Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-837/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə 22.12.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri 5 saylı Notariat Ofisində 27.05.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən 15.09.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında AR DƏDRX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 17.01.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, 049241 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil 13.11.1996cı il tarixdə iddiaçıların anası X2 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. 12.02.2021-ci il tarixdə X8 vəfat elmişdir. O vəfat etdikdən sonra iddiaçıların xalası Cavabdeh4 88 yaşlı “alsgeymer” xəstəsi olan, qohumlarını tanımayan, deyilənləri dərk elməyən, fikrini izah edə bilməyən Cavabdeh3 5 saylı DNK-da baş etibarnamə alıb həmin etibarnamədən öz məkrli niyyətləri üçün istifadə etmişdir. Belə ki, etibarnaməni aldıqdan sonra 12 saylı DNK-ya Cavabdeh3 adından müraciət edərək onun adına 15.09.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasından sonra isə Cavabdeh4 Cavabdeh3 tərəfindən verilmiş etibarnamə ilə mübahisə edilən mənzilin 1/3 hissəsinə çıxarış almışdır. Bundan başqa Cavabdeh4 hiylə işlədərək iddiaçıların nənəsindən etibarnaməni 5 saylı DNK-da almış, sonradan 12 saylı DNK-dan etibarnamə əsasında yalnız özünün iştirakı ilə vərəsəlik şəhadətnaməsini almışdır. Onun bunu etməklə məqsədi o olmuşdur ki, 12 saylı DNK-da Cavabdeh3 ümumiyyətlə görməsinlər və onun hansı halda olduğunu bilməsinlər. İddiaçılar bununla bağlı 12 saylı DNK-da narazılığını bildirdikdə isə onlara cavab belə cavab verilmişdir ki, etibarnamə başqa notariusda verilib və etibarnamə əsasında Cavabdeh4 Cavabdeh3 adından vərəsəlik şəhadətnaməsi ilə bağlı hərəkətləri edə bilər. Cavabdeh4 bu işdə belə canfəşanlıq etməsinin bir səbəbi var ki, iddiaçıların nənəsinin yeganə brinci dərəcəli qanun üzrə vərəsəsi kimi o öldükdən sonra onun mirasını ələ keçirmək istəyir. Daha bir məqamı qeyd edir ki, Cavabdeh3 uzun illərdir yaddaş pozuntusundan əziyyət çəkir, hətta ən yaxın qohumlarını tanımır, ahıllıq xəstəsidir, mübahisə edilən mənzilin harda yerləşməsindən belə xəbəri yoxdur. Əlavə olaraq bildirir ki, Cavabdeh3 məhkəmə iclasında dəvət olunmasını xahiş edir. Suala cavab olaraq bildirir ki, Cavabdeh3 ifadəsi və şahid ifadələri sübut ola bilərdi. Şahidlər də öz ifadələrində Cavabdeh3 öz qızının yas mərasimdə iştirak etmədiyini bildirəcəkdi. Şahidlər dedikdə ata tərəfdən qohumlarını nəzərdə tutur. Lakin onlar xalası ilə üz-üzə gəlmək istəmədikləri üçün bugün iclasa gəlməmişlər. Cavabdeh3 ilə videogörüntü ilə əlaqə saxlayaraq dindirilməsi də onun vəziyyətinin müəyyən edilməsinə kifayət edərdi. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək bildirir ki, Cavabdeh3 onun nənəsidir və onun hazırki mübahisədən, həmçinin öz qızının ölümündən ümumiyyətlə xəbəri yoxdur. Etibarnaməni və qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni verən notariat orqanları fərqlidir. Nənəsinin məhkəmə iclasında iştirakı mütləqdir. Hazırda onun gizlədilməsində məqsəd onun etibarnamə verə bilməməsidir. Qohumları belə xalası Cavabdeh4 ilə danışmır. Anası dünyasını dəyişəndə xalası və onun qızı evdən anasına məxsus qızıl, telefon və əl çantası kimi bəzi əşyalarını götürmüş, eyni zamanda nənəsindən xəbərsiz evdə yas mərasimi təşkil etmişdir. Xalası Cavabdeh4 məhkəmədə nənəsi Cavabdeh3 təmsil etmək hüququ yoxdur. Nənəsinin məhkəmə iclasına gəlməsini istəyir. Suala cavab olaraq bildirir ki, nənəsinin anlaqsız olmasını düşünməyinin səbəbi dəfələrlə onu belə tanımamasıdır. Bunu bütün qohumları da bilir. Nənəsinin hər hansı psixi dispanserdə qeydiyyatının olub-olmaması barədə məlumatı yoxdur. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmişdir. 14.02.2022-ci ildə məhkəməyə daxil olmuş AR Səhiyyə Nazirliyi 3 saylı şəhər poliklinikası tərəfindən verilmiş 31.01.2022-ci il tarixli məlumata əsasən Cavabdeh3 sağ pəncənin qanqrinası ilə əlaqədar hal-hazırda evdə ambulator müalicə aldığından səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir. Bundan əalvə, hava çatışmazlığı və ürəyindən şikayətləri vardır. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi və Bakı şəhəri 12 saylı Notariat Ofisi məhkəməyə ərizə göndərərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iddiaçını və onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Oktyabr rayonu VVAQ idarəsi tərəfindən verilmiş 07.08.1986-cı il tarixli, Xİİ-JQ 253896 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 xx.xx.1986-cı il tarixdə, Bakı şəhərində anadan olmuş, atası X4, anası X5r. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.08.2015-ci il tarixli, AZ-İİİ 596510 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı2 xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, atası X4, anası X5r. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, AZ-İİ 164277 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 12.02.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.05.2021ci il tarixli, 05/Q-267/69 nömrəli doğum haqqında akt qeydinin surətinə əsasən X9 19.01.1959-cu il tarixdə anadan olmuş, atası X10, anası Cavabdeh3dır. İş materiallarında AR-İİ 314759 nömrəli, 27.05.2021-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh3 onun adından mirası qəbul etməyi və ya imtina etməyi, ərizə imzalamaq, vərəsəlik haqqında şəhadətnaməni almaq və digər hərəkətləri yerinə yetirmək barədə Cavabdeh4 iki il müddətinə səlahiyyət vermişdir. İş materiallarında olan Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi Cavabdeh4 07.09.2021-ci il tarixli ərizəsinə əsasən o, Bakı şəhəri 12 saylı Notariat Kontoruna müraciət edərək 12.02.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış 1/3 hissədə miras payı barədə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan 07.09.2021-ci il tarixli, 124 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən 12.02.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi anası Cavabdeh3 müəyyən edilərək ona miras əmlakdan 1/3 hissədə pay verilmişdir. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzildən ibarətdir. İş materiallarında olan 15.09.2021-ci il tarixli, 131 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 12.02.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri övladları İddiaçı1 və İddiaçı2 müəyyən edilərək onların hər birinə miras əmlakdan 1/3 hissədə pay verilmişdir. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və Rəhimova 1/3 hissədə Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş halları odur ki, iddiaçıların anası X9 12.02.2021-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil X3 mülkiyyətində olmuşdur. X3 qanun üzrə birinci növbə vərəsələri – hazırki iş üzrə iddiaçılar olan övladları İddiaçı1 və İddiaçı2 və hazirki iş üzrə cavabdeh olan valideyni - Cavabdeh3dır. Cavabdeh3 övladı Cavabdeh4 mirasın qəbul edilməsi üçün müraciət etmək və digər səlahiyyətlərin ötürülməsi barədə etibarnamə vermişdir. Cavabdeh4 etibarnamə əsasında Cavabdeh3 əvəzinə miras əmlakda pay almaq üçün müraciət etmişdir. Miras əmlakda vərəsələrin 1/3 hissədə payları müəyyən edilmişdir. Hazırda iddiaçılar iddia edirlər ki, hazırki iş üzrə cavabdeh olan nənələri- Cavabdeh3 analarının ölümündən və onun tərəfindən mirasın qəbul edilməsindən məlumatlı deyil. Çünki nənələri analarının vəfatı ilə əlaqədar keçirilən yas mərasimində iştirak etməmiş, əmlakın harada yerləşməsindən xəbərsizdir. Nənələri Cavabdeh3 88 yaşlı alsgeymer xəstəsidir, savadsızdır, qohumlarını tanımır, deyilənləri dərk etmir. Bundan əlavə, Cavabdeh3 adından hazırki iş üzrə digər cavabdeh olan xalaları - Cavabdeh4 mirasın qəbul edilməsi üçün müraciət etmək və digər səlahiyyətlərin ötürülməsi barədə etibarnamə 5 saylı notariat ofisində verilsə də, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə başqa notariat ofisində verilmişdir. Etbarnamədə “bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər” bəndi vardır. Bakı şəhəri 5 saylı Notariat Ofisində 27.05.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında AR DƏDRX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edilməlidir. Belə ki, 27.05.2021-ci il tarixli, AR-İİ 314759 saylı etibarnamədən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən miras qəbul etmək, yaxud ondan imtina etmək, ərizə imzalamaq, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq və digər hərəkətləri etmək Cavabdeh4 etibar edilmişdir. Etibanamədə qeyd olunmuşdur ki, “ Mən, 5 saylı notariat ofisinin xüsusi notariusu X6 bu etibarnaməni təsdiq edirəm. Etibarnaməni Cavabdeh3 şəxsən özü mənim iştirakımla imza edib. Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı qeyd edir ki, Cavabdeh3 xəstədir, baş verənləri anlamır. Lakin buna dair məhkəməyə heç bir ilkin sübut belə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, etibarnamədə “bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər” bəndinin qeyd edilməsi, etibarnamənin və etibarnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnamənin başqa- başqa notariat ofisində təsdiqlənməsi etibarnamənin etibarsız hesab edilməsi üçün əsas deyil. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə sonrakı tələblər ilkin tələblə bağlı olduğundan və ilkin tələbin əsassız olduğu müəyyən edildildiyindən həmin tələblərin araşdırılmasına lüzum yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 346.2-ci maddəsinə əsasən sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri 5 saylı Notariat Ofisində 27.05.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında AR DƏDRX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri 5 saylı Notariat Ofisində 27.05.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında AR DƏDRX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-837/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-837/2022
15.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver