Məhkəmə qərarları › İş №2(004)-854/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-854/2022

14.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-854/2022 14.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 23.12.2022-ci il tarixdə məhkəməyə müraciət edədək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi 239835 saylı, 24.11.2021-ci il tarixli aktı əsasında İddiaçı hesablanmış 1193,22 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC ilə 06.03.2015-ci ildə istifadəsində olan və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 9-cu Keçid küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi ilə bağlı müqavilə bağlamış və **********60000 nömrəli abonent kodu açılaraq mənzilinə cavabdeh tərəfindən sayğac quraşdırılmış, daim normal vəziyyətdə işləmişdir, ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir. 04 dekabr 2021-ci il tarixdə oğlu şəxsi kabinetinə girərək bu aya nə qədər elektrik pulu yazıldığına baxarkən ona artıq pul vəsaiti yazıldığını və 1193,22 manat borcu olduğu göstərildiyini bildirmişdir. Oğlu dərhal “ASAN” xidmət mərkəzinə gedərək ayadınlaşdırmaq istəyərkən ona abanent saldosu və üzərində akt yazılması bildirilən məlumat vərəqəsi verilmişdir. Həmin məlumat vərəqəsindən görünür ki, 02.12.2021-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilmiş, aktın tərtib edilmə səbəbi kimi EİQ pozulması qeyd edilmişdir. Lakin onun həmin aktdan və nə baş verdiyindən xəbəri yoxdur. Sayğac köhnə sayğacdır və ola bilər ki, istismar müddəti bitdiyindən yaxşı işləməsin. Buna görə də səbəbsiz yerə ona 1193,22 manat borc yazmışlar ki, bu onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırda da həmin borc yeni ödəniş edərkən əsassız olaraq bir miqdarı çıxılır. Hesab edir ki, cavabdeh olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi hesablanmış 1193,22 manat borc əsassız olduğu üçün silinməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, iddianı qəbul etmir. 24.11.2021-ci ildə həmin mənzildə yerləşən sayğaca baxış keçirilmiş və sayğacda sərfiyyatın olmadığı müəyyən edilmişdir. Əlavə olaraq sayğaca baxış keçirilərkən kənar xətt aşkar edilərək bu barədə akt tərtib olunmuşdur. İddiaçı isə aktı imzalamamışdır. Sayğac yanıq vəziyyətdə olduğundan yeni sayğac quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra bütün sənədlər "xxxx" ASC-nin öz komissiyasına göndərilmişdir. Abonentə isə komissiyannın iclasında iştirak etmək təklif edilmiş, lakin abonent iştirak etməmişdir. Komissiyanın üzvləri tərəfindən icra vərəqəsi tərtib edilmişdir. İcra vərəqəsində itirilmiş elektrik enerjisinin dəyəri əvvəlcə 180 gün, daha sonra isə azaldılaraq 145 gün hesablanmışdır. Abonentin təqsirli hərəkətləri nəticəsində hər hansı bir pozuntuya yol verildikdə "xxxx" ASC-nin itirilmiş enerjinin dəyərini geri almaq hüququ vardır. Abonentə 1180,3 manat yeni borc hesablanmışdır. Kənar xətti aşkar edərkən abonent özü də görmüşdür. Məhz kənar xətt olduğu üçün sayğac yanmış və heç nə göstərməmişdir. Suala cavab olaraq bildirir ki, kənar xəttin aşkar olunması ilə bağlı videoçəkiliş var, lakin hazırda onda material olmadığından təqdim edə bilmir. Sübut kimi akt vardır. Sayğac yararsız vəziyyətdə olduğu üçün dəyişdirilmişdir, lakin sayğacın ekspertizası keçirilməmişdir. İddianın təmin edilməməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 13.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edədək 14.02.2022-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 239835 nömrəli, 24.11.2021-ci il tarixli aktına əsasən Yasamal rayonu, 9-cu keçid, 16 saylı evə quraşdırılmış, abonent kodu **********60000 olan istehlakçı İddiaçı məxsus sayğaca baxış keçirilmiş, EEİQ-nin yoxlanması zamanı məlum olmuşdur ki, abonent sayğacın sxemini dəyişərək kənardan götürülmüş sıfır xətti vasitəsilə sayğacı dövriyyədən ayırmışdır. Axar yük amper maşa vasitəsilə ölçülmüş, 23A (amper) müəyyən edilmişdir. Akt istehlakçıya təqdim edilməmişdir. İş materiallarında olan 02.12.2021-ci il tarixli icra vərəqəsinə əsasən 239835 nömrəli, 24.11.2021-ci il tarixli akt əsasında abonent kodu **********60000 olan istehlakçı İddiaçı yeni tarifə əsasən 10730 kvts (1kvts-0,11 manat) və köhnə tarifə əsasən isə 760 kvts (1kvts-0,07 manat) əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 021336 nömrəli, 26.11.2021-ci il tarixli protokolunun surətinə əsasən abonent kodu **********60000 olan istehlakçı barədə 239835 nömrəli akta əsasən sayğacdan kənar xətt ləğv edilmiş və uçot dəsti bərpa olunmuşdur. İş materiallarında olan abonent kodu **********60000 olan abunəçinin hesab məlumatlarından çıxarışa əsasən İddiaçı Şirəli oğluna 02.02.2021-ci il tarixdə Rİ239835 saylı akt əsasında yeni tarifə əsasən 1180,3 manat (10730*0,11) və köhnə tarifə əsasən 53,2 manat (760*0,07) borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 046193 nömrəli, 23.12.2021-ci il tarixli protokolunun surətinə əsasən abonent kodu **********60000 olan istehlakçının 17776944 nömrəli sayğacı borcu olduğu üçün **********1 nömrəli “Smart kart” tipli sayğacla əvəz olunmuşdur. İş materiallarında olan abunə haqqında 12.01.2022-ci il tarixli məlumata əsasən X2 ilə "xxxx" ASC arasında bağlanmış 28.08.2020-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən "xxxx" ASC tərəfindən X1 məxsus Yasamal rayonu, 9-cu keçid, 16 saylı evə 02.02.2021-ci il tarixdə Rİ239835 saylı akt əsasında yeni tarifə əsasən 1180,3 manat (10730*0,11) və köhnə tarifə əsasən 53,2 manat (760*0,07), 23.12.2021-ci il tarixə isə cəmi 1194,14 manat borc yazılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" ASC iddiaçını elektrik enerjisi ilə təmin etmişdir. 24.11.2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş və sayğaca kənar müdaxilə olması barədə akt tərtib olunmuş, akt istehlakçıya təqdim edilməmişdir. Həmin akt əsasında istehlakçıya yeni tarifə əsasən 10730 kvts (1kvts-0,11 manat) və köhnə tarifə əsasən isə 760 kvts əlavə sərfiyyat olmaqla, cəmi 1233,5 manat borc hesablanmışdır. 23.12.2021-ci ildə isə sayğac yenisi ilə əvəz olunmuş, həmin tarixə abonentə cəmi 1194,14 manat borc yazılmışdır. Hazırda iddiaçı cavabdeh təşkilatın əməkdaşları tərəfindən 24.11.2021-ci il tarixli akta əsasən əsassız olaraq hesablanmış 1193,22 manat məbləğində cərimə borcunun silinməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşıyır. Digər tərəfdən cavabdehin nümayəndəsi izahatında da bildirir ki, elektrik sayğacı laboratoriya şəraitində tətqiq edilməmiş, sayğacın istifadəyə yararsız olmasının səbəbi və kimin tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Yəni iddiaçının sayğaca kənar xəttlə qoşulması, sayğacın məhz bu qoşulma nəticəsində yararsız vəziyyətə düşməsi və burada iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin 239835 saylı, 24.11.2021-ci il tarixli aktı əsasında İddiaçı (abonent kodu **********60000) hesablanmış 1193,22 (bir min yüz doxsan üç manat iyirmi iki qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin 239835 saylı, 24.11.2021-ci il tarixli aktı əsasında İddiaçı (abonent kodu **********60000) hesablanmış 1193,22 (bir min yüz doxsan üç manat iyirmi iki qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar