Məhkəmə qərarları › İş №2(004)-655/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-655/2021

11.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-655/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsində aparılan özbaşına tikilinin onun vəsaiti hesabına sökülməsi və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 57 ünvanında yerləşən bir mərtəbəli 53,7 kv metr yaşayış və 34,0 kv.metr köməkçi sahədən ibarət 57 saylı fərdi yaşayış evi tam mülkiyyətlə ataları X1 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə ataları rəhmətə getmişdir. Bundan sonra iddiaçılar vərəsəlik hüququ əsasında onlara məxsus yaşayış evində öz paylarına münasibətdə çıxarış almışlar. Buna baxmayaraq cavabdeh icazə almadan evin həyətində özbaşına tikinti inşa etmişdir. Bununla bağlı İcra Hakimiyyətinə müraciət etsə də, nəticəsiz qalmışdır. Hazırda məhkəməyə müraciət edərək cavabdeh tərəfindən özbaşına tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələblərinə etiraz edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi iddiaçıların mülkiyyətində deyil, dövlətin müstəsna mülkiyyətindədir. Bundan əlavə, cavabdeh tərəfindən tikinti iddiaçılara məxsus olmayan torpaq sahəsində qonşunun evinin divarına bitişik aparılmışdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin mülki iş üzrə xx xxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 iddiaları iddia ərizəsi onlar tərəfindən imzalanmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavininin 222/d saylı, xx xxxx 2021-ci il tarixli məktubu ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin dövlətin müstəsna mülkiyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 6/10 hissəsi İddiaçı1 Məmməd qızının, 1/10 hissəsi İddiaçı2, 1/10 hissəsi İddiaçı3 adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərlə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı1 Məmməd qızının mülkiyyətində olan yaşayış sahəsinə bitişik olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili İddiaçı1 Məmməd qızının mülkiyyətində olan yaşayış sahəsinə bitişik olmadığından, həmçinin torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olduğundan iddiaçıların qanunsuz tikilinin sökülməsi barədə tələbləri əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar