Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-880/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış 216 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilinə dair qazdan istifadə edilməsi barədə sayğac quraşdırılmışdır və daim normal vəziyyətdə işləmişdir, ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir. O. mənzili 2003-cü ildən almış və həmin sayğac onun adına qeydiyyatdan keçmişdir. Cavabdehin əməkdaşları evdə heç kəs olmadan ona xəbər etmədən qaz sayğacını sökmüşlər və yerinə yeni qaz sayğacı quraşdırmışlar. Bir müddət keçəndən sonra mənzilə cavabdeh tərəfindən tərtib edilmiş akt gətirdilər, həmin aktı oxuyanda görmüşdür ki, sayğacın yoxlanılması zamanı plasması deşilmiş və bu səbəbdən də ona dəymiş ziyan kimi 216 manat borc yazmışlar. Həmin borc əsassız olaraq hesablanaraq ona yazılmışdır. Belə ki, cavabdeh sayğacı aparanda onun iştirakını təmin etmədən sökərək götürmüş və sayğacın həmin dövrdə zədəli olub-olmamasını bilməmişdir. Hətta həmin sayğac artıq 20-i ilə yaxındır ki, quraşdırılmışdır və 5 il istismar müddəti vardır. Bu da onu göstərir ki, istismar müddəti bitibsə deməli o öz-özünə deşilib xarab ola bilər. Həm də ki, həmin zədələnmənin kim tərəfindən və ya necə deşilməsi barədə məlumat yazmamışlar. Bütün bunlara baxmayaraq 2019-cu ilin yanvar ayında yenidən 7 ədəd kombi plomblanmış vəziyyətdə olduğu halda məlum olmayan səbəblərdən 4735 m3 sərfiyyat yazılaraq 947,80 manat məbləğində bildiriş verilmişdir. Halbuki eyni vəziyyətdə 2018-ci ilin dekabr ayında cəmi 61,80 manat sərfiyyat olunmuşdur. Bu barədə dəfələrlə cavabdehə müraciət olmuş, lakin onlar gəlib maraqlanmamış və onların əməkdaşlarının səhlənkarlığı nəticəsində ayrı- ayrılıqda cəmi 9205 m3 sərfiyyat yəni 1841 manat əsassız olaraq borc yazmışdılar. Ona əsassız yazılmış borc isə onun iddia tələbinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3261/2019 saylı qətnaməsi ilə silinmişdir. Bütün bu səbəblərdən də cavabdehin qanunsuz hərəkətlərinin artıq ona qarşı əsassız yazılaraq borc kimi ona ödətdirmək istədikləri onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı “Cavabdeh” İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, sayğac istismar müddəti bitdiyindən yenisi ilə əvəzlənmiş və plomblanmışdır. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş, Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, görünür ki, Cavabdeh İB-nin 29/1710-03030-1 saylı aktına əsaəsn ******* nömrəli sayğacın çıxış plasmas borusu deşilib. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacının işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir, qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında istərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazın dəyərini istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış 216 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “Cavabdeh” İstehsalat Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli aktı etibarsız hesab edilməli, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq, hesablanmış 216 manat borc silinməlidir. Belə ki, “Cavabdeh” İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin 29/1710-03030- 1 saylı aktına əsaəsn ******* nömrəli sayğacın çıxış plasmas borusu deşilib. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Lakin həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamış, həmçinin həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktın doğruluğuna şübhə yaradır. Həmçinin cavabdeh məhkəməyə sayğacın çıxış plastmas borusunun məhz iddiaçı tərəfindən deşilməsini sübut edəcək heç bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında sübuta yetirilmədiyindən, iddia tələbi təmin edilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli aktı etibarsız hesab edilsin. İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-880/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-880/2021
07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver