Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-833/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı X5 Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə su təchizatı və çirkab suların axıdılması ilə əlaqədar hesablanmış 751 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzilin order əsasında əvvəlki kirayəçisi X4 olmuş və o, 1996-cı ildən etibarən həmin mənzildən köçüb getmişdir. Sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında həmin mənzilə dair kirayə müqaviləsi Binəqədi RİH Başçısının 18 avqust 2022-ci il tarixli, 203 nömrəli sərəncamı ilə onunla bağlanmış hesab edilmişdir. Cavabdehin səlahiyyətli əməkdaşları “suya görə borcun olması” motivi ilə iddiaçını bir neçə dəfə narahat etmiş, lakin o, ödənişlər etdiyini və hesablamalarının düzgün aparılmadığını əsas gətirərək sayğac quraşdırılmasını dəfələrlə cavabdehin nümayəndələrindən xahiş etmişdir. Nəhayət, təxminən 2022-ci ilin fevral ayında mənzilə sayğac quraşdırılmış və bundan sonra su sərfiyyatı kəskin surətdə azalmışdır. Bundan təxminən 2 ay sonra cavabdehin nümayəndəsi iddiaçıya borcun olduğunu əsas gətirərək 2022-ci ilin aprel ayında mənzilə gələn su təchizatını dayandırmışdır. Baxmayaraq ki, iddiaçı cavabdehin əməkdaşına vaxtlı-vaxtında ödəniş etdiyini, ürək-damar və şəkər xəstəliyindən neçə illərdir ki, əziyyət çəkdiyini, habelə onunla birlikdə yaşayan övladı Fərid Daşdəmirovun da uzun illərdir ki, “revmoartrit” xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Lakin cavabdehin nümayəndəsi onun xahişinə məhəl qoymamış və yalnız borcundan 480 manat məbləğində pul ödəniləcəyi təqdirdə, su təczihatının bərpa ediləcəyini bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona borcunun olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Susuz yaşamaq qeyri-mümkün olduğuna, xəstəliyinə, hardansa su daşımaq imkanı olmadığına görə iddiaçı həmin məbləği yaxınlarından borc almaqla iki dəfəyə ödəməyə məcbur olmuş, yalnız bundan sonra mənzilə suyun təchizatı bərpa edilmişdir. Daha sonra 2022-ci ilin noyabr ayında cavabdehin başqa bir nümayəndəsi mənzilə gələrək bu dəfə 751 manat borcun olduğunu bildirmiş, həmin borcun qısa müddətdə ödənilməyəcəyi təqdirdə suyun verilişinin dayandırılacağı barədə onu xəbərdar etmişdir. Hansı ki, iddiaçı tərəfindən sayğacın göstəricilərinə əsasən su sərfiyyatı üzrə vaxtlı-vaxtında ödənişlər həyata keçirilmişdir. Digər tərəfdən, əvvəlki ödənişdən sonra keçən 7 ay ərzində bu qədər sərfiyyatın olması qətiyyən ağlabatan deyildir. Belə ki, qeyd etdiyi kimi, mənzildə 2 nəfər ailə tərkibi ilə yaşayır. İddiaçı məsələyə aydınlıq gətirmək məqsədi ilə cavabdehin filialı olan X11 İdarəsinə müraciət etmiş və ona “abonent kartı” üzrə kompyuter çıxarışı verilmişdir ki, həmin çıxarışda tam müəmmalı şəkildə 2000-ci illər üzrə ona “yekun borc” hesablandığı müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin belə bir hesablamaya əsaslanan tələbi tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıya 2000-ci ildən başlayaraq su təchizatı və çirkab suların axıdılması ilə bağlı hesablanmış borc məbləği tamamilə əsassızdır. Belə ki, qeyd olunan ünvanda faktiki olaraq 2 nəfər yaşadığı halda sayğac quraşdırılan dövrə qədər adambaşı 4 nəfərə münasibətdə su sərfiyyatına görə borc hesablanmışdır. Halbuki iddiaçının qızı Lamiyə Daşdəmirova mənzildə qeydiyyatda qalmasına baxmayaraq 2012-ci ildə nikaha daxil olub ailə qurması ilə bağlı başqa ünvana köçüb və hazırda iddiaçıya məxsus mənzildə yaşamır. 2016-cı ildən isə iddiaçının əri qeydiyyatdan çıxmış və həmin mənzildə faktiki olaraq yaşamır. 2022-ci ilin fevral ayında isə iddiaçının tələbi ilə mənzilə cavabdeh tərəfindən sayğac quraşdırılmışdır. Baxmayaraq ki, iddiaçı tərəfindən son bir il ərzində sayğac quraşdırılmamışdan öncə əvvəlki illərə görə hesablanmış borcdan xeyli məbləğdə pul ödənilmişdir, cavabdeh onun borcunun olması əsası ilə mənzilə suyun təchizatını qanunsuz olaraq dayandırmışdır. Bundan sonra iddiaçı mənzilə su təchizatının təmin edilməsi məqsədilə cavabdehin tələbi ilə sayğac quraşdırılmamışdan öncə əvvəlki illərə görə hesablanmış borcdan 480 manat ödəniş etmişdir. Sonuncu dəfə isə ümumi borcdan iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 50 (əlli) manat ödəniş edilmişdir. Həmçinin qeyd edir ki, MM-nin 551-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Ona görə də hesab edir ki, 2018-ci ildən etibarən hesablanmış ümumi borc və iddiaçı tərəfindən 5 il ərzində ödənilmiş məbləğlər nəzərə alınmaqla hazırda cavabdeh tərəfindən əsassız olaraq iddiaçıdan tələb edilən borc məbləğləri silinməlidir. 5 illik müddəti keçmiş borclar isə iddia müddətinin keçməsi səbəbiylə iddiaçıdan tutula bilməz. Verilmiş suallara əsasən iddiaçının nümayəndəsi izahatında əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sübutlardan göründüyü kimi, 2018-ci ildən 2022-ci ilədək illər üzrə hesablanmış ümumi borc məbləği 542,17 (beş yüz qırx iki manat on yeddi qəpik) manat təşkil edir. 2022-ci ildə sayğac quruşdırıldığından onun göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən ödənişlər vaxtı-vaxtında həyata keçirilmişdir. Əvvəlki illərə görə borclar üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə 480,17 manat, xx.xx.2022-ci il tarixdə isə 50 manat ödəniş etmişdir. Odur ki, iddiaçıya əsassız olaraq hesablanmış 751 manat qalıq borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında bildirir ki, abonent kartından göründüyü kimi X5 yaşadığı mənzildə 4 nəfər qeydiyyatda olduğundan 2022-ci ilin fevral ayına qədər, yəni sayğac quraşdırılanadək adambaşına sudan istifadəyə görə borc hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na görə istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Lakin qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır, hətta mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda istehlakçı idarəyə müraciət etməli və bu faktı təsdiq edən sənədi təqdim etməlidir. Buna görə istehlakçı vaxtında sənədi təqdim etməməsinə görə özü məsuliyyət daşıyır. Odur ki, hazırki halda iddiaçı özü qeydiyyatda olan şəxslərin sayında dəyişiklik edilməsi barədə sənəd təqdim etmədiyindən müvafiq illər üzrə Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərə uyğun olaraq borclar düzgün olaraq hesablanmışdır. Belə ki, 2020-ci ilə qədər adambaşına 3 manat hesablandığı halda həmin vaxtdan sonra 5 manat hesablanmışdır. Yalnız iddiaçıya məxsus mənzilə 2022-ci ilin fevral ayında sayğac quraşdırılmış və bundan sonra aylar üzrə sayğacın göstəricilərinə əsasən ödənişlər həyata keçirilmişdir. İddiaçının 2011-ci ildən hazıradək su təchizatı və çirkab suların axıdılmasına görə 710,64 (yeddi yüz ona manat altmış dörd qəpik) manat borcu qalmışdır. Borcla bağlı bildirişlər abonentə təqdim edilməsinə baxmayaraq iddiaçı ödənişlər aparmamışdır. İddiaçı tərəfindən həqiqətən də 2022-ci ilin aprel ayında su təchizatı dayandırıldığına görə 480 manat ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alınmaqla 2011-ci ildən hazıradək abonentin 710,64 (yeddi yüz ona manat altmış dörd qəpik) manat borcu qalmışdır. Həmçinin nəzarətçilər tərəfindən verilən məlumata görə, abonent nəzarətçilərə əksər vaxt sayğacın göstəricilərinə baxış keçirilməsi üçün şərait yaradılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın əsassız olmasını bildirərək təmin edilməməsini məhkəmədən xahiş edir. Verilmiş suala əsasən cavabdehin nümayəndəsi bildirir ki, Cavabdeh ASC tərəfindən iddiaçının 2011-ci ildən mövcud olan əvvəlki borcları ilə bağlı ona qarşı tələb irəli sürülməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 203 nömrəli sərəncamına əsasən müəyyən edilir ki, X1 adına verilmiş 190919 nömrəli, xx.xx.1980-ci il tarixli order əsasında mənzil X5 adına keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzilə dair İradə İbrahimova ilə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. - X1 notarial qaydada verdiyi xx.xx.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzilinə dair kirayə müqaviləsinin həmin mənzildə qeydiyyatda olmaqla yaşayan X5 adına keçirilməsinə razılıq vermişdir. - Cavabdeh ASC-nin **********430 nömrəli xx.xx.2023-cü il tarixli abonent kartından müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı (Nizami Daşdəmirov) ilə xx.xx.1997-ci il tarixli müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə isə mənzilə “CSS-20” markalı, 21144067 nömrəli sayğac quraşdırılmış və həmin tarixdən əvvəl abonentə sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı xidmət haqqı qeydiyyatda olan 4 nəfərə münasibətdə hesablanmışdır. Belə ki, abonentə qeydiyyatda olan 4 nəfər üçün 2015-ci il üzrə dəbbə pulu ilə birlikdə 421,2 manat; 2016-cı il üzrə 105,94 manat; 2017-ci il üzrə 122,5 manat; 2018-ci il üzrə 123 manat; 2019-cu il üzrə 120,5 manat; 2020-ci il üzrə 121 manat; 2021-ci il üzrə 228,67 manat borc hesablanmışdır. 2022-ci ildə isə aylar üzrə abonent tərəfindən müxtəlif vaxtlarda sayğac göstəricisinə görə ödənişlər edilmiş, xx.xx.2022-ci il tarixdə 200 ( iki yüz) manat və 280 (iki yüz səksən) manat olmaqla, cəmi 480 manat, xx.xx.2022-ci il tarixdə isə 50 (əlli) manat ödəniş edilmişdir. 2023-cü ilin yanvar ayı üzrə 4 manat, fevral ayı üzrə 6 manat olmaqla 10 manat borc hesablanmış və həmin borca görə abonent tərəfindən 11 manat ödəniş həyata keçirilmişdir. Hazırda abonentin sayğac quraşdırılmamışdan öncə, yəni 2022-ci ilin fevral ayından əvvəlki dövr üzrə borclar nəzərə alınmaqla ümumi borcu 703,17 manat təşkil edir. Beləliklə, abonent kartından müəyyən edilir ki, mənzilə su sərfiyyatını ölçən sayğac quraşdırıldıqdan sonra abonent tərəfindən 2022-2023-cü illərdə aylar üzrə sayğac göstəricilərinə uyğun olaraq vaxtaşırı ödənişlər tam şəkildə həyata keçirilmişdir. - Cavabdehin nümayəndəsi tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə sübut olaraq məhkəməyə təqdim etdiyi xx.xx.2023cü il tarixli arayışdan müəyyən edilir ki, abonent X5 2011-ci il üzrə 79,20 manat, 2012-ci il üzrə 86,40 manat, 2013-cü il üzrə 86,40 manat, 2014-cü il üzrə 86,40 manat, 2015-ci il üzrə 82,80 manat, 2016-cı il üzrə 105,94 manat, 2017-ci il üzrə 122,50 manat, 2018-ci il üzrə 98 manat, 2019-cu il üzrə 120,50 manat, 2020-ci il üzrə 114,84 manat, 2021-ci il üzrə 208,83 manat borcu qalmışdır. Həmçinin arayışdan müəyyən edilir ki, abonentin 2022-ci il üzrə su sərfiyyatı və çirkab suların axıdılmasına görə borcu yoxdur, lakin əvvəlki illər üzrə borcundan 480,17 manat, xx.xx.2023-cü il tarixdə isə 1 (bir) manat ödəniş həyata keçirmişdir. Abonentin borcu əvvəlki illərə görə 710,64 manat təşkil edir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi izahatında xx.xx.2023-cü il tarixli arayışda qeyd olunan məlumatların əsas götürülməsini məhkəmədən xahiş etdi. -iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Binəqədi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 106 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2021-ci il tarixli, 208 nömrəli və xx.xx.2023-cü il tarixli, 86 nömrəli arayışlarından müəyyən edilir ki, 2016-cı ildə X4 Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzildən qeydiyyatdan çıxmış və hazırda mənzildə 3 nəfər qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq iki nəfər yaşayır və mənzildə qeydiyyatda olan Sultan-zadə (Daşdəmirova) Lamiyə Nizami qızı xx.xx.2012-ci il tarixdə köçüb getmişdir. AZ-İ seriyalı 806766 nömrəli nikah haqqında şəhadətnamənin surətindən isə müəyyən edilir ki, X2 xx.xx.2012-ci il tarixdə Sultan-zadə Firudin Tariyel oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Beləliklə işin müəyyən edilmiş halları odur ki, dövlət mənzil fonduna daxil olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzili Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 203 nömrəli sərəncamına əsasən bağlanmış sosial kirayə müqaviləsinə əsasən hazırda iddiaçının istifadəsindədir. Mənzilə xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. Qeyd olunan müqavilə cavabdehlə mənzilin əvvəlki sosial kirayənişini olmuş iddiaçının keçmiş əri Nizami Daşdəmirov arasında bağlanmasına baxmayaraq, sonradan həmin müqavilə əsasında iddiaçının istifadəsində olan mənzilə xidmət göstərilməsi davam etdirilmişdir. Dolayısı ilə mənzilin hazırki istifadəçisi olan X8 ilə cavabdeh arasında mənzildə su sərfiyyatı və çirkab suların axılmasına görə faktiki müqavilə münasibətləri davam etmişdir. Belə ki, iddiaçı müqavilə bağlandığı vaxtdan həmin mənzildə qeydiyyatda olmaqla yaşamış və cavabdehin göstərdiyi xidmətlərdən bilavasitə istifadə etmişdir. Cavabdeh isə istehlakçı barədə məlumatlı olmuş və abonentə qarşı etiraz etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6cı bəndinə görə STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə isə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir, 5.1.2-ci bəndə görə müqavilənin bağlanmasını tələb etmək isə onun hüququdur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hazırki iddia tələbini verməyə subyektiv hüququ vardır. İşin digər müəyyən edilmiş halları ondan ibarətdir ki, mənzildə xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmış və həmin tarixdən əvvəl abonentə sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı xidmət haqqı qeydiyyatda olan 4 nəfərə münasibətdə hesablanmışdır. Həmçinin abonent X5 2011-2021-ci illər üzrə mənzildə su sərfiyyatı və çirkab suların axıdılmasına görə yaranmış borcu xx.xx.2023-cü il tarixə 710,64 manat təşkil edir. Belə ki, abonent kartında onun 703,17 manat borcunun olması qeyd olunmasına baxmayaraq, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi mühasibatlıqla dəqiq hesablamalar aparmaqla təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd olunan məlumatların əsas götürülməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə qeyd olunan arayışı sübut olaraq qəbul edir. Hazırda iddiaçı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 751 manat borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi isə iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə iddiaçının mənzildə faktiki olaraq iki nəfər yaşamasına baxmayaraq 2022-ci ildən əvvəlki dövr üzrə mənzildə qeydiyyatda olmuş 4 nəfərə münasibətdə su sərfiyyatı və çirkab suların axıdılmasına görə xidmət haqqının düzgün hesablanmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Həmin Qaydaların 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Göründüyü kimi, istehlakçı olaraq iddiaçı özü ona məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə sənədi cavabdehə təqdim etmək vəzifəsi daşıyır. Lakin hazırki mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı öz vəzifələrinə laqeyid yanaşmaqla mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə cavabdehi vaxtında məlumatlandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasinin Qanunun tələbinə görə şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer başa düşülür. Hazırki mülki iş üzrə mənzildə qeydiyyatda olan Sultan-zadə (Daşdəmirova) Lamiyə Nizami qızının xx.xx.2012-ci il tarixdən faktiki olaraq başqa ünvanda yaşaması da işin hallarına təsir etmir. Çünki onun yaşayış yeri rəsmi qeydiyyatda olduğu yer sayılır, eyni zamanda mövcud qaydalara görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə faktiki yaşayanların deyil, qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablamalıdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə iddiaçının cavabdeh tərəfindən borc məbləğlərinin yanlış hesablanmasına dair iddiasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması ilə borcun hesablanması qaydasında cavabdeh tərəfindən hər hansı qanunvericiliyin tələbinin pozulması halı aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat; Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat; Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənlərlə yanaşı məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh 2011dən 2022-ci ilədək olan dövr üzrə iddiaçı tərəfindən vaxtaşırı icra edilməli olan öhdəliklərin icrasını tələb edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı izahatından iddiaçıya qarşı hazıradək həmin illər üzrə borcun ödənilməsi ilə bağlı tələb irəli sürülmədiyini bildirmişdir. Onun məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışla təsdiq olunur ki, iddiaçıya 2011-ci il üzrə 79,20 manat, 2012-ci il üzrə 86,40 manat, 2013cü il üzrə 86,40 manat, 2014-cü il üzrə 86,40 manat, 2015-ci il üzrə 82,80 manat, 2016-cı il üzrə 105,94 manat, 2017-ci il üzrə 122,50 manat, 2018-ci il üzrə 98 manat, 2019-cu il üzrə 120,50 manat, 2020-ci il üzrə 114,84 manat, 2021-ci il üzrə 208,83 manat borc hesablanmışdır. Həmçinin cavabdeh iddiaçıya aylar üzrə borcuna dair bildirişlərin verilməsini, yəni onun borclar barədə xəbərdar edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilir ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. X3 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə iddia müddətləri ilə bağlı müddəaların həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı, həm də həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulması hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, məhkəmə müdafiəsi hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, hazırki mübahisənin həll edilməsi baxımından AR MM-nin aşağıdakı normaları tətbiq edilməlidir. Belə ki, MM-nin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəyə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəyə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəyə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.3-cü maddəyə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Bundan başqa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından müəyyən edildiyi kimi Cavabdeh ASC 2022-ci ilin fevral ayında iddiaçıdan 2011-ci ildən başlayaraq həmin vaxtadək mövcud olan borcların ödənilməsini tələb etmiş və təsir tədbiri olaraq mənzilə su təczihatını dayandırmışdır. Lakin həmin vaxtdan daha əvvəl borcların ödənilməsi Cavabdeh ASC tərəfindən iddiaçıdan tələb edilməmişdir. Bu xüsusat cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla təsdiq edilir, eləcə də daha əvvəlki tarixdə iddiaçıya belə bir tələbin irəli sürülməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hətta işin hallarından da göründüyü kimi, iddiaçı cavabdehin pul tələbini əsassız hesab etdiyindən mənzilə sayğac quraşdırılmasını təmin etmiş və bundan sonra su sərfiyyatına görə ödənişləri mütəmadi olaraq sayğac göstəricilərinə uyğun olaraq həyata keçirmişdir. Hazırki iş üzrə Cavabdeh ASC-nin tələb hüququnun vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, bu cür tələblərə üç illik iddia müddəti şamil edilməlidir. İddiaçının isə Cavabdeh ASC-nin ondan pul tələb etməsinə etiraz əlaməti olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəməyə hüquqlarının müdafiəsi ilə bağlı verilmiş iddia ərizəsi özü-özlüyündə iddia müddətinin tətbiq edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş ərizəyə bərabər tutulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar X6 2011-ci il üzrə hesablanmış 79,20 manat, 2012-ci il üzrə hesablanmış 86,40 manat, 2013-cü il üzrə hesablanmış 86,40 manat, 2014-cü il üzrə hesablanmış 86,40 manat, 2015-ci il üzrə hesablanmış 82,80 manat, 2016-cı il üzrə hesablanmış 105,94 manat, 2017-ci il üzrə hesablanmış 122,50 manat borclar üzrə, 2018-ci il üzrə hesablanmış 98 manat borclar üzrə tələb hüququna görə 3 illik iddia müddəti keçdiyindən silinməlidir. Məhkəmə araşdırması ilə və xx.xx.2023-cü il tarixli arayışla həmçinin təsdiq olunur ki, iddiaçıya Cavabdeh ASC tərəfindən tələb irəli sürüldüyü vaxtdan, 2022-ci ilin fevral ayından hesablanmaqla son üç il ərzində, yəni 2019-cu il üzrə 120,50 manat, 2020-ci il üzrə 114,84 manat, 2021-ci il üzrə 208,83 manat, olmaqla cəmi 449,17 manat borc hesablanmışdır. Həmin borc tələbləri üzrə 3 illik müddət keçməmişdir. Həmçinin iş materialları ilə təsdiq olunur ki, abonentin 2022-ci il üzrə su sərfiyyatı və çirkab suların axıdılmasına görə borcu yoxdur, lakin əvvəlki illər üzrə borcdan iddiaçı tərəfindən 530,17 (480,17+50) manat ödəniş həyata keçirmişdir. Odur ki, məhkəmə ödənilmiş məbləği nəzərə alaraq hesab edir ki, hazırda abonentin borcu Cavabdeh ASC-yə borcu yoxdur. Məhkəmə göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarından biri də odur ki, Cavabdeh ASC faktiki olaraq ümumi hüquq prinsipləri əsasında yaradılan və fəaliyyət göstərən qurumdur. Cavabdeh ASC bütün ölkə üzrə su təchizatının təmin edilməsi vəzifəsini daşıyır, yəni su təchizatı ilə bağlı bütün ölkə üzrə ictimai xidmətin həyata keçirilməsi fəaliyyəti ilə məşğuldur. Başqa sözlə, Cavabdeh ASC, dövlət tərəfindən qurulan və təşkilatı hüquqi formasından asılı olmayaraq ümumi hüquq prinsipləri çərçivəsində idarə olunan və bütün ölkə üzrə ictimai xidmətin həyata keçirilməsi vəzifəsi daşıyan bir qurumdur. Faktiki hüquqi vəziyyət belə olduğuna görə, Cavabdeh ASC-nin bütün tələbləri, o cümlədən və xüsusilə də əhaliyə qarşı tələbləri ümumi hüquq prinsiplərinə tabe tutulmalıdır. Ümumi hüquq prinsiplərindən biri də ümumi hüquq münasibətlərindən irəli gələn tələblər üçün nəzərdə tutulan müddətlərin həmişə bir qayda olaraq kəsici müddətlər olmasıdır. Bu xüsus inzibati xətalar və hətta cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı müddətlər baxımından da AR qanunvericiliyində kifayət qədər öz əksini tapır. Bu nöqteyi-nəzərdən də müqayisədə ictimai asayiş və ictimai mənafe baxımından daha çox əhəmiyyət kəsb edən inzibati xətalar və hətta cinayət məsuliyyəti baxımından qanunvericilikdə nəzərdə tutulan müddətlərin kəsici müddət olaraq qəbul edilməsi, ancaq əhaliyə kommunal-iaşə xidmətlərindən irəli gələn tələb hüquqları baxımından olan müddətlərin isə, kəsici müddət deyil, iddia müddəti kimi nəzərə alınması hüquqi əsas və məntiq baxımından doğru deyildir. Belə ki, Cavabdeh ASC-nin su sərfiyyatna görə hesabladığı borcları ala bilməsi üçün çox daha güclü və dərhal təsir etmək imkanı olan “suyun verilməsini dayandırmaq” imkanına malikdir. Məlumdur ki, su tələbatı insanların yaşamı üçün zəruri ehtiyacdır. Belə tədbir görüldüyü halda isə abonent mövcud olan borc ödəmək məcburiyyətində qalır. Hazır mülki işdə də belə vəziyyət mövcud olmuşdur. Üstəlik, bu kimi hallarda, iddia müddətləri institutundan istifadə etmək istehlakçı üçün faktiki mümkünsüz olur. Yəni hüquqi və praktiki baxımından bu cür əhaliyə ictimai xidmətlərin göstərilməsi ilə bağlı tələblərə iddia müddətinin tətbiq olunması ümumiyyətlə iddia müddətləri institutunun mahiyyət və hüquqi funksiyasına da uyğun gəlmir. Çünki əvvəla burada mahiyyətcə tərəflərin bərabərliyinə əsaslanan bir münasibət, yəni mülki hüquq münasibəti yoxdur ki, mülki hüquqa aid bir institut olan iddia müddətlərindən də bəhs oluna bilsin. İkincisi isə, ölkədə əhaliyə su təchizatı xidməti verən yeganə qurum kimi Cavabdeh bu xidməti dayandırdığı təqdirdə aradan uzun müddət, hətta on illər keçmiş olan borclar üzrə tələbin ödənilməsini üstün imkanlarından istifadə etməklə təmin təmin etdirə bilir. Bu kimi hallar isə ümumi hüquqa aid olmayan və mahiyyəti baxımından sırf bir mülki hüquq institutu iddia müddətləri institutundan tamamilə hüququn əsas prinsipi olan ədalətlilik prinsipinə, qanunvericiliyə və hüquqa zidd bir şəkildə istifadə olunması nəticəsini əmələ gətirir. Bundan başqa, Cavabdeh ASC-nin fəaliyyətini və bu fəaliyyət üzrə əmələ gələn tələb hüquqlarını mülki qanunvericiliyə tabe tutulduğu halda da belə, yenə də yenə də Cavabdeh ASC-nin üstündən uzun müddət keçmiş vaxtaşırı icra edilməli olan borclar üzrə ödənişləri tələb etməsi mülki qanunvericiliyin tələblərinə də ziddir. Belə ki, MM-in 432.3-cü maddəsinə görə “Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir”. Hazırki məhkəmə icraatında olan hüquqi mübahisə ilə bağlı münasibətlər baxımından isə, ictimai xidmət fəaliyyətini həyata keçirən Cavabdeh ASC birtərəfli qaydada edilən ödənişləri əvvəlki illərə hesab edərək borcu silir. Bu isə açıqca mülki qanunvericiliyə və qeyd olunan bu qanun normasına ziddir. Həmçinin, MM-in 529.5-ci maddəsinə görə, vaxtaşırı, hissə-hissə ödənilən borclar baxımından sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Hazırki məhkəmə icraatında olan hüquqi mübahisə ilə bağlı münasibətlər baxımından isə, ictimai xidmət fəaliyyətini həyata keçirən Cavabdeh ASC son ödənişlərin edilməsi tarixinə məhəl qoymadan ümumi hüququn vermiş olduğu üstün imkandan istifadə edərək aradan nə qədər müddət keçməsindən asılı olmayaraq əvvəlki illərə dair ödənişləri məcburi qaydada həyata keçirilməsini tələb etmiş və üstəlik bunu iddia müddəti institutundan təyinatı xaricində istifadə etmək adı altında etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin ediməli, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar X6 2019-cu il üzrə hesablanmış 120,50 manat, 2020-ci il üzrə hesablanmış 114,84 manat, 2021-ci il üzrə hesablanmış 208,83 manat borclar daxil olmaqla, 2011- 2021-ci illər ərzində olan dövr üzrə (xx.xx.2023-cü il tarixli arayışa əsasən) hesablanmış və abonentdən ödənilməsi tələb edilən 710,64 (yeddi yüz on manat altmış dörd qəpik) manat borc məbləğləri silinməlidir. Məhkəmə iddia tələbi qismən təmin edərkən nəzərə alır ki, iddiaçı məhkəmədən 751 manat borcun silinməsini tələb etdiyi halda, məhkəmə araşdırması ilə Cavabdeh ASC tərəfindən abonentə 710,64 (yeddi yüz on manat altmış dörd qəpik) manat borcun hesablanması müəyyən edildilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar X6 2011-2021-ci illər üzrə hesablanmış 710,64 (yeddi yüz on manat altmış dörd qəpik) manat borc məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-833/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-833/2023
04.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver