Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-729/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının bərpası və qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 27 saylı evin 75 saylı mənzilinə su sərfıyyatına görə tələb edilən 1925,37 manat məbləğində borcun silinməsi və ödənilmiş 600 manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 27 saylı evin 75 saylı mənzilinin mülkiyyətçisidir. 2021 -ci ilin noyabr ayında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən ona bildiriş təqdim edilərək, 2600 manat məbləğində borcu olduğu bildirilmişdir. O, bir ayın içində bu qədər borcu ola bilməyəcəyini demiş və nəticədə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman 600 manat borcu olduğu deyilmişdir. İddiaçı bu məbləğin də çox olduğunu bildirsə də qarşı tərəf əks təqdir də suyun kəsiləcəyini bildirmişdir. O da nəticə də məcbur qalıb bu məbləği borc tapıb ödəmişdir. Lakin, bundan sonra da ona bildiriş gəlmiş və 1900 manatdan çox borcu olduğu, eyni zamanda bu pulu vaxtında ödəməsə suyun kəsiləcəyi ilə bağlı xəbərdarlıq gəlmişdir. O, cavabdeh orqanın Nərimanov ərazi idarəsinə getmiş və nəticədə orada yanlışlıq olduğu bildirilmişdir. Nəticədə sayğac götürülmüş və yenisi ilə əvəz olunmuşdur. Lakin yaranmış borcu silmək məsələsində isə ona bildirilmişdir ki, onların belə səlahiyyəti yoxdur və məhkəməyə müraciət etməlidir. Əslində su sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi istehlakçının vəzifəsi deyildir. İddiaçı, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar olunan hallar barədə su paylayıcısına məlumat verməlidir. Lakin su idarəsinin əməkdaşı nəinki vəziyyətin əsl səbəbini araşdırmağa səy göstərməmiş, hətta qulaq asmaq belə istəməmişdir. Ona görə də belə bir iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştiak edn İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vemiş, əlavə olaraq bildirmişdir ki, ona məxsus mənzilə iki dəfə sayğac quraşdırılmışdır. İlham Mahmudov adlı şəxsi tanımır. Sonuncu dəfə sayğac dəyişdirilib, yoxlama üçün labarotoriyaya aparılmışdır. Lakin sayğacın harada olduğu məlum deyildir. "xxxx" ASC-nin əməkdaş bildirmişdir ki, sayğacın kodu başqa həyət evinə məxsusdur. Ona görə də sayğac tapılmır. Hesab edir ki, borc əsassız hesablanmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı sayğacın götürlüyünü bildirsə də, labarotiriyaya belə bir sayğac daxil olmamış və hər hansı rəy verilməmişdir. Abonentin saldosundan görünür ki, 2014-cü ilə qədər qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanma aparılmış, 2015-2017-ci illərdə normal oxuma olmuşdur. 2018-ci ildə isə normal müqavilə göstərilmişdir. Cavabdeh ASC-nin əməkdaşlarına 1 il 7 ay qapını açan olmamışdır. 2019-cu ildə isə sərfiyyat 5061 m3 göstərilmişdir. Bunun səbəbi isə 1 il 7 ay heç kim əməkdaşlara qapını açmamış, suyun açıq qalaraq kanalzasiyaya axması olmuşdur. Həmin sərfiyyat sayğacın üzərində olan göstəricidir. Cavabdeh ASC-nin əməkdaşları isə sayğacın harada olduğunu bilmir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 27 saylı evin 75 saylı mənzili İddiaçı adına 27.04.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan ********* nömrəli 22.11.2021-ci il tarixli hesab fakturadan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən ev 27 ünvanında yaşayan abunəçi İlham Mahmudova 1925,37 manat borc hesablanmışdır. İş materiallarında olan abonent kartından (saldo) müəyyən edilir ki, 401610 nömrəli sayğac üzrə göstəricilər 2018-ci il üzrə 19.02.2018-ci və 28.03.2018-ci il tarixlərdə qeydə alınmış, sonrakı aylar üzrə isə hər hansı qeydiyyat aparılmamışdır. Yalnız 26.04.2019-cu il tarixdə su təchizatı xidmətindən istifadəyə görə məlumatlar qeydə alınmış və sərfiyyat 5029 m3 göstərilmişdir. Su sərfiyyatı 2019-cu il üçün 5061 m3, 2020-ci il üçün 207 m3 və 2021-ci il üçün 33 m3 olmuşdur. İddiaçı ümumilikdə 750 manat ödəniş etmiş,1925,37 manat borc yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 27 saylı evin 75 saylı mənzili üçün hesablanılmış 1925,37 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, Cavabdeh ASC tərəfindən 28.03.2018-ci il tarixdən 27.03.2019-cu il tarixə qədər istehlakçıya verilən suyun dəyərini hesablanmamış, bu barədə istehlakçıya məlumat təqdim edilməmişdir. Halbuki, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Borcun yaranma mənbəyi məlum deyildir. Odur ki, 1925,37 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prosektində yerləşən 27 saylı evin 75 saylı mənzilinə sərf edilmiş suya görə əsassız hesablanmış 1925,37 (bir min doqquz yüz iyirmi beş manat otuz yeddi qəpik) manat borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prosektində yerləşən 27 saylı evin 75 saylı mənzilinə sərf edilmiş suya görə əsassız hesablanmış 1925,37 (bir min doqquz yüz iyirmi beş manat otuz yeddi qəpik) manat borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-729/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-729/2022
01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver