Məhkəmə qərarları › İş №2(004)-874/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-874/2021

15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-874/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili X7, Cavabdeh 12 saylı Notariat Kontorunun notariusu X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 12 saylı Notariat Kontoruna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və 12 saylı Notariat Kontoruna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 3M-1170 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq İddiaçı 12 saylı Notariat Kontoruna və ona qarşı 12 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-1170 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, cavabdehlə iddiaçı yaxın münasibətdə olublar, ortaq dostları olub. Cavabdeh2 İddiaçı məxsus holdinqə şərik olub. Pul alınarkən tərəflər arasında qarşılıqlı razılaşma olub ki, şərik olsunlar, lakin Cavabdeh2 səhmdar olmadığına görə birbaşa həmin pulu şirkətin hesabına qoymaq mümkün olmayıb. X4 tender udmuş, o tenderi realizə etmək üçün xaricdən qida məhsulları Müdafiə Nazirliyinə təmin olunmalı imiş. İlkin ödəniş olaraq 120.000 dollar təcili pul köçürülməli olub. Tərəflər razılaşıblar ki, Cavabdeh2 120.000 dolları notarial qayada versin İddiaçı, daha sonra İddiaçı pulu şirkətə ödəsin. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, İddiaçı notariatda bağlanmış müqavilənin üç əslindən imzasız olanını veriblər, onlara müqavilənin əsli lazımdır. Müqavilə etibarsızdır, çünki İddiaçı müqaviləni imzalayanda bağladığı əqdin başqa mahiyətdə olduğunu düşünüb. O düşünüb ki, o müqaviləni fiziki şəxs kimi yox, “İSA Holding” Şirkətlər Qrupunun direktoru kimi bağlayır. Və doğrudan da o adam 120000 dolları “İSA Holding”-in hesabına keçirib və şirkətdən pay alıb. O bu gün də şirkətin payçısıdır. Onlar arasında bununla bağlı haqq-hesab da gedib. Sadəcə fiziki şəxs olaraq borc müqaviləsi kimi o adamdan pul alınmayıb. İddiaçı aldadaraq müqaviləni imzaladıblar. Onun müqavilənin mahiyyətindən xəbəri olmayıb. Burda etibarsızlıq üçün bir neçə səbəb var, lakin onlardan ən mühümü tərəfin bağladığı əqdin mahiyyətini başa düşməməsi olub. Qurbanov Asəfi aldadıblar ki, pulu şirkətin hesabına qoymaq üçün notarial müqaviləyə imza atmaq lazımdır. Ona deyiblər ki, Tahir təsisçi olmadığı üçün o pulu depozitə qoya bilmir və pulu depozitə qoymaq üçün notarial qaydada müqavilə bağlanmalıdır və bu müqavilə sadəcə formal xarakter daşıyır. Ümumiyyətlə, İddiaçı bağladığı müqavilənin dilini belə bilmir. Qarşı tərəf Asəfin 120000 dolları götürməsi ilə bağlı çeki təqdim edəcəklərini deyib, lakin elə bir çek təqdim olunmayıb. O çeki notariat təqdim etməlidir, lakin etmir çünki həmin pul cavabdeh tərəfindən depozitə qoyulub və elə onun tərəfindən də depozitdən götürülüb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X11 iddia tələbini qəbul etmədiyini bildirmiş İddiaçı heç kim zorla qol çəkməyə məcbur etməyib. İddia tam əsassızdır və sübutlara söykənmir. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, hazırda notariatda pul əlbəəl verilmir. Pul qoyulur depozitə və tərəf də gedib götürür, buna dair də qəbzi məhkəməyə təqdim etmişdir. Konkret olaraq həmin müqavilədə rus dilində borc götürüldüyü yazılıb və o da öz imzası ilə təsdiqləyib. Cavabdeh2 həmin şirkətin şəriki olmayıb. Tərəflər arasında borc müqaviləsi bağlanılıb. Aldatmanın nədən ibarət olduğu nə iddia ərizəsində nə də ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatında bildirilməyib. Asəf azərbaycan dilini bilir. Məhkəmə iclasında iştirak edən şahid X9 verdiyi ifadəsində bildirmişdir ki, o hər iki tərəfi tanıyıram. İddiaçı və Cavabdeh2 notariatda borc müqaviləsi bağlayıblar və pul borcu verən şəxs tərəfindən notariatın depozit hesabına qoyulub. Bununla bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 məhkəmə ifadəsində bildirmişdir ki, dekabr ayında Cavabdeh2 işçisi Səbinə Böyükzadə sənədləri hazırlamış və onlar Cavabdeh2 kürəkəni ilə onun maşınında Kapital bankın Gənclik filialına gedərək sənədləri təqdim etmiş və pulu vermişlər. Həmin vaxt pul Cavabdeh2 kürəkənində olub. Onun digər proseslərdən xəbəri yoxdur. O, 120000 dollar məbləğində pulun banka verilməsini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh2 (borc verən) İddiaçı (borc alana) 204000 (iki yüz dörd min) manat, ABŞ dolları ekvivalenti ilə 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində borc vermiş və borc alan xx.xx.2019-cu il tarixədək krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 204.000 manat məbləğində pulu “AGBank”dakı notariusun depozit hesabına ödəmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı müqaviləni imzalayarkən Azərbaycan dilini bilmədiyi üçün müqaviləni başa düşmədən imzaladığını və həmin məbləği götürmədiyini bildirməsinə baxmayaraq, iş materialları ilə bu hallar müəyyən edilməmiş, bunun əksi olaraq müqavilədə iddiaçı müqavilədə öz imzası ilə, rus dilində 204.000 manat məbləğində pulu borc götürdüyünü qeyd etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Həmçinin cavabdeh qeyd edilən 204.000 manat məbləğində pulu notariusun depozit hesabına köçürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirmiş, iddiaçı isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Beləliklə məhkəmə hesab edir ki, ididaçının 12 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 3M-1170 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 12 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 3M-1170 saylı kredit müqaviləsinin etibarsız edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar