Məhkəmə qərarları › İş №2(004)-7724/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7724/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7724/2021 29.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.12.2019-cu il tarixli 19-12/934E nömrəli və 25.02.2020-ci il tarixli 20-02/H1167E nömrəli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış ümumilikdə 389 manat əsas borc və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdehə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “X1” MMC 19.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ölçüləri 225-45 R18 olan Hilo XU1 markalı ümumi dəyəri 470 manat olan 4 ədəd təkəri 100 manat ilkin ödəniş olmaqla 5 ay müddətinə ayda 74 manat ödəmək şərtilə; 25.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ölçüləri 175-70R13 olan Lassa Miratta markalı, ümumi dəyəri 288 manat olan 4 ədəd təkəri ilkin ödənişşiz 6 ay müddətinə ayda 48 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Təhvil-təslim aktlarına əsasən Cavabdeh “X1” MMC –dən 19.12.2019-cu il tarixdə saz vəziyyətdə ölçüləri 225-45 R18 olan Hilo XU1 markalı 4 ədəd təkəri və 25.02.2020-ci il tarixdə ölçüləri 175-70R13 olan Lassa Miratta markalı 4 ədəd təkəri təhvil almışdır. Borcun könüllü ödənilməsi üçün cavabdehə pretenziya çatdırılmış, lakin cavabdeh bu günədək borcunu ödəməmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 29.11.2021-ci il tarixli arayışlardan müəyyən edilir ki, Cavabdeh iddiaçı “X1” MMC-yə 19.12.2019-cu il tarixli müqavilə üzrə 321 manat və 25.02.2020-ci il tarixli müqavilə üzrə isə 48 manat ödəniş etmişdir. Cavabdehin iddiaçı “X1” MMC-yə 19.12.2019-cu il tarixli müqavilə üzrə 149 manat, 25.02.2020-ci il tarixli müqavilə üzrə isə 240 manat olmaqla, ümumilikdə 389 manat borcu var. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 19.12.2019-cu il tarixli 19- 12/934E nömrəli və 25.02.2020-ci il tarixli 20-02/H1167E nömrəli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış ümumilikdə 389 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X1” MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli 19-12/934E nömrəli müqavilə üzrə yaranmış 149 manat əsas borc və 25.02.2020-ci il tarixli 20-02/H1167E nömrəli müqavilə üzrə yaranmış 240 manat əsas borc olmaqla, ümumilikdə 389 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı “X1” MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar