Məhkəmə qərarları › İş №2(004)-710/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-710/2021

14.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-710/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən pəncərələrinin önündə qeyri-qanuni inşa edilmiş tikililərin onun vəsaiti hesabına sökülməsi, evinin pəncərələrinin qarşısının açılmaqla yaradılan maneələrin aradan qaldırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda onunla qonşu olan cavabdeh X4 qanunsuz tikinti işləri apararaq həmin tikililərlə evinin pəncərələrinin qarşısını kəsmiş, evinin havalandırılmasının, o cümlədən günəş işığının qarşısını almışdır. Cavabdeh bu əməlləri ilə yaşayış sahəsindən istifadəyə maneələr yaradaraq qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaşayış sahəsindən rahat istifadə edə bilmir. Dəfələrlə cavabdehə qanunun tələblərini və hüquqlarının pozulmasını aradan qaldıraraq tikilinin sökülərək pəncərələrin önünün açılmasını tələb etsə də bunların nəticəsi olmamışdır. Cavabadeh hüquqlarını pozan hərəkətlərini könüllü olaraq aradan qaldırmadığından onun hərəkətləri məhkəmə qaydasında qanunsuz hesab edilməklə aradan qaldırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh onun evinin dörd tərəfində də qanunsuz tikili tikərək evin bütün pəncərələrinin qarşısını kəsib. Ona aid hissədə qarajı o, sonradan təmir edib sonra ev edib. Qaraja giriş-çıxış çətindir. Hər tərəfini qarşı tərəf bağlayıb. Hal-hazırda qaraja dair heç bir sənəd yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, sözügedən evin sahibi onun anası olub, anası rəhmətə getdikdən dən sonra bunlar öz paylarını Sevil adında bir xanıma satıblar. Sonra “qalmağa yerimiz yoxdur “deyib, yenidən gəlib orda qaldılar. Hal-hazırda qaldıqları ev əvvəllər qaraj idi, sonra oranı təmir edib ev ediblər. Mübahisə etdikləri köşk həyətdə 35-40 il bundan əvvəldən var idi. Dükan kimi istifadə olunurdu. Qonşular da təsdiq edə bilər ki, o köşk 40 ilə yaxındır ki, ordadır. Həyətin sahibi odur. Onun evə dair çıxarışı da var. Köşkə dair sənədi yoxdur. Qarajın əvvəllər pəncərəsi yox idi, lakin qarşı tərəf oranı təmir etdirərkən qaraja pəncərə qoydurub. Həmin pəncərə də onun köşkünün içərisinə tərəfdir. Əvvəllər münasibətləri yaxşı olduğu üçün o, buna etiraz etməmişdir, lakin anası rəhmətə getdikdən sonra qarşı tərəf ona qarşı bu cür iddialar irəli sürməyə başlamışdır. İşləri məhkəmələrə düşmüş, sonra isə onun köşkünü yandırmışlar və sökmüşlər. Bunların hamısının kamera çəkilişləri də var. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddianın təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 24/15 saylı yaşayış evi 5/8 hissədən qalan hissədə X1 xüsusi mülkiyyətindədir. İş materiallaında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-129/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X2 və X1 cavabdeh İddiaçı qarşı “cavabdehin inşa etdiyi tikilinin özbaşına hesab edilməsi”nə dair iddia ərizəsi təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı və sahibliyində olan sahə əvvəllər qaraj kimi istifadə olunub. Daha sonra iddiaçı həmin qeyriyaşayış sahəsi olan sənədsiz qaraja yaşamaq üçün ailə üzvləri ilə köçmüşdür. Ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinin statusu yaşayış sahəsi statusuna keçirilməmiş, həmin sahədə yaşamaq və ev tikmək üçün İcra Hakimiyyətindən və digər müvafiq dövlət qurumlarından heç bir rəsmi icazə alınmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçının sahibliyində olan həmin tikiliyə dair hər hansı layihə, texniki pasport və digər hüquqmüəyyən edici sənəd müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənəda hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə qanunla müəyyən edilmiş qaydaya riayyət edildikdə yaranır. Belə qaydaya riayyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırda, İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən sahə qanunsuz tikili olmaqla, özbaşına tikili olduğuna görə, onun qonşuluqda inşa edilmiş cavabdehə məxsus digər qanunsuz tikilinin sökülməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh X3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar