Məhkəmə qərarları › İş №2(004)-6440/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6440/2021

01.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6440/2021 01.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında “X5 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış müqavilələrin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4792/17 saylı, 05.07.2017 tarixli qətnaməsi ilə Cavabdeh2 14303,42 ABŞ dollarının iddiaçı "xxxx" ASC-nin xeyrinə, 4546 ABŞ dolları isə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Həmin qətnamə əsasında Qaradağ Rayon İcra şöbəsinə verilmiş icra vərəqəsində "xxxx" ASC tələbkar qismində qeyd edilsə də, sonradan məlum olmuşdur ki, onun tələbkar kimi adı icra vərəqəsində göstərilməmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş, qətnamə onunla bağlı hissədə 27.05.2021-ci il tarixdə yenidən icraya yönəldilmişdir. İcra məmuru tərəfindən 10.06.2021-ci il tarixdə “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilmiş və eyni tarixdə “Daşmar əmlak üzərinə həbs qoyulması haqqında” Qaradağ Rayon Məhkəməsinə təqdimat verilmişdir.Qaradağ Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 8(002)-111/2021 saylı qərardadı ilə təqdimat təmin olunmuş və borcluya məxsus “X5 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu şikayəti versə də, təmin olunmamışdır. Eyni zamanda icra məmuru borclunun axtarılması barədə 06.07.2021-ci il tarixdə qərar qəbul etmiş və Bakı Apellyasiya Məhkəməsinə məlumat verməklə həmin qərarı icra olunması üçün Qaradağ Rayon Polis İdarəsinə göndərmişdir. Sözügedən qərarla Qaradağ Rayon Polis İdarəsində borclu Cavabdeh2 barəsində axtarış işi açılmışdır. Borclu yaranmış vəziyyəti öz lehinə çevirmək üçün əvvəlcə banka olan borcunu tam olaraq ödəmiş, ona girovdan azad məktubu və borcun olmamasına dair arayış verilmişdir. Həmin sənədlər əsasında onun əvəzinə zamin kimi tərəfindən ödənilmiş vəsaiti qaytarmaqdan yayınmaq məqsədilə maşını girovdan azad etdirmiş, daha sonra iddianın təmin tədbiri kimi avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən həbs götürülmüşdür. Həmin qərardadın ləğv olunmasından bankın xəbəri olsa da, o, bu barədə məlumatsız olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3-cü şəxslə bağlı hissədə icra vərəqəsi verildikdən sonra müvafiq icra tədbirləri görüldüyü dövrdə, borclunun fürsətdən istifadə edərək avtomobili özgəninkiləşdirilməsi ehtimalı olduğuna görə, icra məmuru tərəfindən 11.06.2021-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq məktub ünvanlanmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin sistemində həbs ola-ola və özü axtarışda olsa da, hansısa yolla 15.07.2021-ci il tarixdə Cavabdeh2 avtomobili öz adında qeydiyyatdan çıxarmış və alqısatqı müqaviləsi əsasında 30.07.2021-ci il tarixdə Cavabdeh1 adına rəsmləşdirmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesinin gedişində Baş Dövlət Yol Polisi idarəsinə sorğu verilmiş və həmin sorğuya məhkəməyə təqdim edilmiş cavab məktubuna əsasən, “X5 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.07.2021-ci il tarixdə ipotekadan azad olunan gün, eyni tarixli alqı-satqı müqaviləsi əsasında **-XC-*** dövlət nömrə nişanı ilə Cavabdeh3 adına keçirilmişdir. 15 gün sonra Cavabdeh3 etibar etdiyi şəxs tərəfindən 31.07.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin avtomobil Cavabdeh1 adına rəsmləşdirilmiş, ona BB113747 saylı şəhadətnamə verilmişdir. Hazırda maşının dövlət nömrə nişanı **-HE-***dur. Bu məlumatlar məhkəmə prosesinin gedişində məlum olduğu üçün iddia tələbinin dəqiqləşdiilməsinə ehtiyac yaranmışdır. Qeyd edilənləri əsas götürərək məhkəmədən Cavabdeh3 cavabdeh kimi cəlb olunması barədə qərardad qəbul edilməsini, cavabdehlər İsayev Əİlxeybər Xanlar oğlu ilə Cavabdeh3 arasında bağlanmış 15.07.2021-ci il tarixli, şəhadətnamə nömrəsi BA103736 olan və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2021-ci il tarixli, şəhadətnamə nömrəsi BB113747 olan “X5 Prado” markalı, buraxılış ili 2012-ci il, ağ mirvari rəngli, Ban nömrəsi JTEBX3FJ30K093800, hazırda **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh2 arasında mövcud olmuş münasibətlər, onların arasında olan borc mübahisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Həmçinin, həmin zaman avtomobilin üzərində həbs olmamışdır. Sonradan avtomobili etibarnamə əsasında avtomobil ticarəti ilə məşğul olan şəxsə satmışdır. O da, həmin avtomobili Cavabdeh1 satmışdır. Onuda qeyd edir ki, o, avtomobili alarkən İddiaçı da, bundan xəbəri olmuş və o da, ona heç bir etiraz etməmiş və aralarında hansısa mübahisə olduğun bildirməmişdir. Belə ki, o avtomobili alarkən avtomobil həmin zaman Emildə olmuş və məhz Emil avtomobili ona göstərmiş, o da, avtomobilə baxdıqdan sonra banka yaxınlaşaraq borcu ödədikdən sonra yenə də, Emil açarları və avtomobili ona təhvil vermişdir. Daha sonra isə onlar BDYPİ-nə yaxınlaşaraq avtomobili sənədləşdirmiş və o zamanda avtomobil üzərində həbs olmamışdır. Onun məqsədi avtomobilə əl gəzdirib satmaq olmuşdur və maşını etibarnamə ilə başqa şəxsə, o isə Aygün xanıma satmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, “X5 Prado” markalı avtomobilin satışı barədə “Turbo.AZ” saytından məlumatı olmuş və 29700 ABŞ dooarı ödəməklə almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlərlə bağlı heç bir məlumatı olmamışdır. Vicdanlı alıcıdır. Qeyd olunanlara əsasən iddia tələbinin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-83/17 saylı, 09.01.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “TuranBank" ASC Cavabdeh2 qarşı iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 12182,85 ABŞ dolları əsas, 2020,57 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 14303,42 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predrneti olan cavabdehə məxsus “X3 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi təmin edilərək, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 16.05.2014-cü il tarixli kredit müqaviləsirıə görə onun əvəzindən banka ödədiyi 4546 ABŞ dollarının cavabdehdən alınaraq ona ödənilməsi, həmin məbləğin cavabdehə məxsus “X3 Prado” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hssabına borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4792/17 saylı, 05.07.2017 tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-83/17 saylı, 09.01.2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə qismən, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Miislü oğlunun iddia tələbinin tutmanın cavabdehə məxsus avtomobilə yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və üçüncü şəxsin iddiası həm hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4792/17 saylı, 05.07.2017 tarixli qətnaməsi əsasında iddiaçı “TuranBank" ASC ilə bağlı hissədə 23.10.2017-ci il tarixdə, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Miislü oğluna dair hissədə isə 27.05.2021-ci il tarixdə icra sənədi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-111/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatı təmin edilərək, borclu Cavabdeh2 adına qeydiyyatda olan “X4 Prado” markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış 06.08.2021-ci il tarixli, 30704-1221 saylı məktubundan görünür ki, 11.06.2021-ci il tarixli 17/65-144833/5 nömrəli məktuba cavab olaraq “X4 Prado” markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə məhdudiyyət qoyularaq, BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydiyyatın aparıldığı bildirilmiş, məhkəmə qərardadının göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən AR DİN BDYPİ-nə ünvanlanmış 23.09.2021-ci il tarixli, 17/65-144833/5 saylı məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-111/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı BDYPİ-nə göndərilmiş, nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan AR DİN BDYPİ-nin 18.10.2021-ci il tarixli, 121275-1221 saylı arayışından görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Cavabdeh2 məxsus olmuş “X4 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.07.2021-ci il tarixdə **-XC-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla alqısatqı müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmış və BA103736 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir.həmin avtomobil 31.07.2021-ci il tarixdə **-HE-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış və BB113747 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh2 iddiaçı “TuranBank" ASC-nin xeyrinə cəmi 14303,42 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predrneti olan cavabdehə məxsus “X3 Prado” markalı, **-EJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına borcun ödənilməsi, həmçinin, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 16.05.2014-cü il tarixli kredit müqaviləsirıə görə onun əvəzindən banka ödədiyi 4546 ABŞ dollarının Cavabdeh2 alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 tərəfindən iddiaçı “TuranBank" ASC-yə olan kredit botcu tam ödənildiyinə görə “X3 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka yüklülüyündən azad edilmiş, Cavabdeh2 tərəfindən 15.07.2021-ci il tarixdə Cavabdeh3, sonuncu tərəfindən isə 31.07.2021-ci il tarixdə Cavabdeh1 satılmışdır. Hazırda İddiaçı “X3 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əslində məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi ilə özgəninkiləşdirilməsini, bununla da özünün hüquqlarının pozulmasını əsas gətirmiş, pozulmuş hüquqlarının bərpası, tələbin həmin avtomobilə yönəldilməsi üçün cavabdehlər arasında avtomobilin alqı-satqısı barədə bağlanmış müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Tələbinin əsası kimi mübahisə predmeti olan avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq, özgəninkilədirildiyini göstərmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı ilə “X4 Prado” markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsa da, bu barədə AR DİN BDYPİ-də 2021-ci ilin avqust ayında məhdudiyyət qoyuldmuş, qərardadın isə yalnız 23.09.2021-ci il tarixli məktubla icra qurumu tərəfindən müvafiq quruma göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən Cavabdeh2 məxsus olan “X4 Prado” markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqavilələri əsasında əldə etmələrini və bununla da, vicdanlı alıcı olmalarını, işin bu hallarının müvafiq məhkəmə aktları ilə müəyyən edilməsini nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə və müvafiq məsələ üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəm iddianı rədd edərkən həm də, iddiaçının avtomobilə münasibətdə ipoteka saxlayan kimi üstünlük hüququnun olmamasını, müfaviq məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş pul məbləği üzrə, məhkəmə tərəfindən verilmiş icra vərəqinə əsasən hazırda icra şobəsində icra işinin olmasını və icra tədbirlərinin ümumi əsaslarla davam etdirilməsini də, nəzərə alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar