Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-645/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 53 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi və mənzildən çıxarılma tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 53 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.03.2019-cu il tarixdə Cavabdeh2 verilmiş 2V-34 reyestrli və 17.05.2019-cu il tarixdə Cavabdeh1 verilmiş 2V-58 reyestrli vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması, onların adına verilmiş çıxarışın ləğv edilməsi, onun yeganə vərəsə kimi tanınması, adına Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 saylı mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 Səriyyə Nəcəf qızı ilə 02.02.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 13.07.2002-ci ildə nikahları pozulmuşdur. 02.04.2002-ci ildə X13 onu övladlığa götürmüşdür. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 1264 saylı akt qeydi edilərək doğum haqqında şəhadətnamə verilmişdir. Valideynləri boşansalar da, 2015-ci ilə kimi həmişə münasibətləri olmuşdur. Lakin mərhum X13 içki aludəçisi olduğundan, tüfeyli həyat sürdüyündən münasibətlər uzun müddətli olmamışdır. Sonuncu dəfə 2015-ci ildə mərhum onun anasıgildə ad günündə olmuşdur. Orada bildirmiş ki, xəstəliyi var. Bundan sonra anası X14 ara-sıra telefonla onunla əlaqə saxlamışdır. Lakin mərhum onu daha axtarmamaqlarını demişdir. Anası 2020-ci ilin təqribən avqust ayında mərhumun yaşadığı evə zəng vurmuş, lakin nömrə işləməmişdir. Uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək qonşudan məlumata almışdır ki, 2016-cı ildə rəhmətə getmişdir. Bundan sonra X7 yeganə varisi olaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün 53 saylı Notariat Ofisinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan sonra vəkil sorğusu ilə cavabdeh 53 saylı Notariat Ofisinə müraciət olunmuş və ünvan 1 ünvanında yerləşən evə dair notariat işinin təqdim edilməsi xahiş edilmişdir. Vərəsəlik işi təqdim olunandan sonra müəyyən olunmuşdur ki, artıq həmin evə dair vərəsələr mərhumun qardaşı Cavabdeh1 və Cavabdeh2 təyin olunmuşlar. Hər ikisinin payı müəyyən edilən çıxarış dövlət reyestrində qeydə alınmaqla paylar bölünmüşdür. Hesab edir ki, vərəsəlik hüququ pozulmuş, yeganə vərəsə kimi ona bildirilmədən atasından qalan əmlak qanunsuz olaraq bölünmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilən faktlar əsassızdır. İddiaçı heç vaxt mərhum qardaşını ata kimi qəbul etməmiş, onunla maraqlanmamışdır. Onun mərhum qardaşı tərəfindən övladlığa götürülməsi barədə yaxın qohumların hər hansı məlumatı olmamışdır. İddiaçı nə mərhum qardaşı ilə, nə də onun yaxın qohumları ilə hər hansı bir münasibətdə olmamışdır. İddiaçı və anası heç vaxt qardaşı ilə maraqlanmamışlar. Mərhum qardaşı 5 ay müddətində iddiaçının anası X14 ilə nikahda olmuş, onların nikahda olmaları və ər-arvad kimi yaşamaları barədə hər hansı məlumatları olmamışdır. Şifahi məlumata əsasən, Səriyyə Əliyeva Bakı şəhərində hansısa rayonun Qeydiyyat Şöbəsinin rəisi və ya əməkdaşı olmuşdur, mövqeyindən sui-istifadə edərək mərhum qardaşı ilə nikah bağlatdırmış, 5 aydan sonra nikah pozulmuşdur. Yenə də şifahi məlumata əsasən, S.Əliyevanın mərhum qardaşı ilə nikaha girməkdə məqsədi oğlu İddiaçı doğma atasının milli mənsubiyyətini gizlətmək olmuşdur. Məhz həmin səbəbdəndir ki, oğlu üçün övladlığa götürmə məsələsini həll etdikdən sonra qısa müddətdə nikahları pozulmuşdur. Nə iddiaçı, nə də anası mərhumla heç vaxt maraqlanmamış, hətta onun ölümündən belə xəbərləri olmamışdır, yas mərasimində iştirak etməmişlər. Onun məzarının harada olmasını bilmirlər, bir oğul kimi məzarı ziyarət etməmişdir, ancaq bu gün ondan miras qalmış əmlakı tələb edir. İddia tələblərindən biri vərəsə kimi tanınması barədədir. Vərəsə kimi tanınmamış bir fiziki şəxsin digər tələbləri irəli sürməsi absurddur. İddiaçı Bakı şəhəri 53 saylı Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi mirasın qəbulu müddətinin üzrsüz səbəblərdən buraxılması səbəbinə görə təmin edilməmişdir. Hesab edirik ki, İddiaçı tərəfindən əvvəlcə həmin cavab mübahisələndirilməli, məhkəməyə buraxılmış müddətin bərpası barədə müraciət olunduqdan və müraciət təmin olunduqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək olardı. Həmin hal üzrə də İddiaçı tərəfindən mülki prosessual qanunveiciliyin tələbləri pozulmuşdur. Miras qoyan X13 qardaşlarıdır və 03.12.2016-cı il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakı qanun üzrə vərəsələr sırasından faktiki istifadə etməklə qəbul etmişlər. İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq hərəkətlər edilməmişdir. Miras qardaşının vəfatı ilə 03.12.2016-cı il tarixdə açılmışdır. Həmin müddətdən keçən 6 ay ərzində iddiaçı miras əmlak barədə hər hansı tələb irəli sürməmiş və bununla da iddia müddətini üzrsüz səbəblərdən buraxmışdır. İddiaçı qanun üzrə birinci növbədə vərəsələr olmaqla Elman Əliyevin 03.12.2016-cı il tarixdə vəfat etməsi ilə mirasın açılmasını bilmiş, ondan miras qalmış mübahisəli mənzilin qəbulu üçün 29.09.2020-ci il tarixdə notariat kontoruna müraciət etmiş, altı ay müddətində mirası nə faktiki, nə də rəsmi qəbul etməmiş və mirasın qəbulu müddətini üzrsüz səbəblərdən buraxmışdır. Ona görə də onun iddia tələbi rədd edilməlidir. Cavabdeh2 həmçinin iddia müddətini tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X7 03.12.2016-cı il tarixdə vəfat etməsi ilə mirasın açılmasını, onun ölümündən 5 il keçdikdən sonra İddiaçı iddia qaldırdığını, birinci növbədə vərəsə olsa da, mirası qanunvericilikdə müəyyən edilmiş müddətdə nə faktiki, nə də rəsmi qəbul etmədiyini, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməməsini göstərmiş və iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olinması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verdi. İddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış Cavabdeh1, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdeh 53 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ******* nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X13 tərəfindən övladlığa götürülmüş, ona və bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 02.04.2002-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 242688 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 10.03.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X13, anası X14 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİİ-JQ seriyalı 334701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1937-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası X5 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 150813 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür k X13 09.06.1944-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası X1 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 250561 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı (H.Sultanov köhnə) küçəsi, 1 saylı evin 56 saylı mənzili tam mülkiyyət hüququ üzrə X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 09 a/c saylı reyestr kitabının 1359 səhifədə 18.11.2005-ci il tarixdə 30/21374 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 834630 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 03.12.2016-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.12.2016-cı il tarixdə 536 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Ofisinin notariusu S.Ələkbərova tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 05.07.2017-ci il tarixli məktubun surətindən görünür ki, ərizəçilərin qanun üzrə vərəsəliyin qəbulu barədə ərizələrinə baxılmış, təqdim edilmiş sənədlər əsasında 01.03.2017 il tarixində 8-V-11\2017 saylı vərəsəlik nömrəsi ilə 03.12.2016 il tarixində vəfat etmiş X7 adına vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi üzrə mərhum-X7 ailə vəziyyətinin yoxlanılması nəticəsində, 04.11.1944-cü il təvəllüdlü X17 ilə nikahının pozulması, valideynləri İddiaçı və S.Əliyeva olan 04.1985-ci ildə doğulmuş İddiaçı olması aşkar edilmişdir. Qanun üzrə vərəsəlik zamanı 1-cı növbəli vərəsənin olduğunu nəzərə alaraq, 2-ci növbənin vərəsəliyi istisna edildiyindən, qanun üzrə vərəsələrin siyahısına saınmalarının qanunvericiliyə zidd olduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(004)-4563/2018 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi Cavabdeh2 ərizəsi təmin edilərək, onun 03.12.2016-cı il tarixdə vəfat etmiş qardaşı X6 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 1 saylı evin 56 saylı mənzilini faktiki qəbul etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Ofisinin Cavabdeh2 ünvanladığı 17.01.2019-cu il tarixli, 86 nömrəli məktubundan görünür ki, 03.12.2016-cı il tarixdə vəfat etmiş mərhum X7 01.03.2017-ci il tarixində 8V/11 saylı vərəsəlik işi açılmışdır. Mərhumun ikinci dərəcəli vərəsələri sırasında qardaşı Cavabdeh1 vərəsəliyin qəbulu üçün müraciət ərizəsi nəzərə alınaraq, Cavabdeh2 yeganə vərəsə kimi vərəsəlik hüququ haqqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür. İş materiallarında olan 17.05.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03.12.2016 tarixdə ölmüş X7 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 11/03/2017 tarixdə X10 venlmiş 00 011000073- >101-093078 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42.3 kv/m olan mənzildən ibarətdir. Miras əmlakın 1/2 hissəsinə olan pay hüququna 29.03.2019-cu il tarixində Cavabdeh2 Əliverdi qızına 2V-34 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 13.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, 03.12.2016-cı il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbuluna dair notariat ofisinə təqdim etdiyi 29.09.2020-ci il tarixli yazılı ərizəyə cavab olaraq Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən bildirilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəməyə müraciət etmək hüququ var. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.05.2021-ci il tarixli, 2(103)-4389/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qərnamənin ləğv edilməsini “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” Cavabdeh2 ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət qismən təmin edilərək, qətnamə ləğv edilmiş və mülki işin başlanmasına əsas olmuş ərizə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məcəllənin 1263-cü maddəsinin tələbinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.” Daha sonra həmin Qərarda qeyd olunur ki, “Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür... Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı yeganə vərəsə kimi tanınması və adına Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 saylı mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsində iddia tələbi əsassız olduğundan, iddia tələbi digər hissələrdə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 saylı mənzilin 03.12.2016 tarixdə ölmüş X6 miras qalması, miras qoyanın birinci növbə vərəsəsi hesab olunan İddiaçı özünün də iddia ərizəsində qeyd etdiyi kimi, “içki aludəçisi olan, tüfeyli həyat sürən” və xəstə atası ilə münasibətlərini 2015-ci ildən kəsməsi, onun ölümündən sonra qanunla müəyyən olunmuş müddət ərizində mirasın qəbul edilməsi barədə ərizə verməməsi, əmlaka sahiblik etməməsi, əmlakı idarə etməyə faktiki başlamaması, həmçinin, mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməməsi, yalnız, 2020-ci ildə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə 53 saylı Notariat Ofisi müraciət etməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq ona imtina olunması təsdiq edilmişdir. Ona görə də, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 53 saylı Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi və evdən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-645/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-645/2021
19.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver