Məhkəmə qərarları › İş №2(004)-744/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-744/2025

23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-744/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 105 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 31, mənzil 5 ünvanı iddiaçının mülkiyyətindədir. İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında daimi yaşayır. İddiaçı ünvan 2 1-2 gün olmaqla yaşayır. Sözügedən mənzilə su sayğacı quraşdırılmışdır. Sayğac üzrə iddiaçı sudan istifadə haqqlarını tam olaraq ödəmişdir. İddiaçıya cavabdeh orqan tərəfindən 2024-cü ilin mart ayında əlavə borc hesablanmışdır. İddiaçı bununla əlaqədar Sumqayıt şəhəri SuKanal İdarəsinə müraciət etmişdir. Həmin qurum tərəfindən sayğacın yoxlanılması üçün labaratoriyaya aparılması iddiaçıya bildirilmişdir. Su idarəsinin əməkdaşı tərəfindən sayğac açılaraq iddiaçıya təhvil verilmiş və iddiaçı həmin sayğacı cavabdeh orqanın labaratoriyasına aparmışdır. xx.xx.2024-cü il tarixdə aparılmış labarator müayinə zamanı sayğacın təmirə və istismara yararsız olması müəyyən edilmiş, mənzil yeni su sayğacı ilə təchiz edilmişdir. Hesablanmış 105 manat borc məbləği əsassızdır və silinməlidir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubu əlavə edilmişdir. İş materiallarında olan 38447/0330363 nömrəli rəyə əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 31, mənzil 5 ünvanda istismarda olan su sayğacı ......... təmirə və istismara yararsızdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış müqavilə şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 31, mənzil 5 ünvanı iddiaçının mülkiyyətindədir. Sözügedən mənzilə cavabdeh orqan tərəfindən su sayğacı quraşdırılmışdır. Deməli, tərəflər arasında sudan istifadəyə dair müqavilə münasibətləri yaranmışdır. İddiaçı məxsus olan mənzilə cavabdeh orqan tərəfindən 2024-cü ilin mart ayında 105 manat əlavə borc hesablanmışdır. İddiaçı həmin sayğacı cavabdeh orqanın labaratoriyasına aparmışdır. xx.xx.2024-cü il tarixdə aparılmış labarator müayinə zamanı sayğacın təmirə və istismara yararsız olması müəyyən edilmiş, mənzil yeni su sayğacı ilə təchiz edilmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (borcun qanuniliyi hissəsində) cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmintəşkil edilməmiş, müvafiq borc (cərimə) məbləğinin əsaslı olmasını, iddiaçının qanunsuz olaraq su xəttinə qoşulmasını, sudan əlavə istifadə etməsini təsdiq edən sübut, sənəd və ya material(lar) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən borcun (cərimə) yaranma əsasları, hesablanması qaydasını müəyyən etmək mümkün olmamış, qeyd olunan xüsusatlar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmənin cavabdeh orqana hüquq və vəzifələrini izah etməsinə baxmayaraq iddia tələbi üzrə məhkəməyə əsaslı arqument bildirməmiş, sənəd, sübut və ya material təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin prinsipləri əsas götürülməklə hazırki iddia tələbi üzrə sübutetmə yükünün istehlakcı olan iddiaçının üzərinə qoyulması qanuni hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən cavabdehin üzərindədir. Sayğacın istifadəyə yararsız olmasının riski cavabdeh vətəndaşın üzərinə qoyula bilməz. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, iş materiallarına və sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 31, mənzil 5 ünvanında yerləşən mənzildə İddiaçı adına olan **********050 abonent hesablı su sayğacına qanunsuz hesablanmış 105 (yüz beş) manat cərimənin silinməsi vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 31, mənzil 5 ünvanında yerləşən mənzildə İddiaçı adına olan **********050 abonent hesablı su sayğacına qanunsuz hesablanmış 105 (yüz beş) manat cərimənin silinməsi vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin üzərinə qoyulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar