Məhkəmə qərarları › İş №2(004)-738/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-738/2023

29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-738/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən, ona məxsus fərdi yaşayış evinə Cavabdeh ASC tərəfindən qanunsuz olaraq yazılmış 418,26 manat borcun silinməsi və ödənilən 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən, ona məxsus fərdi yaşayış evinə “AZƏRSU ASC tərəfindən səhvən 418,26 manat borc yazılmışdır. Yaranmış problemlə bağlı şəxsən Cavabdeh ASC-yə yazılı müraciət etmişdir. Sözügedən qurumdan müvafiq cavab məktubu alınmışdır. Həmin cavab məktubu onu qane etmir. Belə ki, fərdi yaşayış evində heç kim qalmadığından orada borcun olması həqiqəti əks etdirmir. Qurumun işçiləri ilə söhbət zamanı məlum olmuşdur ki, həmin əraziyə baxan müfəttiş qanunsuz olaraq hasardan keçərək həyətə daxil olmuş və ona məlum olmayan səbəblərdən və qanunsuz olaraq su hesabına borc yazmışdır. Bir tərəfdən evdə heç kimin yaşamaması, digər tərəfdən su idarəsinin əməkdaşının müvafiq icazə olmadan mənim mülkiyyətimdə olan evin həyətinə daxil olması bir daha həmin şəxsin əməlinin qanunsuz olduğunu, yazılmış borcun isə əsasız olmasını təsdiq edir. Eyni zamanda sözügedən evlə bağlı işıq və qaz idarələrə müraciət etmiş və həmin qurumlardan aldığı arayışlara əsasən fərdi yaşayış evinin heç bir qaz və işıqla bağlı orada yaşayış olmadığına görə borcu yoxdur. Söhbət zamanı cavabdehin nümayəndələri dolayısı ilə borcun səhvən yazıldığını təsdiq edərək ona bildirmişdilər ki, artıq yazılmış sərfiyyat səhvən sistemə daxil edildiyinə görə onun silinməsi səlahiyyəti xaricindədir və məhkəməyə müraciət edilsə həmin borc silinəcəkdir. Yaranmış vəziyyətlə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmin ünvanda ümumiyyətlə sudan və su sayğacından istifadə edilmir, səbəbi isə həmin ünvanda heç kimin yaşamamasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 48,5 kv.m yaşayış sahəsi, 18,3 kv.m köməkçi sahəsi olan 3 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən yaşayış binasının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına o cümlədən üzərindəki plombların toxunulmazlığına isə cavabdehlik daşıyır. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin su təhcizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2008-ci il tarixində 29713221 nömrəli müqavilə bağlanaraq **********145 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən xx.xx.2012-ci il tarixədək hesabat normativə uyğun olaraqailə tərkibinə əsasən aparılmışdır. Qeyd edilən tarixdən ünvanın hesabatı su xətti üzərində quraşdırılmış İSS-15 markalı 10171858 nömrəli mexaniki tipli su sayğacının göstəricinə əsasən aparılmışdır. Sözügedən sayğac sökülmüşdür və xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən yerində CSS-20 markalı 20074475 nömrəli mexaniki tipli su sayğacı quraşdırılaraq istismara verilmişdir. Hazırda su təhcizatı xidmətindən istifadəyə görə fərdi yaşayış evinin hesabında yaranmış borc 418,26 manat təşkil edir. Qeyd olunan borc istismarda olan sayğacların göstəricilərinə əsasən hesablanmış ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə su təchizatı dayandırılacaq və məhkəməyə müraciət ediləcəkdir. İddia ərizəsinə materiallarına əlavə edilmiş **********40028 nömrəli Abonent kartından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivi, ev 2024, 0028 saylı mənzildə su sərfiyyatına görə hesabat aparılmış və 418,26 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 6.4-cü bəndinə əsasən yaşayış binasının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına o cümlədən üzərindəki plombların toxunulmazlığına isə cavabdehlik daşıyır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən mənzilə su və tullantı tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 418,26 manat borc hesablanmış, lakin cavabdeh iddiaçıya sudan istifadəyə görə 418,26 manat borcunun hesablanmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Borcun silinməsinə dair iddiaçının müraciətinə baxmayaraq həmin borc abonent kartından silinməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız hesablanmış 418,26 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə Cavabdeh ASC tərəfindən yazılmış 418,26 manat borc silinsin və məhkəməyə ərizənin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar