Məhkəmə qərarları › İş №2(004)-795/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-795/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-795/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Abşeron rayonu Abşeron Gənclər şəhərciyində yerləşən 22 nömrəli evin 30 nömrəli mənzilinə (xx.xx.2017-ci il tarixli 34930969 nömrəli müqavilə, abonent kodu **********300) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə əsassız hesablanmış 444,50 manat borcun silinməsi və mənzilə su sayğacının quraşdırılması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Abşeron Gənclər şəhərciyində yerləşən 22 nömrəli evin 30 nömrəli mənzilinin mülkiyyətçisidir. 2023-cü ilin dekabr ayında Cavabdeh ASC-nin əməkdaşları tərəfindən həmin mənzil üzrə bildiriş (xx.xx.2017-ci il tarixli 34930969 nömrəli müqavilə, abonent kodu **********300) təqdim edilərək, su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə 444,50 manat borcu olduğu ona bildirilmişdir. Qeyd etmək istəyir ki, artıq bir neçə ildir ki, həmin mənzildə yaşayış yoxdur. Elektron sistemlə də yoxlanılsa görünər ki, o, ailəsi ilə birlikdə qeydiyyatda olduğu Xaçmaz rayonunda yaşayır və əmək bildirişinin qeydə alınmasına nəzər yetirilərsə, görünər ki, o, Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsində işləyir. Sadəcə olaraq bir neçə aydan bir mənzilinə gələrək, mənzilinə ümumi nəzarət edir və geri qayıdır. Həmin dövrdə də bu qədər su sərfiyyatının olması absurd və ağlasığmazdır. Ona təqdim edilmiş bildirişdəki məlumatlardan görünür ki, 1 nəfər üçün aylıq istehlak norması 5 m3 hesablanmaqla, 4 nəfər ailə tərkibi qeyd edilməklə onun ünvanı üzrə 444,50 manat borc hesablanmışdır. Cavabdehin hərəkətlərində formallıq onunla sübut olunur ki, cavabdeh onun ailə üzvlərinin sayının 4 nəfər olması müəyyən etdiyini və hər ay üçün həmin adam sayına uyğun sərfiyyat hesablamışdır. Lakin bildirmək istəyir ki, onun ailə tərkibi iki nəfərdən ibarətdir (o, və həyat yoldaşı). Onlar da qeydiyyatda olduğuqları Xaçmaz rayonu Müşkür kəndində yaşayırlar. Eləcə də cavabdeh tərəfindən təqdim edilmiş bildirişdə sonuncu ödənişin xx.xx.1970-ci il tarixi kimi göstərilməsi də, cavabdeh təşkilatın bu məsələyə tamamilə formal olaraq yanaşdığının göstəricisidir. Qanunvericiliyin tələbinə əsasən məhz istehlak edilmiş su sərfiyyatına görə borc hesablanmalıdır. Ona məxsus mənzildə isə ümumiyyətlə yaşayış olmadığı üçün heç bir su sərfiyyatı olmamışdır. Odur ki, onun mənzilinə su sərfiyyatına görə əsassız hesablanmış borc silinməlidir. Eləcə də qeyd etmək istəyir ki, onun mənzilinin yerləşdiyi binanın əksər mənzillərinə su sayğacları quraşdırılsa da, onun mənzilinə su sayğacı quraşdırılmayıb. Hesab edir ki, mənzilinə su sayğac quraşdırılarsa, hazırkı vəziyyətdə yaranmış problemlərlə də qarşılaşmayacaqdır. Odur ki, borcun silinməsi və su sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə göndərərək, iddia iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçınıne iddia tələbini müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, rəsmi sənədlərlə və işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus olan Abşeron rayonu Abşeron Gənclər şəhərciyində yerləşən 22 nömrəli evin 30 nömrəli mənzilinə (xx.xx.2017-ci il tarixli 34930969 nömrəli müqavilə, abonent kodu **********300) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2023cü il tarixə kimi 444,50 manat borc hesablanmışdır. İddiaçıya bu barədə xx.xx.2023-cü il tarixli ********* nömrəli faktura verilmişdir. Bildirişdə iddiaçının ailə tərkibinin 4 nəfər olması və 1 nəfər üçün aylıq istehlak normasının 5 m3 olması qeyd edilməklə, xx.xx.2023-cü il tarixə kimi iddiaçının 444,50 manat borcu olduğu qeyd edilmişdir. Borcu hansı dövrü əhatə etdiyi öz əksini tapmamışdır. İddiaçıya məxsus olan mənzilə su sayğacı quraşdırılmamışdır. Halbu ki, Cavabdeh ASC tərəfindən abonentə verilən suyun həcminin hesablanması üçün mütləq qaydada su sayğacı quraşdırılmalı və sayğacın göstəricisinə uyğun olaraq abonentdən istehlak etdiyi suyun və tullantı sulların axıdılması xidmətlərinə görə haqq alınmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə qaydaları”nın 6.1-ci bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və su təchizatı müəssisəsinin plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. Xaçmaz RPŞ və ŞV Bölməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı Xaçmaz rayonu Müşkür kəndində daimi qeydiyyatda olmaqla yaşayır. AZEMİS məlumatlarından müəyyən edilir ki, İddiaçı Kənd Təsərrüfati Nazirliyinin Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsində direktor müavini işləyir. Göründüyü kimi, İddiaçı daimi olaraq qeydiyyatda olduğu Xaçmaz rayonu Müşkür kəndində yaşayır və Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsində direktor müavini işləyir. Abşeron rayonu Abşeron Gənclər şəhərciyində yerləşən 22 nömrəli evin 30 nömrəli mənzili İddiaçı məxsus olsa da, uzun müddətdir ki, orada yaşayış yoxdur. İddiaçı mənzilinə suölçən cihaz quraşdırılmamışdır və onun ailə tərkibinin 4 nəfərdən ibarət olmasına dair istehlakçı sənəd təqdim etmədiyi halda, cavabdeh əsassız olaraq onun ailə tərkibinin 4 nəfər olmasını göstərməklə, mənzildə yaşayış olmadığı halda, ona hər ay 4 nəfər üçün 1 nəfərə 5 m3 olmaqla su sərfiyyatı hesablamış və müvafiq olaraq 444,50 manat əsassız borc yazmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Abşeron rayonu Abşeron Gənclər şəhərciyində yerləşən 22 nömrəli evin 30 nömrəli mənzilinə (xx.xx.2017-ci il tarixli 34930969 nömrəli müqavilə, abonent kodu **********300) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2023-cü il tarixə kimi əsassız hesablanmış 444,50 manat borcun silinməsi və mənzilə su sayğacının quraşdırılması vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Abşeron rayonu Abşeron Gənclər şəhərciyində yerləşən 22 nömrəli evin 30 nömrəli mənzilinə (xx.xx.2017-ci il tarixli 34930969 nömrəli müqavilə, abonent kodu **********300) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2023-cü il tarixə kimi əsassız hesablanmış 444,50 (dörd yüz qırx dörd manat əlli qəpik) manat borcun silinməsi və mənzilə su sayğacının quraşdırılması vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar