Məhkəmə qərarları › İş №2(004)-6967/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6967/2021

06.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6967/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qanunsuz tərtib edilmiş aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Abşeron rayon Sukanal idarəsi tərəfindən tərtib edilmiş 17.08.2020-ci il tarixli 007103 nömrəli aktın ləğv edilməsi və abonent haqqında məlumat vərəqəsində göstərilmiş 110000 manat borcun silinməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC-nin Abşeron rayon Sukanal idarəsi tərəfindən tərtib edilmiş 17.08.2020-ci il tarixli 007103 nömrəli aktın etibarsız hesab edilməsi və abonent haqqında məlumat vərəqəsində göstərilmiş 110000 manat borcun silinməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “Azərsu" ASC-nin Abşeron Sıtkanal İdarəsi tərəfindən 17.08.2020-ci il tarixdə qeyri-qanuni 007103 nömrəli akt tərtib olunmuş və akta əsasən iddiaçıdan 110000 manat pul tələb edilir. İddiaçıdan həmin pulun tələb edilməsi tam qanunsuz və əsassızdır: Çünki aktda qeyd olunmuşdur kı, guya abonent bazasında olan d-20 mın-lik sınan sayğac çıxarılıb, d-100 mın-lik boru vasitəsilə sayğacdan kənar xətt çəkilmişdir. Bu tamamilə yalan və məntiqsizdir. Belə ki, əgər kənar xətt çəkilirdisə, sayğacı niyə çıxarılırdı, əlavə xətti mənbədən götürülərdi. Sayğac yerindədir və heç bir əlavə xətt yoxdur. Qeyd olunan akt guya obyektin nümayəndəsi Cavid Süleymanovun iştirakı ilə tərtib edilmiş və o imza etməkdən imtina etmişdir. Bu tamamilə уanlışdır. Qey qanuni akt elə cavabdeh tərəfindən və yalnız cavabdehin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş iddiaçı tərəfdən orada heç kim olmamış və ümumiyyətlə, həmin akt orada tərtib edilməmişdir. Hesab edir ki, akt qanunsuzsur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonent haqqında məlumatlara əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir və həmin qeyri-yaşayış sahəsi anbar kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi üzrə 01.10.2007-ci il tarixli müqavilə əsasında su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə 2020-ci ilin yanvar-sentyabr ayları üçün 8-10 manat, oktyabr ayı üçün 364 manat borc yazıldığı halda, noyabr ayı üçün 110160 manat borc hesablanmışdır. Cavabdeh ASC-nin Abşeron rayon Sukanalı İdarəsinin əməkdaşları – mühəndis Sultan Əmiraslanov və Vahid Tumasov tərəfindən tərtib edilmiş 17.08.2020-ci il tarixli 007103 nömrəli aktda göstərilmişdir ki, Cavabdeh ASC-nin Abşeron rayon Sukanalı İdarəsinin nümayəndələri 17.08.2021-ci il tarixdə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən mebel istehsalı obyektinə obyektin nümayəndəsi Cavid Süleymanovun iştirakı ilə baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçının su xəttinə baxış keçirilən zaman abonent bazasında olan d-20 mm-lik smart kart tipli su sağacının çıxarılması, d-100 mm-lik boru vasitəsi ilə sayğacdan kənar su xətti çəkilərək sudan qeyriqanuni istifadə olunur. Obyektin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə hesab edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzrə İddiaçı hesablanılmış 110000 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına və sudan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, Abşeron rayon Sukanalı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 17.08.2020-ci il tarixli 007103 nömrəli aktda baxış keçirilən ünvan ilə su təchizatı və kanalzasiya xidmətlərindən istifadə üçün borcun yazıldığı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ünvanı fərqlidir. Odur ki, iddiaçının abonent hesabına 110000 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh ASC tərəfindən qanunsuz tərtib edilmiş 17.08.2020-ci il tarixli 007103 nömrəli akt tərtib edildiyi andan etibarsız hesab edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış (anbar) obyektində sərf edilmiş suya görə 17.08.2020-ci il tarixli 007103 nömrəli akt əsasında əsassız hesablanmış 110000 manat borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən qanunsuz tərtib edilmiş 17.08.2020-ci il tarixli 007103 nömrəli akt tərtib edildiyi andan etibarsız hesab edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış (anbar) obyektində sərf edilmiş suya görə 17.08.2020-ci il tarixli 007103 nömrəli akt əsasında əsassız hesablanmış 110000 (bir yüz on min) manat borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar