Məhkəmə qərarları › İş №2(004)-710/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-710/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-710/2024 19.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mülkiyyətində olan 10044819 nömrəli müqavilə üzrə Abonent kodu: **********900 olan hesaba hesablanmış 334 manat pulun silinməsi və mənzilində yeni su ölçmə sayğacının quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, ev 74 mənzil 90 iddiaçının mülkiyyətindədir. Mənzildə iddiaçı və həyat yoldaşı X1 yaşayırlar. 2022-ci ilin mayın əvvəlinə qədər həmin ünvanda sudan istifadəyə görə sayğac göstəricilərinə uyğun ödənişləri vaxtında ödəmiş və sayğaca tərəfindən heç bir müdaxilə olunmamışdır. 2022-ci ilin may ayında qonşu ünvana usta gələrək iddiaçının ünvanındakı sayğacın da işləmədiyini bildirmişdir. Bu barədə "xxxx" ASC-nin nəzarətçisi Nicat adlı şəxsə zəng vurub məlumat vermişdir. 2022-ci ilin may ayından təxminən oktyabr-noyabr ayına kimi müxtəlif üzrlü səbəblərdən mənzildə yaşamamışlar. Belə ki, 2022-cil ilin mayın 2-də qaynı rəhmətə getdiyi üçün Ağcabədi rayonuna getmişlər. Bu barədə Azərsu" ASC-ın əməkdaşına məlumat vermişlər. Rayondan 2022-ci ilin avqust ayında qayıtmışlar, lakin 2-3 gündən Elmi-Tədqiqat və X2 xəstəxanasına müalicəyə və daha sonra Duzdağ fizioterapiya mərkəzinə yollanmışlar. 2022-ci ilin təxminən oktyabr ayında artıq mənzilə qayıtdıqdan sonra "xxxx" ASC-nin əməkdaşları ünvana gələrək sayğacı yenidən yoxlamış və sayğac işləmədiyi üçün, lakin 5-6 ay ərzində mənzildə olmamaqlarına baxmayaraq əsassız olaraq 160 manat borc yazılmışdır. Daha sonra, çoxsaylı müraciətlərdən sonra 2023-cü ilin yanvar ayında mənzilə yeni sayğac quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra su sərfiyyatı 2022-ci ilin may ayından əvvəlki aylarla müqayisədə dəfələrlə çox yazılır, halbuki gündəlik su sərfiyyatları eyni olaraq qalmışdır. Mənzildə hal-hazırda iki nəfər yaşayır və demək olar ki, hər gün qızlarının evində olurlar, buna görə də su sərfiyyatının artması və "Azərsu ASC" Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il Hesab fakturasında (Qoşma 3) yazıldığı kimi 334 manat miqdarında olması heç cür mümkün deyildir. Bu barədə "xxxx" ASC-nin əməkdaşlarına dəfələrlə müraciət etməylərinə baxmayaraq su sayğacının dəyişdirilməsi barədə heç bir tədbir görülməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi AZEMİS vasitəsilə ərizə ilə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini qeyd etmiş, lakin buna dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, məhkəmə, 08 yanvar 2024cü il, 17 yanvar 2024-cü il və 05 fevral 2024-cü il tarixli məhkəmə iclaslarında da cavabdeh tərəfin üzrsüz səbəbdən iştirak etməməsini də nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi” haqqında 02 fevral 2023-cü il tarixli aktdan görünür ki, işləməyən sayğac tərəflərindən dəyişilib plomblanıb abonentə təhvil verilmişdir. Sökülən sayğacın zavod plombu yox, Azərsu plombu vardır. Sayğac mənzildə şaxtada yerləşir. Ümumi vorc 160 manat qeyd edilmişdir. Ailə tərkibi 1 nəfərdir. İş materiallarına əlavə edilmiş Kodu **********900 olan abonentin katından görünür ki, 10044819 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 360 (üç yüz altmış) manat məbləğində borc hesablanmışdır. Həmin abonent kartından görünür ki, SSS-15 markalı, 131174 nömrəli sayğac xx.xx.2011-ci ildə quraşdırılmış, İSS-15M-1 markalı, 22164029 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. 2023-cü il üzrə aylıq m3 sərfiyyat üzrə yanvar-noyabr aylarında 12-41 kubmetr arasında dəyişmiş, noyabr 2023-cü il tarixdə 54 kubmetr sərfiyyat qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********900 abone kodu üzrə 10 yanvar tarixli hesabfakturadan görünür ki, İddiaçı dövrdən əvvəl qalıq borcu 348 manat təşkil edir. Ailə tərkibi 1 nəfərdir. 1 nəfər üçün istehlak norması 5 kubmetr qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçıya məxsus olan yaşayış evi üçün hesablanılmış köhnə sayğac üzrə 160 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, abonent kartına diqqət yetirdikdə, 2023cü il üzrə aylıq m3 sərfiyyat üzrə yanvar-noyabr aylarında 12-41 kubmetr arasında dəyişmiş, noyabr 2023-cü il tarixdə 54 kubmetr sərfiyyat qeyd edilmişdir. Ailə tərkibi 2 nəfərdən (ər-arvad) ibarət olan (aktda 1 nəfər göstərilmiş) mənzildə 1 nəfər üçün aylıq istehlak norması 5 kubmetr olduğu halda, noyabr 2023-cü il tarixi üzə 1 aylıq sərfiyyatın normadan 10 dəfə çox, yəni 54 kubmetr qeyd edilməsi ağlabatan deyil. Eləcə də digər aylara nəzər saldıqda sərfiyyat arasında kəskin fərqlər görünür. Belə olan halda məhkəmə hesab edir ki, həmin ay üzrə 24 manat sərfiyyat üzrə borc saxlanılmaqla 30 manat və köhnə sayğac üzrə borc kimi saxlanılmış 160 manat, ümumi borcdan cəmi 190 manat məbləğində borc silinməli, eləcə də sərfiyatlar arasında kəskin fərqlərin olmasını, iddiaçı tərəfindən sayğacın dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciətlərin olunmasını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzilə yeni sayğacın quraşdırılması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə goyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı adına olan 10044819 nömrəli müqavilə üzrə Abonent kodu: **********900 olan hesaba hesablanmış 190 (yüz doxsan) manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. ünvan 1 ünvanında yerləşən mənzilə yeni sayğacın quraşdırılması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə goyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar