Məhkəmə qərarları › İş №2(004)-7305/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7305/2021

23.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7305/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı binanın 12 nömrəli mənzili üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 886,45 manat borcun onun abunə hesabından silinməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı binanın 3 (üç) otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 12 nömrəli mənzili onun xüsusi mülkiyyətindəir və 2008-ci ildən ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu dövr ərzində bütün kommunal ödənişləri, o cümlədən sudan istifadəyə görə olan ödənişlər daxil olmaqla, onun tərəfindən vaxtlı-vaxtında ödənilir. 26 avqust 2021-ci il tarixdə Azərsu ASC-nin Xətai rayon idarəsinin əməkdaşı olaraq özünü təqdim edən Seyfəddin adlı şəxs su sayğacının göstəricilərini qeydiyyata almaq üçün mənzilə daxil olub. Əlindəki xüsusi cihazla su saygacinin göstəricilərini qeyd etmək istədikdə, cihaz heç bir məlumat verməmiş, yəni borcu müəyyən edə bilməmiş və su borcunu əks etdirən qəbzi çap edərək ona təqdim etmək mümkün olmamışdır. Həyat yoldaşı bunun səbəbini ondan soruşduqda, Azərsu ASC-nin Xətai rayon idarəsinin əməkdaşı özünündə anlamadığını bildirmş və əlavə olaraq əlaqə saxlayacağını deyərək mənzili tərk etmişdir. Təxminən bir ay sonra 22.09.2021-ci il tarixdə mənzilin qapısını açdıqda su borcu qeyd olunan qəbz görərək götürmüş və qəbzdə qeyd olunan 886,45 manat borc məbləğini gördükdə dəhşətə gəlmişdir. 6 oktyabr 2021-ci il tarixdə məsələni aydınlaşdırmaq üçün Azərsu ASC-nin Xətai rayon idarəsinə getmişdir. İlk növbədə mənzilinə aid abonent kartının təqdim edilməsini istəmişdir. Abonent kartında su sayğacının quraşdırıldığı gündən bu gunə qədər olan su sərfiyyatı və etdiyi ödənişlər öz əksini tapmışdı. Daha sonra, idarənin metrologiya və abonentlərlə iş bölmələrində danışıqlar apardıqdan sonra, qərarlaşmışlar ki, mənzilindəki su saygacı yenisi ilə əvəzlənsin, köhnə sayğac isə tərəfindən rəy alınması üçün Azərsu ASC-nin xüsusi laboratoriyasına təqdim edilsin. 08 oktyabr 2021-ci il tarixdə su idarəsinin əmkdaşları onun mənzilinə gələrək, yeni su sayğacı quraşdıraraq, sayğacın dəyişdirilməsinin təsdiq edən sənədi və köhnə sayğacı laboratoriyaya təqdim etmək məqsədi ilə mənə təhvil vermişdir. 28 oktyabr 2021-ci il tarixdə saygacı və verilən sənədi Azərsu ASC-nin X1 laboratoriyasına təqdim etmişdir. Laboratoriyanın Fuad adlı əməkdaşı sayğaca və sənədə baxaraq su sayğacını yoxlamağa qəbuldan imtina etmiş, sənəddə və sayğacın üzərində yazılan sayğacın nömrələri və plombanın üzərində və sənəddə olan rəqəmlərin fərqli olduğunu bildirmişdir. Həmçinin sayğacın üzərində əks olunan son göstərici və sənəddə yazılan son göstəricinin uygun gəlmədiyini bildirmişdir. O, bu deyilənləri akt formasında yazılıb ona verilməsini tələb etdikdə Fuad belə bir səlahiyyəti olmadığında akt yaza bilmədiyi bildirmiş və ona laboratoriyanın müdürinə müraciət etməsini məsləhət görmüşdür. Onu laboratoriyanın müdüri Eyvaz müəllim qəbul etdikdə ona yaranmış vəziyyəti nəql etmiş, bundan sonra, Fuad sayğacı yoxlamaq məqsədi ilə qəbul etmiş və onunla əlaqə saxlanılacagını bildirmişdir. 02 noyabr 2021-ci il tarixdə o, Fuadla əlaqə saxladıqda Fuad ona rəyin yazıldığını və Xətai su idarəsində olduğunu bildirmişdir. 03 noyabr 2021-ci il tarixdə o, Xətai su idarəsinə gedərək rəyi götürmüş, abonentlərlə iş bölməsinin rəhbəri ilə danışdıqdan sonra, məsələlin öz həllini yalnız məhkəmədə tapa biləcəyini anlamışdır. Həmçinin, təqdim edilmiş rəylə tanış olduqda ona məlum olmuşdur ki, sayğacın istismar müddəti başa çatıb, təmirə və istismara yararsızdır. Eyni zamanda rəydə qeyd edilir ki, sayğaca müdaxilə aşkar edilməyib. Beləliklə, Azərsu ASC-nin nəzdində olan laboratoriyanın verdiyi rəy onu deməyə tam əsas verir ki, su sərfiyatına dair ona yazılan borc yanlışdır, əsassızdır və qanunsuzdur. Abonent kartından görünür ki, sayğacın bu hadisədən öncəki son göstəricisi 29 mart 2021-ci ildə fiksə edilib və bu göstərici-1782 olub, növbəti dəfə saygacin göstəricisi isə 26 avqust 2021-ci il tarixində faktiki yazılsa da, abonent kartında bu tarix 03 avqust kimi qeydə alınıb və bu dəfə göstərici -2699 olub, yəni 4 ay 4 ərzində su sərfiyatı 2699-1782=917 kubametrə bərabərdir. Abonent kartından görünür ki, sayğac 01 iyun 2009-cü il tarixində mənzilə quraşdırılıb və 29 mart 2021-ci il tarixinə qədər ( 12 il ərzində) su sərfıyyatı cəmi -1782 kubametr təşkil etdiyi halda, 2021-ci ilin cəmi 4 ayı ərzində sərfiyyat 917 kubometr olub. Çox absurd bir məsələdir. Eyni zamanda qeyd edilməlidir ki, saygacın laborator yoxlanılmasının məhz Azərsu ASC-nin tabeliyində olan qurum tərəfindən keçirilməsi qanunaziddir, hesab edir ki, bu yoxlamanı müstəqil laboratoriya həyata keçirməli idi. Həmçinin rəydə abonentin yoxlamada iştirak etdiyi qeyd edilsə də, əslində onun iştirakı və yaxud qanuna uygun olaraq hal şahidlərinin iştirakı təmin eddilməyib. Lakin laboratoriyanın veridiyi rəy tam obyektivdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi barədə sənəddən məlum olur ki, İddiaçı aid olan Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı binanın 12 nömrəli mənzili üzrə 01.06.2009-cu il tarixdə quraşdırılmış sayğac abonentin müraciəti əsasında 08.10.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Cavabdeh ASC-nin ətraflı abonent kartının surətindən müəyyən edilir ki, iddiaçı 2010- 2021-ci illər üzrə cəmi 667,78 manat (2010-cu il üzrə 121 manat, 2011-ci il üzrə 12 manat, 2012-ci il üzrə 55 manat, 2013-cü il üzrə 71 manat, 2014-cü il üzrə 49,50 manat, 2015-ci il üzrə 76,28 manat, 2016-cı il üzrə 102 manat, 2017-ci il üzrə 62 manat, 2018-ci il üzrə 51 manat, 2019-cu il üzrə 20 manat, 19.02.2021-ci il tarixdə 30 manat və 26.05.2021-ci il tarixdə 18 manat) pulu Cavabdeh ASC-nin hesabına ödəmişdir. Həmçinin, 2021-ci il üzrə su və kanalzasiya xidmətlərindən istifadəyə görə xidmət haqqı 29.03.2021-21.07.2021-ci il tarixlərində 5-7,17 manat arasında, 03.08.2021-02.09.2021-ci il tarixlərində 901 manat məbləğində, sayğac dəyişdirildikdən sonra isə 10 manat hesablanmışdır. İddiaçı 2021-ci il üzrə 48 manat ödəniş etmiş və 886,45 manat borcu vardır. Cavabdeh ASC-nin X4 İdarəsi “X1 Laboratoriyası” tərəfindən tərtib edilmiş 39783/0124945 nömrəli rəyə əsasən, suölçən cihazın istismar müddəti başa çatmış, cihazda müdaxilə aşkar olunmamış və istismara yararsız olduğu göstərilmişdir. Həmçinin, STKM-ə məxsus Cavabdeh loqolu plombun mövcud olduğu göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı binanın 12 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı mənzildə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə xidmət haqqının vaxtı-vaxtında ödəmişdir. Habelə iş materiallarında olan Cavabdeh ASC X4 İdarəsi “X1 Laboratoriyası” tərəfindən 39783/0124945 saylı Rəydən görünür ki, iddiaçının istifadəsində olan su sayğacının istismar müddəti başa çatmış, cihazda müdaxilə aşkar olunmamış və istismara yararsızdır. Su və kanalzasiya xidmətlərindən istifadəyə haqqı 29.03.2021- 21.07.2021-ci il tarixlərində 5-7,17 manat arasında hesablandığı halda, 03.08.2021- 02.09.2021-ci il tarixlərində 901 manat məbləğində (digər aylara nisbətən dəfələrlə çox) hesablanmışdır. Sayğac dəyişdirildikdən sonrakı ay üçün isə 10 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzil üzrə abonent hesabına istifadəyə yararsız və istismar müddəti başa çatmış sayğac əsasında əsassız olaraq yüksək məbləğdə borc yazılmışdır. Həmçinin, sayğaca müdaxilə olmadığı da müəyyən edilmişdir. Cavabdeh tərəfindən borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı binanın 12 nömrəli mənzili üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 886,45 manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 886,45 (səkkiz yüz səksən altı manat qırx beş qəpik) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar