Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-850/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 12 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş 21.05.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv etmə prosesində olan "xxxx" ASC ilə İddiaçı MMC arasında 03.09.2014-cü və 10.08.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İsmayıllı şəhəri, H.Əliyev prospeti 7 ünvanında yerləşən əmlak kompleksi ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada vaxtı-vaxtında icra edə bilməməmiş və bununla da kredit müqaviləsinin şərtləri dəfələrlə pozulmuşdur. Bununla bağlı İpoteka qoyanlar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ipoteka predmetinin satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında icra olunmamış öhdəliklərinin icrasına yönəldilməsinə dair razılığın verilməsini xahiş etmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İpoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospeti 7 ünvanında yerləşən əmlak kompleksinin girovda qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notariat, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu İddiaçı MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında bütün kredit müqaviləsi üzrə 16.05.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç) manat borc öhdəliyinin icra edilməsi məqsədi ilə həmin məbləğin tam olaraq LPO "xxxx" ASC-nin hesablaşma hesabına köçürülməsi şərtilə etiraz etməməsi barədə hazırki iddia üzrə cavabdeh 12 saylı Notariat ofisinə 16.05.2019-cu il tarixində **********750 saylı razılıq məktubu verilmişdir. Daha sonra İddiaçı MMC-nin maraqları pozulmuş, ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, Əliyev prospeti 7 ünvanında yerləşən əmlak kompleksi 21.05.2019-cu il arixli AN-1 №0780029 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 və Cavabdeh5 satılmış və alqı-satqı müqaviləsi 12 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmişdir. İddiaçı MMC bu proseslərin heç birinə, hətta alqı-satqı müqaviləsinə belə tərəf olaraq cəlb edilməmiş, iradə ifadəsi təmin olunmamışdır. Müqavilə üzrə öhdəliklərin də lazımınca yerinə yetirilməməsi İddiaçı MMC-nin hüquqlarının pozulması ilə yanaşı, maddi zərər vurulmasına səbəb olmuşdur. Belə ki, "xxxx" ASC-nin 12 saylı Notariat ofisinə ünvanlamış olduğu 16.05.2019-cu il tarixində **********750 saylı razılıq məktubundan da görünür ki, ipoteka predmetini yalnız İddiaçı MMC-nin 16.05.2019cu il tarixinə olan ümumilikdə 1090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç) manat borc öhdəliyinin ödənilməsi məqsədi ilə məbləğin göstərilmiş bank hesabına köçürülməsi şərti ilə özgəninkiləşdirilməsinə razıdır. Bu şərtin açıq adın yazılmasına baxmayaraq alıcılar 500.000 (beş yüz min) manat ödədikdən sonra qanunsuz olaraq ipoteka predmetini 590.333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc qalmaqla öz adlarına rəsmiləşdirmiş və bu günə qədər də öhdəliyinin geri qalan hissəsini icra etməmişdir. Bundan başqa 21.05.2019-cu il tarixli AN-1 №0780029 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 və Cavabdeh5 müqavilədən kənar aralarında bağlanmış centlmen sazişinə əsasən satıcılar Cavabdeh2 və Cavabdeh3 500000 (beş üz min) manat pul verməli olsalar da bunu nəinki həmin pulu ödəməmiş, əksinə müqavilə üzrə ödəməli olduğu 590333,34 manat kredit öhdəliyini də ödəmədən ipoteka predmetinə mülkiyyət sənədi əldə etməklə 1 ildən artıq müddətdə həmin kompleksdən istifadə etmiş, icarəyə vermiş, bu və ya digər qaydada külli miqdarla gəlirlər əldə etmişdir. İddiaçı MMC olaraq həmin alqı-satqı müqaviləsi İddiaçı MMC-nin maraqlarının pozulması və iradə ifadəsinə zidd olaraq bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, bağlanmış alqı-satqı müqaviləsi iddiaçının hüquqlarını pozmuşdur və götürdüyü kredit müqaviləsi üzrə təminat olan obyektin təminatlıqdan çıxması ilə iddiaçını borc qarşısında qoyur. Hesab edir ki, bağlanmış alqı-satqı müqaviləsi normativ hüquqi aktların pozulması ilə həyata keçirilmişdir. Müqavilədə iddiaçı tərəf kimi cəlb edilməmişdir. Müqavilənin mətnindən və bank tərəfindən təqdim edilmiş razılıq məktubundan da görünür ki, əmlak o zaman özgəninkiləşdirilə bilər ki, əmlakın girov təminatı olduğu kredit müqaviləsi üzrə 1.090.000 manat pul tam olaraq təqdim edilmiş bank hesabına ödənilmiş olsun. Lakin alqı-satqı müqaviləsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, həmin şəxslər həmin əmlakı öz mülkiyyətlərinə qanunsuz formada keçirdiblər. Artıq onların mülkiyyətinə keçməsi barədə DƏDRX-də də qeyd aparılıb. Lakin şəxslər qalıq 600.000 manat pulu ödəməmişdir. Bu günə kimi həmin məbləğ Navi Groupun borcu kimi qalmaqdadır. Ona görə də hesab edir ki, həmin pul ödənilmədən, iddiaçının razılığı olmadan həmin alqı-satqı müqaviləsi bağlanıla bilməzdi. Ümumiyyətlə, hesab edir ki, həmin müqavilə bağlanılarkən Navi Group 3-cü tərəf kimi cəlb edilməli idi. Onlar müqavilənin tərəfi olmadıqları üçün müqavilənin ləğv edilməsini tələb edə bilmirlər. Ona görə də qanunvericiliyə uyğun olaraq müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, görünən odur ki, hazırkı mülki işdəki cavabdehlər görünüş olaraq cavabdehdirlər və təmsil etdiyi şəxslərdən başqa digər bütün cavabdehlər iddia tələbini qəbul edirlər. Şirkətin direktorunu təsisçi təyin edir. İndi həmin təsisçini şirkət özü məhkəməyə verib. Təsisçi müqavilə bağlayıb, əmlakı satıb, lakin aradan bir il keçdikdən sonra tərəf gəlib müqavilənin etibarsız hesab edilməsini istəyir. Tərəflərin çıxışlarına baxdıqda görünür ki, tərəflərin fikirləri ilə prosessual mövqeyi bir-biri ilə ziddiyyət təşkil edir. Cavabdeh məhkəmə iclasında iddiaçı kimi çıxış edir. Bu isə iddianın mahiyyətini göstərir. Onlar qeyd olunan obyektdə onlara satıldığı vaxtdakından 5 dəfə artıq tikinti işləri görmüşlər, ona sərmayə qoymuşlar, lakin 2-3 il keçdikdən sonra qarşı tərəf gəlib müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürür. Əlavə olaraq Vəkil bildirmişdir ki, İddiaçı MMC cavabdeh qismində cəlb edilmiş şəxs tərəfindən yaradılıb, hazırda da eyni mövqedədir. İddiaçı MMC bugünədək öz nizamnaməsini məhkəməyə təqdim etməmiş və bundan yayınmışdır. Belə ki, nizamnamədə cəmiyyətin fəaliyyəti və təsisçisi barədə məlumatlar olur, lakin iddiaçı nizamnaməni gizlətməklə bu məlumatları verməmişdir. Deməli bu müəssisə nə üçün yaradılıb, fəaliyyəti nədən ibarətdir aydın deyil, bu günədək bilməmişik ki, müəssisə nə üçün yaradılıb. Əgər bu cəmiyyət kredit alıbsa həmin vəsaiti orada olan avadanlığa xərcləməyib. Bu iddia bir il keçəndən sonra yaranıb, baxmayaraq ki, kəsici müddət var. Bank fəaliyyətin dayandırıb və orada yoxlama gedib, rəhbərlik barədə cinayət işi qaldırılıb və kreditin ödənilməməsi üzə çıxıb, lakin bank müəssənin həmin krediti hara xərcləməsi barədə hesabat istəməli olduğu halda bunu istəməyib. Hesab edirik ki, müəssə daha yaxşı bilirdiki bazar satılıb, təsisçi özü bizə bazarı satıb, neçə il keçəndən sonra əmlkaın məbləği aldığımızdan da 5-6 dəfə artıb. Bankla təsisçi arasında bizə qaranlıq qalan məsələ var. Bank da iddia verib, Azərbaycan Respublikası Ali Məhkəməsinədək gedib, lakin təmin edilməyib. Əgər bank hazırda pulunu İddiaçı MMC-dən tələb etmirsə iddiaçının bizə qarşı bu tələbi qaldırması tezdir. Təsisçi iradəsinin nəticəsində bu müəssəsini yaradıb və müdir təyin edib. Bu müqavilənin ləğvi üçün yalnız tərəflər tələb irəli sürə bilər, kəsici müddət keçəndən sonra verilmiş iddia tələbi əsassızdır. Təsisçi ilə İddiaçı MMC eyni adamdır, formal olaraq oxşarlıq yaradıb bizi aldadıblar. Bu iş üzrə bankın iddiası təmin edilməyib. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, bank ilə iddiaçı arasında olan müqavilə əsasında bankın göndərdiyi şirkət tərəfindən obyekt 1.100.000 manat dəyərində qiymətləndirilib. Həmin məbləğin əsasında 300, 300 və 400 min manat olmaqla 3 mərhələdə pul ayrılıb. 300 min manatı onlar xərcləyəndən sonra Sahibkarlar Fondu gəlib monitorinq keçirib və həmin pulun ora xərcləndiyini təsdiq edən aktlar tərtib ediblər, bundan sonra pulun ikinci mərhələsi buraxılıb. 400000 manat kredit verildikdən sonra yenə monitorinq keçirilib, bundan sonra 4-cü hissə, yəni 300000 manat buraxılıb. Bu günə olan qiymətləndirməyə əsasən həmin obyektin qiyməti 4.200.000 manatdır. Həmin obyektdə yerləşən tikililərin heç də hamısı cavabdehlərə satılmayıb. Bu gün onlar həmin yerləri zəbt ediblər. İkincisi, o, təsisçi olsa da, əsas təsisçi onun qudasıdır – Cavabdeh3dir. Şirkətin direktoru isə təkcə təsisçi tərəfindən təyin olunmur. Toplantı keçirilir və orada çıxarılan akt əsasında direktor seçilir və təyin olunur. Bu gün şirkət onu da cavabdeh kimi təqdim edib məhkəməyə, çünki 4.200.000 manat qiyməti olan obyekti 1.100000 manata satmağından narazıdırlar. Onlara demişdir ki, Cavabdeh5 onun 40 illik dostu olub. Onun istədiyi obyekti geri qaytarmaq deyil, müqavilədə göstərilib ki, qalan borc Navi Groupa ödənilməlidir. Digər müqavilənin tərəfləri borcu ödəsin məsələ də bununla bitsin. Həmin obyekt əvvəllər süd-yağ emalı zavodu olub. O, ilkin müqaviləni başqa şəxslə bağlayırdı, lakin notarius ofisinə girəndən sonra onu aldatdılar və bildirdilər ki, müqaviləni onlarla bağlamalıdır – Cavabdeh4 və Cavabdeh5 ilə. Yuxarıda göstərilənləri nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə5 izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlanılarkən onun şərtləri iştirakçılar tərəfindən icra olunmalı idi və bundan sonra müqavilə notarial qaydada təsdiq olunmalı idi. Bu gün notarius bu iclasda iştirak etməli və aydınlıq gətirməli idi ki, hansı şərtlərlə müqavilə bağlanıb, öhdəlik icra edilibmi. İcra etmədiyi təqdirdə isə onlar bu gün iddiaçının verdiyi ərizəni etiraf etmək məcburiyyətindədirlər. Cavabdeh2 və Cavabdeh3 Navi Groupun təsisçiləridir və onlar bu gün iddiaçını fakt qarşısında qoyublar. Qanunvericiliyə görə təsisçilər qoyduqları əmlak çərçivəsində məsuliyyət daşıyırlar. Bu gün isə təsisçilər qoyduqları əmlakı aradan çıxarıblar və şirkəti bir növ tək buraxıblar. Buna görə də müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinə etiraz etmirlər. Cavabdeh5 Vidadi bəyə yazaraq kredit müqaviləsi üzrə ödəniş olduqları ödənişlərin kredit müqaviləsi qrafikinə uyğun olaraq geri qaytarılmasını xahiş etmişdir. Bununla da cavabdeh şəxs özü sübut edir ki, bankın pulu ödənilməyib. Bununla artıq o özü də etiraf edir ki, müqavilənin etibarsızlığı üçün əsas vardır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, kredit müqaviləsi iddiaçı ilə Zaminbank arasında bağlanıb. Müqavilə üzrə öhdəliklər bu gün də yerinə yetirilməyib, ona görə ki, onlar razılıqlarını bildirmişlər ki, ipoteka predmeti olan əmlakın satılmasına o şərtlə razıdırlar ki, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsin. Alqı-satqı müqaviləsinin məzmunundan da görünür ki, onlar banka olan ödənişin ödənilməsi şərti ilə öz razılıqlarını bildirmişlər. Faktiki olaraq həmin razılığın şərtləri yerinə yetirilməyib, lakin 12 saylı notarius həmin müqaviləni təsdiq edib və alqı-satqı prosesi yekunlaşıb. Faktiki olaraq 500.000 manat notariusda bankın hesabına keçib və kredit ödənişinə yönəldilib, amma yerdə qalan pul məbləği bank hesabına köçürülməyib. Hesab edir ki, notariusun mövqeyi bildirilməlidir ki, müqaviləni nə əsasında təsdiq edib. Hansı ki, şərtlərin yerinə yetirilmədiyi faktı ona məlum idi. Kredit müqaviləsinin müddəti hələ bitməyib. Bununla bağlı iddia qaldırmaq bankın hüququdur. Hələ ki, bank həmin hüququndan istifadə etməyib. Bütün bunları nəzərə alaraq o, məhkədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AN-İ ******* saylı 21 may 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcılar Cavabdeh3 və Cavabdeh2 tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 4136.6 kv/m olan əmlak kompleksi kimi müəssisə (qeyri-yaşayış sahəsi) və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 2,125 ha olan torpaq sahəsi ******* (bir milyon doxsan min üç yüz otuz üç) manata alıcılar Cavabdeh4 və Cavabdeh5 satılmışdır. Alıcılar bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 500000 manat məbləğini Satıcıların razılığı ilə həmin əmlaka dair Satıcıların "xxxx" ASCyə 16.05.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün Notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyirlər. Qalan 590333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat otuz dörd rəpik) manat məbləği isə Satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öz öhdələrinə götürürlər. Həmçinin Müqavilənin 4-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 18/05/2019 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (qeyri-yaşayış sahəsi) və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən torpaq sahəsi yüklüdür, "xxxx" ASC-nin 16.05.2019-cu il tarixli, **********750 saylı məktubunda həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə rəsmləşdirilməsinə razılıq verilmişdir. İş materiallarına əlavə edilmiş LPO Zaminbank tərəfindən 12 saylı Notariat Kontoruna ünvanlanmış 16.05.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında 03.09.2014-cü il və 10.08.2015-ci il tarixli kredit müqavilələri bağlanmış, həmin müqavilələr üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 oğlu və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, №7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında 16.05.2019-cu il tarixə 03.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas, 26.100 (iyirmi altı min yüz) manat faiz, ümumilikdə 326.100 (üç yüz iyirmi altı min yüz) manat, 23.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 400.000 (dörd yüz min) manat əsas, 38.133,34 manat (otuz səkkiz min yüz otuz üç manat, 34 qəpik) faiz, ümumilikdə 438133,34 manat (dörd yüz otuz səkkiz min yüz otuz üç manat, 34 qəpik) və 10.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas, 26.100 (iyirmi altı min yüz) manat faiz, ümumilikdə 326.100 (üç yüz iyirmi altı min yüz) manat borc öhdəliyi olmaqla, cəmi 1.090.333,34 manat (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) borc öhdəliyi mövcuddur. Qeyd olunanlara əsasən ipoteka predmeti olan Cavabdeh2 və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, №7 ünvanında yerləşən əmlak kompleksinin ipotekada (girovda) qalmaqla və predmetin özgəninkiləşdirilməsindən əldə olunan vəsaitin bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra İddiaçı MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə 16.05.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 manat (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) borc öhdəliyinin icra edilməsi məqsədilə məbləğin aşağıda qeyd olunan bank və hesablaşma hesabına (müxbir hesaba) köçürülməsi şərtilə özgəninkiləşdirilməsinə etiraz etmirlər. İş materiallarına əlavə edilmiş satıcılar Cavabdeh2, Cavabdeh3 ilə alıcılar Cavabdeh4, Cavabdeh5 tərəfindən imzalanmış razılıq ərizəsindən görünür ki, onlar Cavabdeh2 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən qeyri yaşayış sahəsinin və torpaq sahəsinin 1090333,34 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən 2.125 ha torpaq sahəsinin və 4136.6 kv.m əmlak kompleksi kimi müəssisənin satışından əldə edilən vəsaitdən 500000 manat məbləğin həmin əmlaka dair "xxxx" ASCdə olan borc öhdəliyinə görə İddiaçı MMC-nin ******************** saylı hesabına köçürülməsi üçün ödəniş tapşırığını yazmağı xahiş etmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, 500000 manat məbləğində pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışlardan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti 4136.6 kv.m daşınmaz əmlak və 2.125 ha olan torpaq sahəsi Cavabdeh4 və Cavabdeh5 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh4 və Tahir Mürşüd oğlunun adına olan İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən əmlak kompleksi kimi müəssisə mülkiyyətində olan 4.00 ha “digər" təyinatlı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak olaraq 21.07.2011-ci il tarixdə ********** nömrəsi ilə "xxxx" ASC-nin adına Daşınmaz əmlakın dövlət reyestrində hüquqları dövlət qeydiyyatına alınmışdır. Alqı-satqı müqavilələrinə əsasən həmin əmlakın bir hissəsi özgəninkiləşdirilmişdir. Hal-hazırda həmin əmlak Cavabdeh4 və Cavabdeh5 mülkiyyətindədir və Ləğv prosesində olan "xxxx" ASC tərəfindən 23.10.2014-cü il tarixli 279/14 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka ilə yüklülük hal-hazırda qüvvədədir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər 12 saylı Notariat Kontoruna, “”Navi Group” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.03.2021-ci il tarixli, 2(103)-1680/2021 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.06.2021-ci il tarixli, 2(102)-3821/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.03.2021-ci il tarixli, 2(103)-1680/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı MMC götürdüyü krediti ödəmək əvəzinə 1 ildən çox müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin təsisçisi Cavabdeh2 banka qalan borcunu Onlardan alsa da, Bankın tərtib etdiyi kreditin ödənilməsi cədvəlinə uyğun ödəməmiş və bu barədə iddiaçı Fond onlara məlumat vermədiyinə görə ipotekadan azad mülkiyyətlərində olan Əmlak Kompleksinə külli miqdarda vəsait sərf edərək orada əlavə təmir-tikinti işləri aparılmışdır. Bütün bunlarla yanaşı 21.05.2019-cu il tarixli əqdin etibarsız hesab edilməsinə dair AR Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən tərəflər əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddia ərizəsindən də, təsdiq olunur ki, İddiaçı MMC alqı-satqı müqaviləsindən məlumatı-olmuşdur və müəyyən olunmuş müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən onlara qarşı irəli sürdüyü iddia əsassız olduğuna görə təmin edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ ******* saylı 21 may 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən, satıcılar Cavabdeh3 və Cavabdeh2 tərəfindən mülkiyyət hüququ ilə onlara məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 4136.6 kv/m olan əmlak kompleksi kimi müəssisənin (qeyri-yaşayış sahəsinin) və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 2,125 ha olan torpaq sahəsini ******* (bir milyon doxsan min üç yüz otuz üç) manat qiymətə alıcılar Cavabdeh4 və Cavabdeh5 satmışlar. Alıcılar müqavilə ilə razılaşdırılmış məbləğin 500000 manat məbləğini Satıcıların razılığı ilə həmin əmlaka dair Satıcıların "xxxx" ASC-yə 16.05.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün Notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişlər. Qalan 590333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat otuz dörd rəpik) manat məbləği isə Satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öz öhdələrinə götürmüşlər. Hazırda İddiaçı MMC-nin cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 12 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş 21.05.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, 7 ünvanında yerləşən əmlak kompleksi ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin LPO "xxxx" ASC tərəfindən 16.05.2019-cu il tarixdə verilmiş məktubdan da görünür ki, Cavabdeh2 və Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin ipoteka predmetinin üzərində yüklülüyün saxlanılması şərti ilə rəsmiləşdirilməsinə ipoteka saxlayan etiraz etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. Belə olduğu halda məhkəmə hesab edir ki, alq-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamış, ipoteka saxlayan LPO "xxxx" ASC ipoteka predmetinin özgəninkiləşdirilməsinə razılığını aydın şəkildə ifadə etmişdir və alqı satqı müqaviləsi məhz bu razılıq əsasında bağlanmışdır. Bundan əlavə iddia tələbinin İddiaçı MMC-nin alqı-satqı müqaviləsinə tərəf olaraq cəlb edilməməsi və iradə ifadəsinin təmin olunmaması dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, ipoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 4136.6 kv.m daşınmaz əmlak və 2.125 ha olan torpaq sahəsi Cavabdeh2 və Cavabdeh5 xüsusi mülkiyyətində olmuş və həmin əmlakların alqı-satqı müqaviləsi üzrə alıcıların mülkiyyətinə verilməsi üçün qanunvericiliyin tələblərinə əsasən iddiaçı olan İddiaçı MMC-nin razılığı tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə bir daha qeyd edir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər 12 saylı Notariat Kontoruna, İddiaçı MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə qanunvericiliklə müəyyən olunmuş kəsici müddətlər daxilində məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Şərh olunanlara əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi cavabdehlər Cavabdeh4 və Cavabdeh5 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4 və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC-nin cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-850/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-850/2021
26.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver