Məhkəmə qərarları › İş №2(004)-774/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-774/2022

17.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-774/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması“ tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.12.2016-cı il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzilə dair mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 Səriyyə Nəcəf qızı ilə 02.02.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş və 13.07.2002-ci ildə nikahları pozulmuşdur. 02.04.2002ci ildə X10 iddiaçını övladlığa götürmüşdür. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 1264 saylı akt qeydi edilərək doğum haqqında şəhadətnamə verilmişdir, iddiaçının valideynləri boşansalar da, 2015-ci ilə kimi həmişə münasibətləri olmuşdur. Lakin mərhum X10 içki aludəçisi olduğundan, tüfeyli həyat sürdüyündən münasibətlər uzun müddətli olmamışdır. Sonuncu dəfə 2015-ci ildə mərhum iddiaçının anasıgildə ad günündə olmuşdur. Orada bildirmişdir ki, xəstəliyi var. Bundan sonra iddiaçının anası X11 ara-sıra telefonla onunla əlaqə saxlamışdır. Lakin mərhum onu daha axtarmamaqlarını demişdir. İddiaçının anası 2020-ci ilin təqribən 2020-ci ilin avqust ayında mərhumun yaşadığı evə (012) *** ** ** nömrəsinə zəng vurmuş, lakin nömrə işləməmişdir. Uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək qonşudan məlumat almışdır ki, 2016-cı ildə rəhmətə getmişdir. Bundan sonra İddiaçı X6 yeganə varisi olaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün 53 saylı Notariat Ofisinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, miras açıldıqdan sonra altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan sonra vəkil sorğusu ilə cavabdeh 53 saylı Notariat Ofisinə müraciət olunmuş və ünvan 1 ünvanında yerləşən evə dair notariat işinin təqdim edilməsi xahiş edilmişdir. Vərəsəlik işi təqdim olunandan sonra müəyyən olunmuşdur ki, artıq həmin evə dair vərəsələr mərhumun qardaşı X12 və X13 təyin olunmuşlar. Hər ikisinin payı müəyyən edilən çıxarış dövlət reyestrində qeydə alınmaqla paylar bölünmüşdür, iddiaçı qanun üzrə birinci növbə vərəsə olduğu halda ona xəbər vermədən, onu vərəsəliyə çağırmadan artıq atasından qalmış əmlak atasının qardaşı və bacısı arasında bölüşdürülmüşdür. Həmin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırılmışdır. Yasamal Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Əsas kimi iddiaçının mirası qəbul etmək üçün vaxtın uzadılması barədə iddia qadırmaması olmuşdur. Ona görə də, mirasın qəbul edilməməsinin üzürlü hesab edilməsi və mirası qəbul etmək üçün vaxtın uzadılmasına dair məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, onun vərəsəlik hüququ pozulmuş, yeganə vərəsə kimi ona bildirilmədən atasından qalan əmlak qanunsuz olaraq bölünmüşdür. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, X10 içki aludəçisi olmuş, iddiaçının və anasının onunla maraqlanmasını istəməmişdir. Ona görə də, onlar uzun müddət onunla maraqlanmamışlar. Sonra isə onlar 2020-ci ilin avqust ayında Facebook sosial şəbəkəsi vasitəsilə Əliyev Elman ilə ortaq tanışları Leyla xanım vasitəsilə maraqlanmışlar. Leyla onun 2016-cı il tarixdə vəfat etdiyini bildirmişdir. İddiaçı və anası mərhumun hansı ünvanda yaşadıqlarını bilmişlər, lakin evin ona məxsus olduğunu bilməmişlər. Ev ilə maraqlanmışlar, Leyla xanım isə evin vərəsəlik qaydasında mərhumun bacısına və qardaşına keçdiyini bildirmişdir. İddiaçı əvvəl notariusa müraciət etmişdir. Evin vərəsəlik qaydasında keçdiyini, qanun üzrə vərəsəlik üzrə şəhadətnamələr və mülkiyyətə dair çıxarış verilməsini bildikdən sonra 2020-ci ilin oktyabrında məhkəməyə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə tələblə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçı miras açıldığını bilmişdir. Lakın miras açıldığını bilməli olduğu vaxtdan 3 ay ərzində məhkəməyə müraciət etməmişdir, baxmayaraq ki, notariusa müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iddia tələbi əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 15 mart 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X11 göstərilmişdir. İş materiallarında olan 06.12.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 834630 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 “koronar çatmazlıq” səbəbindən 03.12.2016-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.12.2016-ci ildə 536 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan ünvan 2 28.02.2017-ci il tarixli sorğusuna əsasən tərtib edilmiş 64 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzili ÖM nömrəli 250561 seriyalı 18.11.2005-ci il tarixli qeyiyyat vəsiqəsinə əsasən X6 adına olmuşdur. X10 ölən günə kimi Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzildə qeydiyyatda olub və yaşayıb. Həmin vaxt mənzildə qeydiyyatda heç kim olmayıb. İş materiallarında olan 28.02.2017-ci il tarixli ərizədən görünür ki, X12 03.12.2016-cı il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi kimi tanınması üçün Bakı şəhəri 53 saylı Notariat Kontoruna müraciət etmişdir. İş materiallarında olan 08.05.2017-ci il tarixli ərizədən görünür ki, X7 03.12.2016-cı il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi kimi tanınması üçün Bakı şəhəri 53 saylı Notariat Kontoruna müraciət etmiş və ondan başqa mərhumun qardaşı X5 və oğlu İddiaçı olmasını göstərmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.03.2017-ci il tarixli RX1389431 nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzil mərhum X6 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 2619 nömrəli reyestr kitabının 244071 nömrəli vərəqində 11.03.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 2 sorğusuna əsasən əsasən tərtib edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 13.03.2017-ci il tarixli 05/2-1374-10 nömrəli məktubunda valideynləri İddiaçı və S.Əliyeva olan 17.04.1985-ci ildə doğulmuş İddiaçı doğumu Nəsimi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınması göstərilmişdir. İş materiallarında olan ünvan 2 10.04.2017-ci il tarixli 586 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinə 17.04.1985-ci il təvəlldlü İddiaçı daimi qeydiyyat ünvanı barədə məlumat verilməsi xahiş edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsin 18.04.2017-ci il tarixli arayışından görünür ki, 17.04.1985-ci il təvəlldlü İddiaçı daimi qeydiyyat ünvanı barədə məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat X1 və X7 ünvanlanmış 05.07.2017-ci il tarixli məktubundan görünür ki, valideynləri İddiaçı və S.Əliyeva olan 17.04.1985-ci il təvəlüdlü İddiaçı olması aşkar edildiyindən və qanun üzrə vərəsəlik zamanı 1-ci növbəli vərəsənin olduğunu nəzərə alaraq 2-ci növbənin vərəsəliyi istisna edildiyindən onların qanun üzrə vərəsələrin siyahasına salınması mümkün olmamışdır. İş materiallarında olan ünvan 2 Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 24.09.2018-ci il tarixli məktubundan görünür ki, 03.12.2016-ci il tarixdə vəfat etmiş mərhum X6 vərəsələri sırasından olan qardaşı X5 və bacısı X4 yazılı müraciətinə əsasən 01.03.2017-ci il tarixində 8V/11 saylı vərəsəlik işi açılmışdır. Toplanmış sənədlərə əsasən, həmin vaxtadək X6 vərəsəlik işi ilə əlaqədar müraciət etmiş vərəsələr X12 və X13 müəyyən edilmişdir. İş materiallarında olan 29.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03.12.2016-ci il tarixdə ölmüş X6 vərəsəsi X13 miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********73-05101-093078 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzildən ibarətdir İş materiallarında olan 17.05.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03.12.2016-ci il tarixdə ölmüş X6 vərəsəsi X12 miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********73-05101-093078 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı 03.12.2016cı il tarixdə vəfat etmiş X3 miras qalmış şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 53 saylı Notariat Kontoruna müraciət etmişdir. Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən İddiaçı ünvanlanmış 03.10.2020-ci il tarixli 1949 nömrəli məktubundan görünür ki, 03.12.2016-cı il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbuluna dair notariat ofisinə təqdim etdiyi 29.09.2020-ci il tarixli yazılı ərizəyə cavab olaraq Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən bildirilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəməyə müraciət etmək hüququ var Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, iddiaçının anası ilə onun anası əvvəldən bir-bilərini tanıyıblar. Anasının bildirdiyinə görə, iddiaçının və anasının Əliyev Elman ilə 2015-ci ilə qədər münasibətləri olub. Sonuncu dəfə X20 ad günündə gəlib. Onların aralarında mübahisə yaranıb və münasibəltəri kəsilib. Onlar Facebook vasitəsilə 2020-ci ildə ona yazaraq Elmanı soruşublar. O, Səriyyə xanıma Əliyev Elmanın vəfat etməsini, həmçinin vəfat etdiyi vaxtı bildirib. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə hazırkı məqamda iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırarkən, bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 3 ay ərzində mirası qəbul etməmişdir, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti üzürlü səbəblərdən ötürməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, buraxılmış müddət uzadıla bilməz. Belə ki, X10 03.12.2016-cı il tarixdə vəfat etmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etməmişdir. Yalnız 29.09.2020-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etmişdir. İddiaçı məhum atasının ölümündən gec, yəni 2020-ci ilin avqust ayında məlumatı olması səbəbindən miras əmlakı qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, iddiaçının və anasının mərhumun yaşayış yeri və telefon nömrəsi, həmçinin onun xəstə olması barədə məlumatı olmuşdur. Həmçinin, iddia ərizəsində iddiaçının anasının 2020-ci ilin avqust ayında mərhumun yaşadığı evə (012) *** ** ** telefon nömrəsinə zəng vurduğu, lakin telefon nömrəsinin işləmədiyi və uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək 2016cı ildə rəhmətə getməsi barədə məlumat alması göstərilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında və şahid isə ifadəsində bildirmişdir ki, iddiaçı və anası Əliyeva Leyla ilə Facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq, Əliyev Elman barədə soruşmuş və Əliyeva Leyla onun 03.12.2016-cı il tarixdə vəfat etməsini bildirmişdir. Göründüyü kimi, iddia ərizəsinin məzmunu ilə iddiaçının nümayəndəsi və vəkilinin izahatı və şahid ifadəsi ziddiyyət təşkil edir. Bu hal isə, iddiaçı mərhum atasının ölümü barədə gec məlumat alması səbəbindən mirasın qəbulu üçün müəyyənləşdirlimiş müddətin üzrlü səbəbdən ötürülməsini iddia etdiyindən, iddiaçının onun ölümü barədə məlumat almasının fərqli şəkildə göstərilməsi məhkəmə üçün daxili inamın formalaşması üçün əhəmiyyət kəsb edir. Bundan başqa, mərhum atasının onunla maraqlanmamalarını bildirməsi səbəbindən, iddiaçının xəstə atasını 4 il kimi uzun müddətdə axtarmaması və onun ölümündən gec məlumat alması miras əmlakın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün iddiaçı tərəfindən müddət buraxılmışdır, iddiaçı irəli sürdüyü tələblə əlaqədar heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktik olaraq idarə etməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması“ tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar