Məhkəmə qərarları › İş №2(004)-654/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-654/2022

27.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-654/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanmış 29.10.2014-cü il tarixli, 022R********** saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Azərbaycan manatı ilə krediti almaq üçün "xxxx" QSC-nın Səlyan filialına müraciət etmişdir. Müraciəti əsasında "xxxx" QSC-nin Səlyan filialından 29 oktyabr 2014-cü il tarixli müqavilə əsasında 13127,40 manat krediti Azərbaycan manatı formasında almışdır. Onun accessbank" QSC-nın Səlyan filialından Azərbaycan manatı ilə çıxmağını bankın kreditin ona Azərbaycan manatı ilə verilməsini bankın məxaric oredrindəki məlumatlar təsdiq edir. Lakin ona sonradan 21 fevral 2015-ci il devalivasiyasından sonra məlum olmuşdur ki, krediti faktiki olaraq manatla alsa da 29 oktyabr 2014-cü il tarixində o və "xxxx" QSC-nin Səlyan filialı arasında bağlanılmış kredit müqaviləsində 17000 ABŞ dolları üçün kredit müqaviləsinin bağlanıldığı qeyd edilmişdir. Bu zaman kreditə görə 27,47 % illik müəyyən edilmişdir. O, kredit müqaviləsinin dollarda bağlanmasına, ümumiyyətlə, fikir verməmişdir. Çünki Azərbaycan manatı xahiş etdiyi halda ona müqavilədə ABŞ dolları ifadəsinin təqdim edilməsi ağlına belə gəlməmişdir. Eyni zamanda məlum olduğu kimi kredit müqaviləsini müştəriyə bank təqdim edir. Bir qayda olaraq müqavilənin yazıları kiçik hərflərlə, sıx şəkildə olur, yazının hərfləri oxunmur. Müqaviləni oxuyub təhlil etmək üçün vaxt tələb olunur. Banka isə müştərinin müqaviləni oxuması, təhlil etməsi sərf etmir, müştərini tez tələsdirib, müqaviləyə imza atdırır, müştərinin isə bankın əsl xislətindən xəbəri olmur, banka etibar edir. O da banka etibar etmiş, bank da bu etibardan sui-istifadə edib. Bir sözlə bank məni bütün mənalarda aldatmışdır. Onun isə bu hiyləni başa düşməyə hüquqi savadı çatmır. Əgər onunla cavabdeh arasında ABŞ dolları ilə kredit müqaviləsi bağlanmış olsa idi ona kredit ABŞ dolları formasında verilməli idi və bankdan azərbaycan manatı ilə deyil, ABŞ dolları krediti ilə çıxmalı idi və ya ABŞ dolları ilə verilmiş krediti həmin bankda və ya digər yerdə azərbaycan manatına özü müstəqil şəkildə çevirməli idi. Yoxsa ki, iddiaçı onunla guya ABŞ dolları ilə kredit müqaviləsi bağlayır, lakin ona ABŞ dolları əvəzinə Azərbaycan manatı verir. Sonra isə krediti ABŞ dolları ilə ödəməyi tələb edir. Bu hal isə iddiaçı bankın dələduzluğu və onun etibarından kobud istifadə etməsi, qanunvericnin tələblərinin pozulması faktıdır. Eyni zamanda iddiaçının etibarından suiistifadə etməklə onunla saxta, hiyləgər müqavilə bağlaması, müqavilənin əvvəlcədən etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müqavilə şərtlərini kobud surətdə pozması deməkdir. Ona isə bankdan narahat olmamağı, hesabatın manatla aparılacağı və dolların yazılmasının formal olduğu bildirilmişdir. Bununla əlaqədar iddiaçıya çoxsaylı yazılı və şifahi müraciətləri cavabsız qalıb və ya əsassız olaraq rədd edilmişdir. Suala cavab olaraq bildirir ki, müqavilə bağlandığı gün bir neçə saat sonra banka yaxınlaşaraq müqavilənin manatla deyil, dollarla bağlanmasına etirazını bildirmiş, lakin ona narahat olmamağı bildirmişlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 19.02.2013-cü il tarixli, 22L000001272 nömrəli kredit xətti müqaviləsinin surətinə əsasən bank tərəfindən İddiaçı 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 29.10.2014-cü il tarixli, 022R********** saylı kredit razılaşmasının surətinə əsasən Cavabdeh QSC İddiaçı aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verməyi, müştəri isə krediti və ona əlavə olunmuş faizləri razılaşdırılmış tarixlərdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2484/2021 saylı, 31.08.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Salyan rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2(057)-1317/2020 saylı qətnaməsi cavabdehlər İddiaçı, X2, Hüseynov Vüqar teymur oğlu və X1 tutulmalı olan əsas borc və faiz borcu hissəsində dəyişdirilərək 29.10.2014-cü il tarixli, 022R********** saylı kredit razılaşması üzrə banka olan borcu əsas borc 10138,13 ABŞ dolları, faiz borcu 3809,92 ABŞ dolları və cərimə 100 ABŞ dolları olmaqla, cəmi 14048,05 ABŞ dolları məbləğində müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh QSC ilə kredit razılaşması bağlayaraq 17000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin iddiaçı kredit razılaşması üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyindən məhkəmə qətnaməsinə əsasən yaranmış borc İddiaçı və digərlərindən müştərək qaydada tutulmuşdur. Hazırda iddiaçı krediti milli valyutada tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən ona xarici valyutada kredit verilməsini və bank tərəfindən aldadıldığını bildirərək kredit razılaşmasının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki, iş materialları ilə sübut olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit xarici valyutada verilmiş və ödənişlərin də xarici valyutada edilməsi tərəflər arasında razılaşdırılmışdır. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı onunla Cavabdeh QSC arasında bağlanmış 29.10.2014-cü il tarixli, 022R********** saylı kredit razılaşmasının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar