Məhkəmə qərarları › İş №2(004)-7161/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7161/2025

27.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7161/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 506 manat, 12 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin xx.xx.2009-cü il tarixli, 2(004)-3828/2009 saylı qətnaməsinə əsasən məcburi köçkün X3 və onun ailə üzvlərinin iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri. Yasamal rayonıı. Yeni-Yasamal-1 küçəsi, bina 12, mənzil 191-dən çıxarılmaları, iddiaçının isə ailə üzvlərilə birlikdə həmin mənzilə köçürülməyi qət edilmişdir. Lakin həmin şəxslər məcburi köçkün olduqlarından məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Nəhayət ki, torpaqlar işğal altından azad olunduqdan sonra məcburi köçkün X3 və onun ailə üzvləri xx.xx.2024-cü ildə iddiaçıya məxsus həmin evdən çıxaraq mənzilin açarlarını iddiaçıya təhvil vermişlər. O da ailəsilə birlikdə 2025-ci ilin yanvar ayının 1 -də həmin mənzilə köçmüşdür. Hazırda həmin mənzilə dair cavabdeh tərəfindən 506 manat, 12 qəpik məbləğində borc hesablanmışdır. Qeyd edir ki, həmin borc məcburi köçkün X3 və onun ailə üzvlərinin iddiaçının mənzilini zəbt etdikləri dövrdən başlayaraq 2024-cü ilin dekabr ayının 28-dək yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-cü maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Ona görə də hesab edir ki, cavabdeh həmin borcu ya X1, yada ki, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən tələb etməlidir. Bu barədə cavabdehə ünvanladığı müraciətinə cavab məktubunda cavabdeh bildirmişdir ki, borcu məhz iddiaçı ödəməlidir. Hesab edir ki, cavabdehin bu məktubu əsassız və qanunsuzdur. Cavabdeh ASC məhkəməyə xx.xx.2025-ci il tarixində iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-cı il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Yasamal rayonu, Yeni Yasamal 1, 12 saylı yaşayış binası 8 saylı X4 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının 191 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə 506,12 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı Cəmiyyətə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onların evində məcburi köçkünlər yaşayırdılar və 2025-ci ilin yanvar ayında ev onlara təhvil verildi. Onlar kirayədə qalmışlar və yaşamadıqları evdə kommunal borcu yazılıb. Həmin borcun silinməsini istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, kommunal xidmət iddiaçıya məxsus mənzilə göstərilmişdir və ödənilməlidir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3828/2009 saylı, 12 noyabr 2009cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X2, X5, X8, X7 qarşı “mənzildən çıxarılma və ailə üzvləri ilə birlikdə köçürülmə tələbinə dair iddia tələbi təmin edilərək, cavabdehlər X2, X5, X8, X10 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, 191 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 553/1996 saylı, xx.xx.1996-cı il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarın məzmunundan görünür ki, İcraat zamanı mənzildə məskunlaşan qaçqın ailəsi "Böyük Qayıdış" İ dövlət proqramı çərçivəsində Şuşa şəhərinə mənzil ilə təmin olunaraq köçürülmüşlər. Bununla bağlı zəbt olunmuş mənzil xx.xx.2024-cü il tarixdə qaçqın ailəsi tərəfindən boşaldılaraq iş üzrə tələbkara təhvil verilmişdir. Tərəfindən bu barədə borclular və tələbkarın iştrakı ilə müvafiq akt tərtib olunmuşdur. Belə olan halda İcra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qeyd olunan yaşayış binasına qədər istilik xətləri normal vəziyyətdədir və bina 2024/2025-ci illər payız-qış mövsümündə və əvvəlki payız-qış mövsümlərində Cavabdeh ASC tərəfindən mövcud parametrlərə uyğun istiliklə təmin olunmuşdur. xx.xx.2025-ci il tarixinə mənzilində istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə 506,12 manat borcu vardır. Qısa müddət ərzində borcun ödənilməsini ondan xahiş etmişlər. Onun abonent kodu **********91-dir. Ödənişlərini bank, poçt şöbələrində, Asan Xidmət vasitəsi ilə və eyni zamanda istənilən bank kartı ilə internet üzərindən ölkə ərazisində fəaliyyət göstərən bütün online ödəniş sistemləri və ya terminalları vasitəsilə həyata keçirə bildiyi qeyd olunmuşdur. Mənzilində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin borcları bağlı münasibətlərə dair aidiyyati üzrə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə müraciət etməyini məqsədəuyğun hesab edirlər. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abonent hərəkətləri saldosundan görünür ki, **********91 nömrəli abonent kodu üzrə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, 191 saylı mənzilə xx.xx.2016-ci ilxx.xx.2025-ci illər üzrə 565,12 manat məbləğində borc hesablanmışdır. Son ödəmə xx.xx.2025-ci il tarixdə 59 manat olmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə dəmaraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisinin istifadə qaydaları”nın: 1.2.1-ci bəndinə əsasən istehlakçı enerji təchizatı müəssisəsinin istilik və isti su təchizatı xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.4-cü maddəsinə əsasən, İstilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi (bundan sonra – Müəssisə) ilə istehlakçı arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilir. 1.5-ci maddəsinə əsasən, Müqavilələr bu Qaydalara əsasən verilən texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra əhali qrupuna aid istehlakçılarla bu Qaydaların 1 nömrəli əlavəsi, qeyri-əhali qrupuna aid istehlakçılarla isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılır. 8.5-ci maddəsinə əsasən, İstilik və isti su təchizatı xidmətləri göstərilən tikinti obyektinin mülkiyyətçisi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs dəyişdikdə, əvvəlki istehlakçı mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin dəyişdirildiyi günədək istilik və isti su təchizatı xidmətlərinə görə olan borcunu ödəməlidir. Yeni mülkiyyətçi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs bu hüququ əldə etdiyi gündən 10 (on) gün müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla bu barədə təsdiqedici sənədlər təqdim edərək yeni müqavilənin bağlanılması üçün Müəssisəyə yazılı müraciət etməlidir. Müəssisə yeni mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin müraciət etdiyi gündən 3 (üç) gün müddətində əvvəlki istehlakçı ilə bağlanılmış müqaviləni birtərəfli qaydada ləğv etməli və onunla müqavilə bağlamalıdır. 9.1-ci maddəsinə əsasən, Müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyriəhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, 191 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzildə Şuşa şəhərindən olan məcburi köçkün X2, X5, X8, X10 və onun ailəsi yaşamışdır. Daha sonra onlar 20 dekabr 2024-cü il tarixində “Böyük Qayıdış” İ Dövlət Proqramı” çərçivəsində Şuşa şəhərində mənzillə təmin olunaraq oraya köçürülmüşlər və mənzil mülkiyyətçiyə təhvil verilmişdir. X2, X5, X8, X10 və onun ailəsi mənzildən çıxdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, 506,12 manat istilik haqqı borcu var. İddiaçı tərəf bildirir ki, həmin borcdan 59 manatı ödəmiş, 506,12 manat məbləğində borc isə qalır. **********91 nömrəli abonent kodu üzrə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, 191 saylı mənzil üzrə 506,12 manat məbləğində qalıq borc vardır. Hal-hazırda iddiaçı mübahisəli mənzilə müəyyən edilən istilik təchizatı xidmətlərinə görə yaranan 506,12 manat borcun Cavabdeh ASC tərəfindən silinməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddia tələbində silinməsi tələb olunan borc keçmiş məcburi köçkünlər X2, X5, X8, X10 və onun ailəsinin yaşadığı dövrdə yaranmışdır. Buna görə də, həmin borcun silinməsi barədə iddia tələbi cavabdehə qarşı keçmiş məcburi köçkünlər tərəfindən qaldırılmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, 191 nömrəli mənzil üzrə 506,12 manat məbləğində hesablanmış kommunal xidmətdən istifadə edilmişdir. Abonent hərəkətləri saldosundan görünür ki, mənzil üzrə qalıq borc 506,12 manat təşkil edir. Tələb edilən borc mənzildə yaşayan məcburi köçkünlər X2, X5, X8, X10 və onun ailəsi tərəfindən ödənilməmiş borcdur. Göründüyü kimi iddiaçı üçüncü şəxslərə aid olduğunu iddia etdiyi borcun cavabdeh tərəfindən silinməsini tələb etməkdə subyektiv hüquqa malik deyil. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cümaddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar