Məhkəmə qərarları › İş №2(004)-846/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-846/2021

04.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-846/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin “Baş” filialı və Maraqlı şəxs1 MMC ilə X6 arasında xx.xx.2010-cu il tarixində bağlanmış 004003/0167/10/12 saylı üçtərəfli ipoteka müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin “Baş” filialı Maraqlı şəxs1 MMC ilə xx.xx.2010-cu il tarixində 004003/0167/10/12 saylı üçtərəfli ipoteka müqaviləsi bağlamış X6 onun həyat yoldaşıdır. Belə ki, onunla xx xxxx 1986-cı il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan dörd övladı olmuşdur və hal-hazıra kimi də ailəlidirlər. 1986-cı ildən 1992-ci ilə kimi Quba şəhərində yaşamış, 1992-ci ildən 1997-ci ilə kimi ünvan 1 mən.44 ünvanında, 1997-ci ilin may ayından 2004-cü ilin dekabr ayına kimi Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi., 9A mənzil 26 ünvanında, 2004-cü ilin dekabr ayından hal-hazıra kimi Bakı şəhəri, Yasamal rayonu. A.Abbasov küçəsi 22A mən. 3 ünvanında kiçik oğlu X3 və həyat yoldaşı X6 ilə bir yerdə yaşamaqdadır. xx xxxxxxx 2020ci il tarixində AR Ali Məhkəməsində baxılan işi uduzduqdan sonra həyat yoldaşım uzun illərdir ki məndən gizli saxladığı məsələni açıqladı, mənim rəfiqəmin həyat yoldaşı X7 öz yaxını Sadiq Nurullayevlə birlikdə iş qurmaq adı altında cavabdeh “xxxx” ASC-dən kredit götürmək istəmiş və bir il ərzində qaytaracaqlarına həyat yoldaşını inandıraraq Quba şəhərindəki, evlərinin ipotekaya qoyulmasına nail olmuşlar. Təbii ki onun hal-hazıra kimi olub keçmiş hadisələrdən zərrə qədər xəbəri olmamışdır. Çünki 34 il evlilikləri ərzində həyat yoldaşı bir işi barədə ona məlumat verməmişdir və onun ümumiyyətlə onunla öz problemləri barədə bölüşmək xasiyyəti yoxdur. Kimə nə verib kimdən nə alacağını heç zaman bilməyib. Bu birinci dəfədir ki, başına gətirilən problemi ona bildirmiş və ipoteka müqaviləsi bağlayan zaman onun razılığının alınmamasını açıqlamışdır. Buna görə hesab edir ki, həyat yoldaşının adına Quba şəhəri 5-ci məhəllə ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 100,3 xv.m. yaşayış, 155,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair “xxxx” ASC-nin “Baş” filialı və Maraqlı şəxs1 MMC ilə X6 arasında xx.xx.2010-cu il tarixində bağlanmış 004003/0167/10/12 №-li üçtərəfli ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Belə ki həmin evdə, əlavə sahəsinin artırılması və təmir işlərinə çəkilən xərclərdə onun da payı vardır. Əvvəlki məhkəmə iclasında iştirak edən Vəkil izahatında bildirmişdir ki, mübahisənin predmeti ipoteka müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir. Həmin müqavilə X6 tərəfindən xx xxxxx 2010-cü il tarixində bağlanmışdır. Tərəflərdən biri olan X1 İddiaçı həyat yoldaşıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsində keçirilmiş məhkəmə iclasından sonra iddiaçının xx xxxxx 2010-cu ildə bağlanmış müqavilədən və Quba şəhərində yerləşən iki mərtəbəli həyətyanı evin X6 tərəfindən ipotekaya qoyulmasından xəbərdar olmuşdur. İddiaçı həmin ipoteka müqaviləsinin bağlanmasından xəbərsiz olduğunu əsas gətirərək, həmin müqavilənin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edir və həmin müraciətin hüquqi əsaslarını Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2 və “ipoteka haqqında” qanunun 8.1-ci maddəsi ilə əsaslandırır. Həmin maddələrdə göstərilir ki, ümumi birgə mülkiyyətdə olan əmlak bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı əsasında ipotekaya qoyula bilər. İddiaçı belə bir razılığının olmadığını bildirir və belə razılıq olmadığına görə müqavilənin etibarsız hesab edilməsi tələbini müdafiə edir. Burda bir məsələ var ki, Quba şəhəri 5-ci məhəllə ünvanında X4 məxsus torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 100,3 kv metr yaşayış, 155,5 kv metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evində əlavə sahənin artırılmasında və təmir işlərində iddiaçının da payı vardır. Belə olan halda ailə məcəlləsinin 35-ci, Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən həmin əmlak tərəflərin birgə mülkiyyəti kimi qəbul olunmalıdır. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunmasının məqsədi sadəcə vaxt qazanmaqdır. Məhkəməyə təqdim edilən sənədlərin içərisində bir sıra məhkəmə qətnamələri vardır və həmin qətnamələrdə iddiaçının verdiyi bütün tələblər rədd edilib. Yalnız icra mərhələsində iddiaçının əmlakın qiymətləndirilməsi ilə bağlı verdiyi şikayətlər təmin edilib. Müqavilənin etibarsızlığına gəlincə qeyd edir ki, mülki qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı bir illik iddia müddəti nəzərdə tutulub. Burda isə tərəf yenə də əsas məqsədi gizlədərək müqavilədən xəbərinin olmadığını iddia edir. Burda açıq-aydın görsənir ki, tərəfin məqsədi vaxt uzatmaqdır, hansı ki belə vəziyyət də bankın hüquqlarının həyata keçirilməsinə mane olur. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını diləyərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Bank ASC ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, **********10 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” Bank ASC Maraqlı şəxs1 MMC-yə 24 ay müddətinə illik 25% ödəmək şərti ilə 50000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan “xxxx” Bank ASC ilə X6 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə, ipoteka qoyan Quba şəhəri 5-ci məhəllədə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1000.3 kv.m yaşayış, 155,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5023/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh ASC xxxxa qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13580/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-5023/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.1995-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə məhkəmə iclasında iddiaçı mübahisə etdiyi xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 №-li ipoteka müqavilləsinin etibarsız hesab edilməsinə əsas kimi həmin müqavilə bağlanarkən onun razılığı olmadan bağlandığını əsas gətirərək, etibarsız hesab edilməsini xahiş etmişdir. İş materaillarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5023/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh ASC xxxxa qarşı “kredit və xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 №-li ipoteka müqaviləsinə artıq başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Hazırda İddiaçı xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə müqavilənin etibarsız hesab edilməsini məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Bundan əlavə məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 saylı ipoteka müqaviləsinin etibarsızlığı barədə xx.xx.2020-ci il tarixdə iddia qaldırmaqla, Azərbaycan Respublikası MM-in 354.2-ci maddəsi ilə müəyyən olunmuş iddia müddətini pozmuşdur. Odur ki, İddiaçı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar