Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-684/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə 10.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı su sərfiyyatı ilə əlaqədar hesablanmış 246,85 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14.02.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh ASC tərəfindən İddiaçı su sərfiyyatı ilə əlaqədar hesablanmış 317 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, evində quraşdırılmış su sayğacında yaranmış nasazlığı aradan qaldırmaq üçün 21 aprel 2021-ci il tarixdə Sabançu Su-kanal idarəsindən usta çağırmışdır. Usta sayğaca baxmış və bildirmişdir ki, elektrik və mexaniki sayğaclar arasında uyğunsuzluq vardır. Bununla bağlı Sabunçu Sukanal idarəsində olmuş və tədbir görmələrini xahiş etmişdir. Lakin, su idarəsindən ona ağılabatan cavab verilməmiş və pul ödəməyi tələb edilmişdir. 13.07.2021-ci il tarixli qəbzə görə onun sudan istifadəyə görə cəmi 246,85 manat borcu vardır. Halbuki, istifadə etdiyi sayğac elektrondur və kartla pul ödədikdən sonra sudan istifadə etmək mümkün olur. Bu səbəbə görə də onda borc yarana bilməz. Digər tərəfdən, 01 fevral 2021-ci il tarixədək suyun qiyməti 35 qəpik olduğu halda yaranmış fərqin hamısı 70 qəpiklə hesablanmışdır. Bundan başqa sayğacın göstəricisinə görə o, 21 aprel 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 100 gün ərzində 105 m3 su istifadə etmişdir. Ailəsinin 2 nəfərdən ibarət olduğu nəzərə alınarsa, əkin sahəsi isə cəmi 120 m2-dir, bundan başqa bu müddətin 32 gününü rayonda keçirmişdir. Belə olan halda hər günə 1,54 m3 su sərf etmişdir. Bu da çox böyük rəqəmdir və mexaniki sayğacın düzgün işləməməsini bir daha təsdiq edir. Cavabdeh idarənin ona yazdığı cavabı ünvanına çatmamışdır. Məktubu əlbəəl Sabunçu rayon Su idarəsindən bu ilin noyabr ayının ortalarında almışdır. Cavabdeh müraciəti üzrə araşdırma aparmamış və ona laqeyid cavab vermişdir. Qeyd edir ki, o, sudan istifadə ilə bağlı heç bir qanunsuzluğa yol verməmişdir. Cavabdehin tələbi həqiqətə uyğun deyildir. Cavabdeh su təchizatını kəsəcəyi ilə onu hədələyir. Bu isə sosial hüquqlarının kobud şəkldə pozulmasıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirir ki, iddiaçının sayğacı 17.04.2013-cü ildən 2021-ci ilin aprel ayına qədər “Smart” tipli olmuş, 24.05.2021-ci il tarixdən mexaniki sayğac quraşdırılmışdır. Kart ödənişlərinə əsasən 23.04.2013-cü ildən 16.04.2021-ci ilədək satış miqdarı 2157 m3 təşkil etmiş, yəni 718,6 manat məbləğində istifadə etmiş və ödəmişdir. Abonent 2021-ci ilin aprel ayına qədər 92 dəfə ödəniş etmişdir. İddiaçı 2021-ci ilin aprel ayına 2158 m3, iyun ayına isə 84 m3 olmaqla cəmi 2242 m3, iyul ayında isə 288 m3 su istifadə etmişdir. Aprel və mart aylarında qapı bağlı olsa da sərfiyyat olmuşdur. Suala cavab olaraq bildirir ki, bu pul akta əsasən yazılmamışdır. İstifadə edilmiş sərfiyyatın göstəricisidir. 317 manat borc bütövlükdə 2021-ci ilə aiddir. Əgər sayğac işləmirdisə abonent vaxtında bu barədə müraciət edə bilərdi. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC-nin abonent kodu **********040 olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salamzadə küçəsi ev 0, 4 saylı mənzildə 29106208 nömrəli, 16.04.2013-cü il tarixli müqavilə üzrə sudan istifadə haqqında 12.01.2022-ci il tarixli abonent kartından müəyyən olunur ki, “CSS-20” markalı, 21184975 nömrəli sayğac 23.10.2021-ci il tarixdə quraşdırılmış, abonentin smart tipli sayğacının son göstəricisi 16.04.2021-16.05.2021-ci il dövrü üçün 2158 m3 olmuş, yeni sayğacın 25.10.2021- 24.11.2021-ci il dövrü üçün ilk göstəricisi 2530 m3 olmuşdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş 13.07.2021-ci il tarixli bildiriş qəbzinə əsasən abonent kodu **********040 olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salamzadə küçəsi ev 0, 4 saylı mənzilə 288 m3 sərfiyyat üzrə 201,6 manat borc və dövriyyənin əvvəlinə qalıq borc 45,25 manat olmaqla, cəmi 246,85 manat borc yazılmışdır. İşin müəyyən edilmiş halları odur ki, mübahisə premeti olan mənzil cavabdeh tərəfindən su ilə təchiz edilir. Həmin mənzilə 24.05.2021-ci ildə quraşdırılmış smart tipli sayğac 23.10.2021-ci ildə mexaniki tipli sayğacla əvəzlənmişdir. Smart tipli sayğacın son göstəricisi 2158 m3 olduğu halda, mexaniki tipli yeni sayğacın göstəricisi 2530 m3 olmuşdur. Cavabdeh tərəfindən sözügedən mənzilə 2021-ci il üzrə cəmi 317,55 manat borc hesablanmışdır. Cavabdeh 2021-ci il üzrə cəmi 10 manat ödəniş etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən 317 manat məbləğində yazılmış borcun silinməsini xahiş edir. Cavabdeh isə borcun düzgün hesablandığını əsas gətirərək iddianın əsassız olduğunu bildirir. Məhkəmə hesab edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salamzadə küçəsi ev 0, 4 saylı mənzil üzrə İddiaçı hesablanılmış 246,85 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ASC tərəfindən mübahisəli borc hesablanaraq abunəçinin sayğacının mexaniki sərfiyyatın son göstəricisindən əvvəlki illər üzrə istifadə olunmuş sərfiyyatı çıxıb, bununla da istifadə olunmuş lakin dəyəri ödənilməmiş sərfiyyatı müəyyən etmək hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun məhz bu qaydada hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcun yaranma mənbəyi məlum deyildir və əsassız olaraq hesablanmışdır. Buna görə də Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salamzadə küçəsi ev 0, 4 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 246,85 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salamzadə küçəsi ev 0, 4 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış borcdan 246,85 (iki yüz qırx altı manat səksən beş) manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-684/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-684/2022
24.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver