cavabdehə bağışlayıb. Mübahisə predmeti olan evdə 2 ay əvvəl olmuşdu, ev pis vəziyyətdə idi, həmin evdə yaşamaq mümkün deyil, bu səbəblə də bacısı iddiaçını oradan aparıb. İddiaçı 3-4 ay əvvəl mübahisə predmeti olan evdə tək yaşayırdı. Anasına Sevdadan başqa baxan olduğunu görməyibdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı doğma anası, cavabdeh isə doğma qardaşıdır. Cavabdehlə aralarında düşmənçilik yoxdur. Lakin cavabdeh, anasına baxdığına görə onunla mübahisə edir. Cavabdeh 2011-ci ildə anama demişdi ki, evi onun adına keçirsin, o anasına baxacaq. Anasının yaşadığı ev pis vəziyyətdədir. Anasının bütün bazar ərzaqlarını, dərmanlarını o alır, həkimləri ilə o maraqlanır. Cavabdeh analarına evdə əziyyət edib. 2023-cü ilin aprel ayından anasına o baxır. Verilən suallara cavab olaraq bildirmişdir ki, anasının evi cavabdehə bağışlamasına etiraz etməmişdir, elə bilirdi ki, cavabdeh anasına baxacaq. Anası mübahisə predmeti olan evdə tək qalırdı, ev pis vəziyyətdə idi. Hal-hazırda anası onun yanındadır. Anası xx.xx.2023-cü il tarixdə insult keçirib. Atası rəhmətə gedəndə o, evi qardaşları Mehman üçün vəsiyyət etmişdi. O, evin qardaşı Mehmanın adına keçməsinə etiraz etmənişdir. Sonra qardaşının başına hadisə gəldi və ev girov qoyula bilər deyə qardaşı evi anasının adına keçirmişdi. Evə ehtiyacı olmadığına görə evin Mehmanın adına keçməsinə qol çəkmişdi. Evi cavabdehdən anası tələb edir, onun evə marağı olmayıb. Cavabdeh anasına əziyyət edib, mübahisə predmeti olan evə heç nə etməyib, kommunal ödənişləri də onlar ödəmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, iddiaçı onun ögey anası, cavabdeh isə ögey qardaşıdır. Doğma anası kimi iddiaçını görmüşdür. 1981-ci ildən mübahisə predmeti olan evdə yaşamışdır. Cavabdehlə düşmənçilik münasibətlərim yoxdur, cavabdeh iddiaçıya əziyyət edib. O özü də iddiaçıya baxmamışdır. Anası evi bağışlayanda onun xəbəri olmamışdır. Anası evi cavabdehə ona baxsın deyə bağışlayıb, cavabdeh isə iddiaçıya baxmayıb. Anasına bacısı Sevda baxıb, qulluq edib. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, iddiaçı onun qayınanasıdır. İddiaçının oğlu Mehmanla evli olmuşdur, yoldaşı rəhmətə gedib. Qayınatası mübahisə predmeti olan evi həyat yoldaşı Mehmana vəsiyyət etmişdi. Sonra Mehman həmin evi iddiaçının adına keçirmişdi. Daha sonra eşitmişdi ki, iddiaçı evi cavabdehə bağışlayıb. İddiaçı keçən il insult keçirmişdi, cavabdeh onu özü ilə evlərinə aparmışdı. İddiaçı cavabdehlə birlikdə qala bilməmişdir. İddiaçı deyirdi ki, cavabdeh ona soyuq münasibət göstərir, narahatdır. Mübahisə predmeti olan ev çox şəraitsiz idi. Həmin evdə yaşamışdır. İddiaçının evi cavabdehə nə vaxt bağışladığını dəqiq bilmir, başqalarından eşitmişdir. İddiaçı insult keçirməmişdən əvvəl deyirdi ki, evi cavabdehə halal etmir. İddiaçı evi cavabdehə ona baxsın deyə bağışlamışdı. Belə ki iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal Rayon Məhkəməsinə ünvanlandığı 26 yanvar 2024-cü il tarixli 61 nömrəli cavab məktubuna əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2011-ci il tarixdə 4Ə-383 reyestrli bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. Həmiş işlər dövlət notariat arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən təqdim olunmuş 4Ə-383 nömrəli notariat işinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 19 saylı Dövlət Notariat Ofisində İddiaçı və Cavabdeh arasında bağışlama müqaviləsi imzalanmışdır. Müqaviləyə görə bağışlayan İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi dairəsi tərəfindən verilmiş reyestr nömrəsi **********08-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009, seriya nömrəsi MA ******* olan çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, X.Q.Mustafayev küçəsində istifadədə olan 0,02076 ha torpaq sahəsində yerləşən ev 51 ünvanında yerləşən “A” tikilisində yaşayış sahəsi 28.12 kv.m olan iki otaqlı fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci tarixli bağışlanma müqaviləsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X.Q.Mustafayev küçəsində istifadədə olan 0,02076 ha torpaq sahəsində yerləşən ev 51 ünvanında yerləşən “A” tikilisində yaşayış sahəsi 28.12 kv.m olan iki otaqlı fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamış və həmin ev Cavabdeh adına qeydiyyata alınmışdır. Müvafiq mənzil hazırda Cavabdeh mülkiyyətindədir. Hazırda iddiaçı 2011-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində sözügedən müqavilənin şərtlə bağlandığını qeyd etsə də, həmçinin məhkəmə iclasında şahidlərin hər biri ifadələrində həmin əmlakın şərtlə cavabdehə bağışlandığını bildirsələr də, bu hal iş materiallarında olan sənədlərlə təsdiqini tapmamışdır. Belə ki, bağışlanma müqaviləsində daşınmaz əşyanın şərtlə və ya müəyyən öhdəliklərin yerinə yetirilməsindən asılı olaraq bağışlanmasına dair müddəalar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı bağışlama müqaviləsinin bağlanılması zamanı mülki qanunvericilikdə nəzərdə tutulmuş, əqdin etibarsız hesab edilməsinə dəlalət edən hər hansı bir halın mövcud olmasını sübuta yetirə bilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 19 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 19 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim : Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar