Məhkəmə qərarları › İş №2(004)-7402/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7402/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7402/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə 16.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 08.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********88109 olan Samsung Galaxy J8 telefon üçün 286 manat ödənilməmiş hissə, 28 manat cərimə olmaqla, cəmi 314 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 344 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədlərini araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsinin 16.11.2021-ci il tarixdə məhkəməyə verilməsindən əvvəl, yəni 15.01.2021-ci il tarixdə ölmüşdür. “AZEMİS” sistemindən çıxarışdan müəyyən edilir ki, xx.xx.1981-ci ildə Spitak rayonunda doğulmuş Cavabdeh 15.01.2021-ci il tarixdə ölmüşdür. Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Odur ki, insan öldükdən sonra fiziki şəxs hesab olunmur. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni, mülki prosesdə cavabdeh, fiziki şəxs olmalıdır, ölmüş şəxs cavabdeh hesab olunmadığından, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə hazırki iş üzrə prosessual hüquq varisliyinə də yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçə bilməz. Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Beləliklə məhkəmə qeyd edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 266-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar