Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-88/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X7 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 İsaq oğluna və X1 qarşı “mənzildən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İsaq oğlu və X1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 saylı evdə yerləşən 109 saylı mənzildən çıxarılması və dəymiş ziyana görə cavabdehlərdən onun xeyrinə 10400 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun keçmiş qayınatası, X2 isə keçmiş qayınanasıdır. Onların oğlu X6 ilə 20.04.2005-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladları var: 04.02.2006-cı il təvəllüdlü X5 və 20.07.2009-cu il təvəllüdlü X4. Səbail Rayon məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur, nikah pozulduqdan sonra uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Ailə qurandan sonra cavabdehin razılığı əsasında onun mülkiyyətində olan Bakı şəhəri Mətbuat pr.ev 2B, 19 saylı mənzilə cehiz əşyalarını yerləşdirməklə köçüb yaşamışdır. Sonradan nikah müddətində həyat yoldaşı X6 ilə birlikdə Bakı şəhəri, İzmir küçəsi 5 saylı evdə yerləşən 109 saylı mənzili əldə etmişlər, mənzil keçmiş həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Mənzili əldə etdikdən sonra belə razılığa gəlmişlər ki, cavabdehlər onların əldə etdiyi mənzilə köçürlər, onlar isə cavabdehə məxsus mənzildə yaşayacaqdılar. 2017-ci ildə yaşadıqları mənzildə nikah müddətində əldə etdikləri gəlir hesabına əsaslı təmir edilmişdir. Hazırda o, məcburiyyət qarşısında qalıb uşaqları ilə kirayədə qalır, çünki yaşadığı, Cavabdeh1 məxsus mənzildən 2019-cu ilin aprel ayının 14də qovulmuşdur. Ümumi əmlak olan Bakı şəhəri, İzmir küçəsi, 5 saylı evdə yerləşən 109 saylı mənziliə köçüb yaşaya bilmir, çünki cavabdehlər orada yaşayırlar və mənzili tərk etmək fikirləri yoxdur, bununla da onun mülkiyyət hüququnu pozurlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(102)-2629/21 saylı qərarı ilə onun həmin mənzildə payı 3/5 hissədə, cavabdehlərin oğlu X3 payı isə 2/5 hissədə müəyyən edilmişdir. İddiaçı 15 avqust 2019-cu il tarixdən 2021-ci il tarixədək kirayədə qalmış və kirayə haqqı olaraq 16 aya ayda 650 manat olmaqla cəmi 10400 manat icarə haqqı ödəmişdir. Beləliklə cavabdehlər onun mülkiyyət hüququnu, ümumi əmlakdan istifadə hüququnu pozaraq ona 10400 manat dəyərində maddi ziyan vurmuşlar. Bundan əlavə hazırki tələblə bağlı sənədləri toplayarkən DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından ona məlum olmuşdur ki, cavabdeh X2 onun nikah müddətində əldə etdiyi ümumi əmlaka - Bakı şəhəri İzmir küçəsi ev 5 mənzil 109 qeydiyyata qanunsuz düşmüşdür. İddiaçının razılığı olmadan ümumi əmlaka qəsd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (30.2) Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Təqdim olunmuş sübutlardan müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının və cavabdehlərin övladı – iddiaçının keçmiş həyat yoldaşı X3 paylı mülkiyyətindədir, cavabdehlər hal-hazırda həmin mənzildə yaşayırlar. İstinad olunan maddələrin tələblərinə əsasən də cavabdehlər X3 valideyni olduğundan ona məxsus paylı mülkiyyətdən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Odur ki, cavabdehlərin mübahisəli mənzildə övladlarına məxsus paylı mülkiyyətdən istifadə hüquqları olduğundan onların həmin mənzildən çıxarılması barədə iddia təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçının 10400 manat maddi zərər tələbi də təmin edilə bilməz. Belə ki, həmin tələbi təsdiq edən 15 avqust 2019-cu il tarixli əmlak kirayə müqaviləsinin ilkin olaraq təqdim olunmuş kserosurəti ilə sonradan təqdim edilmiş əsli eynilik təşkil etmir. Eyni zamanda müqavilə notariat qaydasında təsdiq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin müqavilə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-88/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-88/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver