Məhkəmə qərarları › İş №2(004)-7036/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7036/2021

21.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7036/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış 497,14 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonu, Alıxanlı kəndindən qaçqın düşən anası X1 rayonu, “Motodrom” adlı ərazidə öz vəsaiti hesabına tikdiyi evdə yaşamış və 08 sentyabr 2020-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra həmin evdə daimi yaşayış olmamış, yalnız hər il yay aylarında o, ailəsi ilə birgə orada yaşamış və bu müddət ərzində yaranan kommunal xərcləri vaxtlı-vaxtında ödəmişdir. 27 noyabr 2016-cı il tarixdə həmin evdə oğurluq hadisəsi olmuş, evdə quraşdırılan kombi isitmə avadanlığı və su sayğacı oğurlanmış, su boru xəttinin açıq qalması nəticəsində 497,14 manat borc yaranmışdır. Yaranmış borcun araşdırılması haqqında Cavabdeh ASC-yə dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış 497,14 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlı ərazisində yerləşən fərdi evindən 650 manat dəyərində “Ariston” markalı kombi aparatının oğlurlanması ilə bağlı cinayət işi başlanmış, həmin cinayət işi üzrə mülki iddia vermiş, mülki iddiaçı qismində tanınmışdır. Həmin cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılmışdır. Həmin məhkəmə baxışı zamanı kombi cihazını oğurlayan təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaqla həm kombi cihazının, həm də kommunal hesablanmış borcla bağlı tələb irəli sürmüşdür. Lakin həmin məhkəmə hökmünün nəticəsi barədə məlumatı yoxdur və buna dair məhkəməyə sübut təqdim edə bilmir. Cavabdeh ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmə hazıqlıq iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi İddiaçı məhkəmədən verilmiş iddia tələbinin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 29.11.2021-ci il tarixli, 0236 nömrəli məktubundan görünür ki, Quliyev X4 RPİ-nin 40-cı PB-yə ərizə ilə müraciət edərək 27.11.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlı ərazisində yerləşən fərdi evindən 650 manat dəyərində “Ariston” markalı kombi aparatının oğurlandığını bildirmişdir. İddiaçı ərizəsi əsasında Binəqədi RPİnin İŞ-nin müstəntiqi Anar Ağayarov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mübahisələndirdiyi Binəqədi rayonu, “Motodrom” adlı ərazisində yerləşən fərdi evdə olan su sayğacı onun adına qeydiyyata alınmış, həmin ünvanda sudan istifadəyə görə 497,14 manat məbləğində borc hesablanmışdır. Həmin ünvana cavabdeh təşkilat tərəfindən hər ay borc barədə bildiriş göndərilməsinə baxmayaraq, borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddası əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, qeyd olunan halla bağlı cinayət işi başlanmış, həmin cinayət işi üzrə iddiaçı mülki iddiaçı qismində tanınmış və cinayıt işi Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar