Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-781/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X1 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğvi və cərimənin silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 19.08.2020-ci il tarixdə ona məxsus ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə dair tərtib edilmiş 007256 nömrəli cərimə aktını və həmin akta əsasən hesablanmış 2196 manat cərimənin qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə sudan istifadə ilə əlaqədar müqavilə bağlamışdır. ünvan 1 ünvanda yerləşən avtoyuma obyekti iddiaçıya məxsusdur. 19.08.2020-ci il tarixdə ona məxsus obyektə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və qanunsuz olaraq 007256 saylı akt tərtib olunmuşdur. Akta görə guya “obyekin su təchizatına baxış keçirilən zaman məlum oldu ki, abonent qanunsuz olaraq sayğacdan kənar (d=15mm) xətdən rezin boru vasitəsilə obyektə məxsus olan su çənini doldurur”. Lakin baxış zamanı iddiaçı dəvət olunmamışdır. Aktda adı qeyd olunmuş Mehdiyev Lazım adlı şəxs hazırda burada deyil və təbii ki, imza edə bilməzdi. İddiaçı aktı əldə etdikdən sonra Nərimanov Rayon Su Kanal idarəsinə müraciət etmişdir. Məlum olmuşdur ki, əsassız olaraq 2196 manat borc yazılmışdır. Cavabdehin hesablamaları tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən suyun çənə doldurulması cəmi 30 dəqiqə çəkmiş, dərhal da yoxlayıcılar gələrək bu faktı aşkar etmişlər. Covid-19 pandemiyası ilə əlaqədar obyekt uzun müddət işləməmişdir. Qısa müddət ərzində bu qədər sərfiyyatın hesablanması absurddur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qanunsuz istifadə olunan borunun diametri 15 mm, sutkada istifadə vaxtı 5 saat və hesabat dövrü 12 ay olmaqla əlavə sərfiyyat 2196 manat hesablanmışdır. İddia ərizəsi, iddiaçı və nümayəndəsinin izahatlarından görünür ki, iddiaçıya məxsus yuyucuda su xəttinə qanunsuz qoşulma halı etiraf edilmiş. Lakin bu halın qısa müddət ərzində baş verdiyi bildirilmişdir. Lakin iddia ərizəsində, iddiaçı və onun nümayəndəsinin izahatında iddiaçı özü-özünü təkzib edərək cavabdeh tərəfindən 12 ay ərzində ona əlavə sərfiyyat hesablanarkən gün ərzində sudan istifadə vaxtının düzgün olmayaraq 5 saat nəzərə alınmasını əsassız hesab etdiyini bildirmiş və bunu 2020-ci ildə respublikada müəyyən olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yuyucunun gün ərzində cəmi iki saat işləməsi ilə izah etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən STKM-in STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Həmin qaydaların 8.6-cı maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Həmin qaydalara 4 saylı əlavəyə qeydlərin 3-cü bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən yuxarıdakı cədvələ əsasən hesablanır. Azərbaycan Respublikasının 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, təqdim olunmuş sübutlarla iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış sahəsində su xəttinə qanunsuz qoşulma halı təsdiq edildiyindən, eyni zamanda iddiaçı iddia ərizəsini əsaslandırdığı halları, yəni qanunsuz qoşulma halının qısa müddətdə baş verdiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya əsaslı olaraq akt tərtib olunmuş və həmin akta əsasən əlavə sərfiyyat hesablanmışdır. Odur ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-781/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-781/2021
11.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver