Məhkəmə qərarları › İş №2(004)-72/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-72/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-72/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı Svitlana Gasymovanın nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Svitlana Gasymovanın Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.08.2020-ci il tarixli MXD-007554 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 4104 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Sukanal İdarəsinn xidməti ərazisində yerləşən müqavilə nömrəsi 138316 olan istifadəsində olan obyektə baxış keçirirlən zaman guya su və tullantı sularının axıdılması xidmətlərindən qeyri-qanuni istifadəyə görə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən 18.08.2020-ci il tarixli MXD- 007554 nömrəli akt tərtib olunmuş, 2052 m3 (4104 manat) dəymiş ziyan hesablanmışdır. Həmin akt qanunsuz və əsassızdır. Sözügedən akt iştirakı olmadan tərtib edilmiş, hansı şəraitdə və nə cür hazırlandığı məlum deyil. Aktdan xəbəri yalnız hesabında yaranmış borcun araşdırılması ilə bağlı Cavabdeh ASC-yə 06.10.2020-ci il tarixli məktubla müraciət etdikdən sonra olmuşdur. Hesab edir ki, su və tullantı sularının axıdılması üçün istifadə etmədiyi halda bu qədər vəsait ödəməyi ədalətsiz və qanunsuzdur. Buna görə də, 18.08.2020-ci il tarixli MXD-007554 nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış cərimə silinməlidir. Məhkəmə prosesinin gedişatında X4 29.04.2021-ci il tarixdə vəfat etmiş və Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinin tələbinə uyğun olaraq, onun hüquq varisi Svitlana Gasymova ilə əvəz edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı Svitlana Gasymova nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən X3 ünvanlanmış 04.11.2200-ci il tarixli məktubundan görünür ki, qeyd olunan ünvanda yerləşən qeyriyaşayış sahəsinin su və tullantı sularının axıdılması ilə bağlı müraciətə baxılmış və bildirilmişdir ki, Abşeron rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 138316 olan obyektə baxış keçirilən zaman su və tullantı tullantı sularının axıdılması xidmətlərindən qeyri-qanuni istifadəyə görə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən 18.08.2020-ci il tarixli MXD-007554 saylı akt tərtib olunmuş, 2052 m3 (4104 manat) dəymiş ziyan hesablanmışdır. Hazırda su tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sayğacın son göstəricisi 1409 m3 olmaqla hesabında yaranmış borc 4025,24 manat təşkil edir. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə məsələnin hüquqi müstəvidə araşdırılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş Abonent kartına əsasən Abşeron rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 138316 olan obyektin su sərfinə görə yekun borcu 4104 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə görə Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır.Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir.STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır.Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 18.08.2020-ci il tarixli MXD-007554 saylı akta əsasən Abşeron rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 138316 olan obyektə baxış keçirilən zaman su və tullantı tullantı sularının axıdılması xidmətlərindən qeyri-qanuni istifadəyə görə 4104 manat məbləğində borc hesablanmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız olaraq, tərtib edilmiş 18.08.2020-ci il tarixli MXD- 007554 saylı akt ləğv edilməli, həmin akta əsasən hesablanmış borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18.08.2020-ci il tarixli MXD-007554 saylı akt ləğv edilsin və həmin akta əsasən Abşeron rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 138316 olan obyektə hesablanmış 4104 (dörd min bir yüz dörd) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 61,04 (altmış bir manat 4 qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar