Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-830/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi və çıxarışın ləğvi tələbi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi və çıxarışın ləğvi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil hədiyyə alan Cavabdeh2 bağışlanmışdır.
2. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı, 161785 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2003-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.
3. “Elektron notariat” X1 vasitəsilə “X3” AQİS-dən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.1992-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası X2.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdən Cavabdeh2 adına qeydə alınmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsindən imtina olunması və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya məxsus olmuşdur. xx.xx.2024-cü il tarixdə həmin mənzili bağışlama müqaviləsi ilə oğlu Cavabdeh2 bağışlamışdır. Bir müddət keçdikdən sonra oğlu ilə narazılıqlar baş vermişdir. Dəfələrlə mübahisələr yaşamışlar. Oğlu ailəlidir, lakin həyat yoldaşı dünyasını dəyişdikdən sonra onunla yola getmirlər. Hətta mənzilin qıfılını dəyişib, onu evə buraxmırlar. Hazırda yad adamların yanında gecələyir, onlarla yaşamaq qeyri-mümkündür, ona görə də bağışlama müqaviləsini pozmağa məcburdur.
b) iddiaya qarşı etiraz
7. Cavabdeh iddiaya etiraz təqdim edərək, bildirmişdir ki, hazırda xaricdə yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilmir. Mərhum nənəsinin vəsiyyəti ilə ev atası tərəfindən ona bağışlanmışdır. Onun qaynanasında mənzilin açarları var. Əgər mənzildə yaşamaq istəyirsə açarları alıb, mənzildə yaşaya bilər.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, oğlu hazırda hərbi xidmətdən yayınmaq məqsədi ilə Rusiya Federasiyasında yaşayır. O özü də mənzili bağışladıqdan sonra Rusiya Federasiyasına getmiş, qayıtdıqda oğlunun mənzilin kilidini dəyişdiyini, evi kənar şəxslərə kirayəyə verdiyini görmüş, məcbur olub küçələrdə gecələmiş, məhəllədəki söhbətgahda yaşamışdır. Lakin, məhkəmə prosesləri gedişində ev artıq boşaldılmış, o evə yerləşmişdir.
9. Cavabdeh hazırlıq mərhələsində məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirib, bu barədə etirazını təqdim etmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, cavabdeh onun ata bir, ana ayrı qardaşıdır. Onun evin bağışlanmasından məlumatı olmamışdır. Qardaşı bilet alıb atasını Rusiya Federasiyasına göndərmiş, qayıtdıqdan sonra evə girə bilməmiş, həyətdə qalmağa başlamışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı evini oğluna bağışlamışdır. Lakin iddiaçı sentyabr ayında qayıtdıqdan sonra oğlu onu evə buraxmamış, o üzü qışa doğru, soyuq aylarda həyətdə yaşamağa məcbur olmuşdur.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı; Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 390.1 fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarı: “Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. ... Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: ... - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); ... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.”
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir; Maddə 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. İşin müəyyən olunan faktiki hallar ondan ibarətdir ki, ünvan 1 İddiaçı məxsus olmuş və o, xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin mənzili oğlu Cavabdeh2 bağışlamışdır.
17. Hazırda isə iddiaçı həmin mənzilin bağışlanması barədə müqavilədən imtinasının qəbul edilməsini, çıxarışın ləğv edilməsini xahiş edir və əsas olaraq oğlu tərəfindən onun mənzildə yaşamasına icazə verilməməsi, onun məcbur həyətdə və müxtəlif yerlərdə qalmalı olması göstərilir.
18. İddiaçı tərəf öz dəlillərinin əsası kimi istinad etdiyi halların sübutu qismində iki şahidin dindirilməsi barədə vəsatət vermiş, şahidlər məhkəmə iclasında verdikləri ifadələrlə iddiaçının dediyi xüsusatları təsdiq etmişlər.
19. Lakin, məhkəmə hesab edir ki, iddiaçı tərəf olaraq onun istinad etdiyi hallar yalnız biri iddiaçının qızı olmaqla iki nəfər şahidin ifadələri ilə təsdiq oluna bilməzdi. Bu hal işin halları ilə bütövlükdə təsdiq olunmalı, bu barədə kompleks şəkildə qiymətləndirmə aparılmasına kömək edəcək digər mötəbər sübutlar təqdim edilməli idi ki, cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini icra etməməsi, bağışlama müqaviləsindən imtina üçün faktiki əsasın yaranması təsdiq oluna bilsin.
20. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlama müqaviləsindən imtina edə bilər.
21. Konstitusiya Məhkəməsi Plenumu bağışlama müqaviləsindən imtina əsası kimi Mülki Məcəllənin 673.1.2-ci maddəsini şərh etmiş və qərarında göstərmişdir ki, sözügedən maddədə nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.
22. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
23. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
25. Bağışlama müqaviləsi xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş, cavabdeh daşınmaz əmlak üzərində hüquqlarını xx.xx.2024-cü il tarixdə qeydə aldımışdır. Həm iddiaçı, həm cavabdeh barəsində “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış, cavabdeh isə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, hazırkı vaxtadək qayıtmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında isə bildirmişdir ki, iddiaçının mənzildə yaşamasına etiraz etmir. İddiaçı da məhkəmə gedişatında evə köçüb, hazırda həmin mənzildə yaşadığını bildirmişdir.
26. Göründüyü kimi, iddiaçı qeyd etdiyi faktiki hallar – ölkəyə qayıtdıqdan sonra mənzilinin kilidinin oğlu tərəfindən dəyişdirilməsi, mənzilin kənar şəxslərə kirayəyə verilməsi, nəticədə müəyyən müddət mənzilsiz qalması cavabdeh tərəfindən etiraf edilmir, cavabdeh atası ölkəyə qayıtdıqdan bir müddət sonra ölkəni tərk etmişdir. İşin bu hallarına dair isə şahid ifadələrindən başqa hər hansı digər sübut, rəsmi sənəd, arayış və s. təqdim edilməmişdir.
27. Belə olan halda isə, nə qədər ki, işin bu faktiki halları öz təsdiqini tapmır, qeyd olunan xüsusatlar üzrə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin pozulubpozulmaması barədə qiymətləndirmə aparılması mümkün deyil.
28. Odur ki, bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi barədə tələb özü təsdiqini tapmadığından hüquqi müqəddəratı bu tələbdən birbaşa asılı olan çıxarışın ləğv edilməsi tələbinin də əsaslılığından söhbət gedə bilməz.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddianın əsaslılığı öz təsdiqini tapmadığından iddia rədd edilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə