Məhkəmə qərarları › İş №2(004)-72/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-72/2021

03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-72/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanan xx xxxx 2014-cü il tarixli Saziş №1073 (İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında), xx xxxx 2014-cü il tarixli Saziş № 2351 (X5 dəyişiklik və əlavələr edilməsi haqqında) və xx.xx.2014-cü il tarixli Saziş №3356 (Zaminlik müqaviləsinə dəyişiklik və əılavələr edilməsi haqqında) müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun oğlu X6 14 il Cavabdeh QSC-nin işçisi olmuşdur. X8 üzrə oğlu Vüqar Camallı Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17R000006984 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 0,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 58500 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Çox sonradan o başa düşmüşdür ki, Cavabdeh QSC-nin işçilərinin məqsədi onların Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, dalan 4-də xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 209.1 kv.m ümumi, 126.7 kv.m yaşayış, 82.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı, xüsusi mülkiyyətli, 6 nömrəli fərdi yaşayış evlərini əllərindən alınmasıdır. O, sənədlərə qol çəkəndə hesab edir ki, torpağı girova qoymuş, evi yox, evin sənədlərinə qol çəkməyi isə ona çıxarış almaqdır. Belə ki, 2014-cü ildə isə bank işçiləri ona bildirmişdilər ki, “Get evə çıxarışı al!”. Sonradan o bilmişdir ki, bank onların evlərini əllərindən almaq məqsədi ilə və öz məqsədinə çatmaq üçün bütün bu kredit oyunlarına əl atmışdır. Özü də bir maraqlı məsələni bildirmək istəyir ki, ev faktiki 2 sotun içindədir, yəni 3 sot orda yoxdur, həmin sənədlər tələm-tələsik bank tərəfindən hazırlayanda kobud səhvlərə yol verilmişdir. Bunlar hamısı barədə onun məlumatı olmamışdır. Özü də onun oğlu krediti götürəndən sonra onu bir müddət sonra həmin bankdan işdən çıxarılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən oğlunu şirnikləşdirilmiş, kredit verilmiş, sonradan da işdən çıxarılmışdır. Bununlada onların ailəsini çox ağır vəziyyətə salmışdırlar. Hazırda faktiki olaraq cavabdeh şəhid ailəsinin yaşadığı yeganə evi alaraq onları çölə atır. O, Azərbaycan Respublikasının vətəndaşıdır, pensiyaçıdır, hüquqi savadı yoxdur. Eyni zamanda hesab edir ki, fərdi evin qiymətləndirilməsinə dair hesabat da çox qərəzlidir. Belə ki, o, həmin evə qat-qat çox pul sərf etmiş və hesabat evin qiymətləndirilməsini düz aparmamışdır. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onunla Cavabdeh QSC arasında bağlanan xx xxxx 2014-cü il tarixli Saziş №1073 (İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında), xx xxxx 2014-cü il tarixli Saziş №2351 (X5 dəyişiklik və əlavələr edilməsi haqqında) və xx.xx.2014-cü il tarixli Saziş №3356 (Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o banka olan borcunu danmır, borları var və o borc ödənilməlidir. Zamin müqaviləsinə o qol çəkmişdir, bunu etiraf edir. Lakin o evini girov qoymamış, heç bir girov müqaviləsinə də, imza etməmişdir. Onun imza etdiyi sənədlər əslində digər sənədlər olmuş və hesab etmişdir ki, evin sənədlərninin hazırlanması üçün sənədlərə imza atır. O, ekspertizanın qərarı ilə razı deyildir. Girov müqaviləsindəki imza da, onun imzası deyildir. Odur ki, məhkəmədən ədalətli qərar çıxardılmasını xahiş edir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil da iddiaçı ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə Cavabdeh QSC arasında bağlanan xx xxxx 2014-cü il tarixli Saziş №1073 İpoteka Müqaviləsi və xx xxxx 2014-cü il tarixli Saziş №2351 (X5 dəyişiklik və əlavələr edilməsi haqqında) və xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Saziş, müqavilələr cavabdeh tərəfindən imzalanmamışdır. Onlar ekspertizanın rəyi ilə də, razı deyildir. Belə ki, ekspert rəyi dəqiq göstərilməmiş, rəyin əsaslandırıcı hissəsində mübahisələndirilən imzaların İddiaçı tərəfindən imzalanmasına kifayət qədər ehtimalların olması göstərilmişdir. Halbu ki, ekspert rəyi dəqiq olmalıdır. Odur ki hesab edir ki, qeyd olunan ekspert rəyinə istinad oluna bilməz. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X4, X2 və İddiaçı qarşı kredit borcunun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-257/2018 saylı qətnaməsinə əsasən qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1514/2019 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-5016/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1514/2019 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bütün bunlardan görünür ki, iddia ərizəsi tam əsassızdır, iddianı verməkdə məqsəd Bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq və əlavə vaxt qazanmaqdır. Odur ki, iddia tələbi əsasızdır və məhkəmədən rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X4, X2 və İddiaçı qarşı kredit borcunun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5016/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/921 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 159-cu vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 3356 nömrəli xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2 Zamin:” hissəsində “imza” qrafasındakı və 160-cı vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 1073 nömrəli xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2. İpoteka Verən:” hissəsində “imza” qrafasındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Zamin İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 3356 nömrəli Sazişə əsasən, kredit xəttinin məbləği 150000 ABŞ dolları və müddəti 166 ay müəyyən edilmiş, tərəflər xx.xx.2010-cu il tarixdə bağlanmış 01L000002351 nömrəli X3 irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədə olmasına dair razılaşmışlar. İpoteka verən İddiaçı, borclu X6 və Cavabdeh QSC arasında bağlanmış İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 1073 nömrəli Sazişə əsasən, İpoetak verən İddiaçı özünə məxsus fərdi yaşayış evini xx.xx.2010-cu il tarixdə bağlanmış 01L000002351 nömrəli X8 və müqavilənin ayrılması hissələri üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoetak yüklü etmiş, kredit xəttinin məbləği 150000 ABŞ dolları və müddəti 166 ay, ipoetak predmetinin dəyəri 47058 manat, ödəniş dövrülüyü bir aydan bir bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxxx 2014-cü il tarixli 1073 nörməli Sazişin, X5 dəyişiklik və əlavələr edilməsi haqqında xx xxxx 2014-cü il tarixli 2351 nörməli Sazişin və Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli 3356 nörməli Sazişin ləğv edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin Sazişlərin ləğv edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. İddiaçı bu halları vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı ilə əsaslandırsa da, sadalananlar ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı səxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmıs əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. İddiaçı tərəfindən ilkin iddia tələbi, tərəflər arasında bağlanılmış müqavilələrin etibarsız hesab edilməsindən ibarət olsa da, daha sonra iddaçı iddanın dəqəqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mübahisələndirilən müavilələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Eyni Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi eyni zamanda iddia tələblərinin əsası kimi mübahisələndirilən müqavilələrin iddiaçı tərəfindən imzalanmamasına da, əsaslanmışdır. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edərək bildirir ki, iddiaçı məhkəmə iclasında müqavilələrdə olan imzaların onun tərəfindən icra edilmədiyini bildirsə də, iş üzrə təyin edilmiş və rəyi alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/921 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 159-cu vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 3356 nömrəli xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2 Zamin:” hissəsində “imza” qrafasındakı və 160-cı vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 1073 nömrəli xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2. İpoteka Verən:” hissəsində “imza” qrafasındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Sözü gedən bu hal eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi və iddiasını əsaslandırdığı iddia ərizəsi ilə də, etiraf edilmişdir. Belə ki, həmin iddia ərizəsində iddiaçı müqaviləninin onun tərəfindən icra edildiyini etiraf etmiş, iddianın əsaslandırıcı hissəsini sənədlərə qol çəkərkən evi deyil, torpağı girova qoyduğunu, evin isə sənədlərinə, ona çıxarış alınması üçün lazım olduğundan imza etdiyi guman etməsi ilə əsaslandırmış, sonradan məhkəmə iclasında isə həmin imzaların ümumiyyətlə onun tərəfindən icra edilməməsi bildirilmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi apelyasiya, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi isə kassasiya qaydasında mübahisələndirilmiş, apelyasiya və kassasiya şikayətlərinin əsasınə isə fərdi yaşayış evinin qiymətinin aşağı olması və tələb olunan borcun çox olması, birdəfəlik ödənişin edilməsinin mümkünsüzlüyü təşkil etmiş, iddiaçı tərəfindən hazırki idda ərizəsində gösdərilən hallar və eləcə də, mübahisələndirilən müqavilələrin onun tərəfindən imzalanmaması həmin apelyasiya və kassasiya şikayətlərində ümumiyyətə mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan, İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar