Məhkəmə qərarları › İş №2(004)-7340/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7340/2025

10.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7340/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ondan ünvan 1 ünvanda qazdan istifadəyə görə tələb etdiyi 17280 kub.m. ziyanın 2200 manat məbləğinin silinməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu ünvanda qazdan istifadə ilə bağlı **********700020 saylı abonentdir. Cavabdeh tərəfindən ona məxsus evin küçə tərəfdən fasadına “Zenner 4GT Smart” markalı qaz sayğacı quraşdırılmışdır. 17 noyabr 2022-ci ildə cavabdeh həmin sayğacı **********926 saylı sayğacla əvəz edib və buna görə ******* saylı akt tərtib edib. Evində məişət qaz cihazlarından istifadə edilərək qaz sərf olunur. O, hər ay sayğacın göstəricilərinə əsasən sərf etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Lakin cavabdehin işçiləri onun iştirakı və xəbəri olmadan 21 iyun 2023-cü ildə ******* saylı akt tərtib ediblər. Həmin aktda göstərilib ki, guya cavabdehin 29/1710- 04507 saylı aktına əsasən sayğaçın plasmas borusu deşilib. Buna görə ona 17280 kub.m. itirilmiş qaza görə ziyan hesablanıb, ondan 2200 manat pul alınması nəzərdə tutulub və artıq o, pulun 900 manat hissəsi o, qaz pulu ödədikcə ziyana hesablanıb. Lakin 21 iyun 2023-cü ildə ******* saylı akt onun iştirakı və məlumatı olmadan tərtib olunub. O, hesablanmış ziyanın ödənilməsini öhdəsinə götürməmişdir. Sayğac göstəricilərinə görə isə onun heç vaxt qalıq borcu olmayıb. Heç bir qanun əsası olmadan birdən-birə qalıq borcunun süni şəkildə 2200 manatadək artırılması və həmin məbləğin ödəniləcək qalıq kimi göstərilməsi və tələb edilməsi reallıqdan uzaqdır, həqiqəti əks etdirmir, saxtakarlıqdır. Bununla bağlı X2 müraciət etdikdə orada şifahi olaraq bildiriblər ki, guya qalıq qaz sayğacında qüsur səbəbindən yaranıb, buna görə hansısa aktı imzalamalıdır. Lakin o, təqdim olunan saxta aktı imzalamaqdan imtina etdi. Sayğacdakı qüsurdan (əgər bu baş vermişsə) onun xəbəri yoxdur, bununla bağlı onun iştirakı ilə heç bir akt tərtib olunmayıb. Qaz sayğacı ona məxsus evdən kənardadır. O, həmin sayğacdakı qüsur olub-olmamasına nəzarət etmək imkanında deyil, sayğacda olan nasazlıqlara və çatışmamazlıqlara görə də məsuliyyət daşımır, həmin məsuliyyəti qaz paylayıcı daşıyır. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, cavabdeh tərəfindən akta əsasən 2073,60 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X1 xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, icraatında İddiaçı (İİH:**********700020) Cavabdeh İB-yə qarşı 2200,00 manat borcun silinməsi tələbinə dair 2(004)-7340/2025 saylı mülki iş vardır. İş üzrə iddiaçı ona əsassız olaraq 2200,00 manat borc hesablandığını iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. Qeyd etmişdir ki, sayğaca istehlakçı tərəfindən müdaxilə faktı həqiqətən də mövcud olmuşdur. Sayğaca heç bir müdaxilənin olmaması iddia ərizəsində qeyd olunmuş olsa da, müdaxilə nəticəsində sayğacın yararsız vəziyyətə salınmasından faydalanan şəxs və şəxslər həmin ünvanda yaşayan şəxslər olmuşdur. Sayğac küçədə yerləşdiyi üçün ona mümkün müdaxilələrdən cavabdeh olmadığını qeyd edən istehlakçının dövlət əmlakına ən azından vicdanlı yanaşma kimi öhdəliyi olmuşdur. Axı, istehlakçı aydın şəkildə görürdü və dərk edirdi ki, istehlak etdiyi qazın həcmi ilə ödəniyi məbləğlər tərs mütənasibdir. Sayğac dəyişməzdən əvvəl aparılan ödənişlərlə sonrakı tarixdə edilən ödənişləri müqayisə etsələr ən azı iki dəfə artım halı dərhal müəyyən ediləcəkdir. Belə ki, 2021-ci ildə 266 manat 2022-ci ildə 201,40 manat 2024-cü ildə 691 manat 2025-ci ildə 895 manat ödəniş edilmişdir. Sayğaca müdaxilə və müdaxilədən faydalanan şəxsin məhz istehlakçı olması mübahisəsizdir. Buna görə də təqdim olunan sübutlar əsasında məhkəmə tərəfindən iddiaçının sayğaca müdaxilə ilə bağlı təqsiri müəyyən edilməklə iddia tələbi rədd edilməlidir. Sayğaca müdaxilə faktına görə zərərin məbləğı 2073,60 manat hesablanmış olsa da, iddiaçı məlum olmayan səbəbdən bu məbləği 2200,00 manat məbləği kimi qeyd etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 2200,00 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, akt tərtib olunan zaman iddiaçının iştirakı və xəbəri olmamışdır. Sayğacın plastmas borusunu dəyişiblər. İtirilmiş qaza görə ziyan hesablanmışdır. Hesablanmış ziyanın ödənilməsini öhdəsinə götürmür. Həyət evidir. Sayğac hasardan çöldə - küçədə yerləşir. Aktdan 25 noyabr 2025-ci ildə məlumatı olmuşdur. Akt iyun ayında tərtib olunmuş, sayğac isə iyul ayında quraşdırılmışdır. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi AZEMİS elektron kabinet vasitəsilə ərizə ilə 09 fevral 2026-cı il tarixdə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh İB-nin 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4 x 24 x 180 = 17280 m3 hesablanmışdır. Əsas: xx.xx.2023-cü il tarixli ******* nömrəli akt. - abonent kodu **********00020 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə qalıq və aktlar əsasında 2073,60 manat məbləğində borc hesablanmışdır. Sayğacın tipi: Zenner G4T SMART xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. - Cavabdeh 21 iyun 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 3 ünvanına quraşdırılmış sayğacın Cavabdeh İB-nin 29/1710-04507 saylı aktına əsasən çıxış plasmas borusu deşilib. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, qaz sayğacının çıxış plasmas borusu deşildiyindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərək abunəçiyə 2073,60 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 3 ünvanına dair abonent kodu **********00020 olan İddiaçı adına hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 ünvanına dair abonent kodu **********00020 olan İddiaçı adına hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar