Məhkəmə qərarları › İş №2(004)-780/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-780/2024

13.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-780/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxardılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxardılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ərizə ilə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində tanış olduğu hazırda şəxsiyyəti məlum olmayan Artyom adlı şəxs ilə kriptovalyuta əldə etmək barədə razılaşmışlar. İddiaçı Artyom adlı şəxs ilə razılaşmışdır ki, mənzili sataraq müvafiq pul məbləğini ona ödəyəcəkdir. Lakin, İddiaçı mənzilin satılması barədə hər hansı xəbər yerləşdirməməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə özünü makler Siyavuş kimi təqdim edən şəxs mobil telefon vasitəsilə ona zəng etmiş və satışa qoyulmuş mənzili almaq üçün evə baxmağa gəlmək istədiyini bildirmişdir. İki gün sonra evə baxdıqdan sonra makler Siyavuş və müştəri qismində cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontorunda görüşərək mənzili 153876,68 manata satmışdır. Həmin pulu İddiaçı bank hesabında saxlamışdır. Həmin günün səhəri Artyom adlı şəxs kriptovalyuta alacağı bəhanəsi ilə pulu bank hesabından çıxararaq ələ keçirmişdir. İddiaçı hesab edir ki, Artyom adlı şəxs ilə cavabdehlər əlbir olaraq onun mənzilini ələ keçirmişlər. Hazırda mübahisə predmeti olan mənzilə yaşayır və bütün əşyaları mənzildədir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil Cavabdeh1 tərəfindən qanuni əsaslarla əldə edilmişdir, onun mülkiyyətindədir. Lakin, İddiaçı mənzili tərk etmir. Nəticədə, mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmamasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN- İ ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.04 kv.m. olan 3 otaqlı mənzil Satıcı İddiaçı tərəfindən Alıcı Cavabdeh1 155.000 manat dəyərində satmışdır. Müqavilə Alıcı Cavabdeh1 adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarına İddiaçı bank hesabına ödəniş barədə müvafiq qəbz əlavə edilmişdir. İş materiallarına Yasamal RPİ 27-ci PŞ-nin Azərbaycan Respublikası CPM-in 39.2ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əlavə edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsinə (sonuncu abzas) əsasən müəyyən edilir ki, “......İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.04 kv.m. olan 3 otaqlı mənzilin aşağı qiymətə satılmasının, Artyom və Qleb adlı şəxslərin şəxsiyyətlərinin və onların eyni və ya ayrı-ayrı şəxslər olmasının müəyyən edilməsi, faktiki olaraq Ukrayna Respublikasında olan X3 izahatının alınması mümkün olmadığından.... cinayət əməlini sübuta yetirmək mümkün olmamışdır....”. Məhkəmə baxış iclasında şahid daşınmaz əmlakın alqı-satqı üzrə vasitəçi – makler X1 (iddia ərizəsində adı keçən şəxs) izahatı alınmışdır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinin başlığı bu qaydada müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə müqavilənin notarial qaydada bağlanılmışdır, yəni forma tələblərinə əməl edilmişdir. Həmçinin, müqavilənin məzmunu düzgün formada tərtib edilmişdir, məzmunla bağlı qüsur mövcud deyildir. Müqavilənin subyekt tərkibi tam qanunidir, yəni, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli şəxslər olmaqla müstəqil subyektdirlər. Həmçinin, Alıcının nümayəndəsinin qanuni əsaslarla təmsilçilik səlahiyyəti mövcuddur (müqavilə həm də Alıcı tərəfindən bəyənilir). Müqavilə üzrə iradə qüsurluluğu müəyyən edilmir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında mübahisənin faktiki halları barədə verdiyi izahat formalı məlumatları məhkəmə əsas götürür. Həmin izahata əsasən müəyyən edilir ki, İddiaçı mənzilin qiyməti və alqı-satqı barədə cavabdehlə razılaşmış, bununla bağlı müqavilə üzrə iradə ifadəsini həyata keçirmiş, onun aldadılması, ona təzyiq edilməsi halları mövcud olmamış, alqı satqı baş tutduqdan sonra pul məblıği onun bank hesabına köçürülsə də, bir gün sonra hazırda şəxsiyyəti məlum olmayan şəxs (lər) tərəfindən mənimsənilmişdir. Belə ki, mənimsənilmənin faktiki əsasını İddiaçı kriptovalyuta almaq məqsədilə həmin şəxs(lər)lə razılaşması olmuşdur. Müəyyən edilir ki, İddiaçı sərbəst şəkildə öz iradəsini ifadə etməklə cavabdehlə alqı-satqı münasibətlərinə daxil olmuşdur. Mübahisə üzrə MM-in 339 və ya 340-cı maddələrinin şərtləri müəyyən edilmir. Məhkəmə İddiaçı izah edir ki, ona vurulmuş zərərlə bağlı müvafiq şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. Məhkəmə mövcud hüquq münasibətləri baxımından İddiaçı ilə Cavabdeh1 arasındakı alqı-satqı münasibətlərini və İddiaçı ilə sosial şəbəkələr vasitəsilə tanış olduğu Artyom adlı şəxs ilə tapşırıq müqaviləsi münasibətlərini ayırır. Münasibətlərin tərəfləri fərqli subyektlər olmaqla münasibətləri hüquqi və faktiki əsasları da tamamilə fərqlidir. Subyektlər öz əməllərinə görə hüquqi məsuliyyət (konstitusion, mülki, cinayət, inzibati, intizam məsuliyyəti) daşıyırlar. Hər hansı subyektinin əməlinin məsuliyyətinin digər subyektin üzərinə qoyulması yolverilməzdir. Həmçinin, onun aldadılması faktı mövcud ola bilər və bu ehtimal yüksəkdir. Lakin, bu o demək deyildir ki, hazırki mübahisə predmeti olan müqavilə etibarsızdır. Nəzərə alaq ki, müqavilənin etibarsızlığını təsdiq edən əsaslı dəlillər məhkəməyə təqdim edilməmiş, Artyom və Qleb adlı şəxslərin Cavabdeh1 ilə əlbir olması və ya Cavabdeh1 İddiaçı aldatması sübuta yetirilmir. Mənzilin satışa qoyulması barədə elanın olmamasına baxmayaraq Satıcıya zəng edilərək mənzilin satılması barədə ofertasının (təklif) cavabdehlər tərəfindən qəbul edilməsi (bu doğru olsa belə təkbaşına müqavilənin etibarsız hesab edilməsi üçün yetərli deyildir), bununla da şəxslərin bir-biri ilə əlbir olması iddiası mülahizə xarakteri daşıyır və sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə ümumiyyətlə təmin edilə bilməz. Çünki, sonuncu alqı-satqı müqaviləsinin müstəqil subyekti deyildir, yalnız təmsil edilənin adından və təmsil edilənin hesabına nümayəndə qismində münasibətlərə daxil olmuşdur. Yəni, Cavabdeh2 müqavilə tərəfi deyildir. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində müqavilə azadlığı və mülki hüquq münasibətlərinin subyektlərinin iradə sərbəstliyi prinsipləri müəyyən edilmişdir. Prinsip “rəhbər, başlanğıc müddəa” mənasını verir. Hüquq sahəsinin prinsipilərinə zidd olan hüquq normaları etibarsızdır, hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə izah edir ki, müqavilə şərtləri qanunla nəzərdə tutulmuş qaydalar çərçivəsində tərəflərin sərbəst iradəsi əsasında müəyyən edilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir (“Elektron məhkəmə” informasiya sistemində də bu barədə qeydlər mövcuddur). Mülkiyyət hüququnun yaranması əsası qismində hazırki mülki iş üzrə mübahisə predmeti olan alqı-satqı müqaviləsi çıxış edir. Reyestrin məzmununun həqiqiliyi prezumpsiyasını məhkəmə əsas götürür. Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. Alqı-satqı müqaviləsi üzrə Alıcı Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə əməl edilsə də, Satıcı İddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş, mənzili Alıcıya təhvil verməmişdir. İddiaçı zərər vurulması faktı mülkiyyətçinin mülkiyyət hüququna maneəçilik törədilməsi üçün əsas ola bilməz. Ədalətsizliyi başqa bir ədalətsizliklə aradan qaldırmaq prinsip etibarilə yanlışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqətin müəyyən edilməsi” prinsipinin rəhbər tutulması nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, həmin mənzil İddiaçı tərəfindən boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxardılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Həmin mənzil İddiaçı tərəfindən boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar