Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6609/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə və Maraqlı şəxs1 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Maraqlı şəxs1 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum anası X1 öldüyü ana qədər mülkiyyətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, ərizəçi tərəfindən verilmiş tələblə bağlı hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən MH seriyalı 011669 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi evində ½ hissədə Maraqlı şəxs1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericiliyə görə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan fakt o halda məhkəmə tərəfindən müəyyən edilir ki, həmin tələblə bağlı mübahisə mövcud deyildir və faktın məhkəmədən kənar digər yolla əldə edilməsi mümkün deyildir. Hazırki ərizəyə əlavə edilmiş sənədlərdən isə müəyyən edilir ki, ərizəçi faktın müəyyən edilməsi ilə bağlı maraqlı şəxs kimi qeyd olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etməmişdir. Odur ki, ərizəçi aidiyyəti orqana müraciət edilməli və imtina edildiyi təqdirdə müvafiq olaraq inzibati məhkəmədə mübahisələndirilə bilər. Həmçinin məhkəmə hesab edir ki, faktla bağlı ərizəçi ilə digər Maraqlı şəxs1 arasında mülki mübahisə mövcuddur. Ona görə də hazırki işə xüsusi icraat qaydasında deyil iddia icraatı qaydasında baxılmalı olduğundan ərizə məhkəmənin icraatına qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə xüsusi icraat qaydasında baxılmalı olduğundan, həmçinin ərizəçinin tələbi ilə göstərilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi olmadığından hazırki ərizəyə məhkəmədə baxıla bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Odur ki, xüsusi icraat qaydasında verilmiş ərizə baxılmaq üçün məhkəmənin icraatına qəbul edilməkdən imtina edildiyinə görə ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-6609/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6609/2022
21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver