Məhkəmə qərarları › İş №2(004)-881/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-881/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-881/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhəməd oğlunun Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Məhəməd oğlu Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarda 1-ci blok üzrə 527,5 kv. metr, 2-ci blok üzrə 559,0 kv. metr, 3-cü blok üzrə 510,6 kv. metr və 4-cü blok üzrə 527,5 kv. metr qeyri-yaşayış (qarajlar) sahələrinin boşaldılıb ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrinə xx.xx.2007-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında müqavilələr bağlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv. metr qeyri-yaşayış sahəsinə 105500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə111800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-vaşayış sahəsinə 105500 manat olmaqla cəmi 424920 manat xx.xx.2007-ci il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən cavabdeh şirkətə ödənilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təhvil verilməsi üçün cavabdeh şirkətə dəfələrlə müraciət edilmiş, lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdeh öhdəliyini icra etmədiyindən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, hazırda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş yerli baxış iclasında Şirkətin qanuni təmsilçisi X1 izahatında bildirmişdir ki, Şirkətin reyestrdə göstərilən qanuni təmsilçisidir. İddia ərizəsində qeyd edilən ərazilər MTK-nın qarajlarıdır və orda hal-hazırda 4-5 maşın saxlanılır və ona məlum olmayan şəxslər aybaay gəlib o pulları yığırlar. Həmin şəxslərin kim olduğu ona bəlli deyil, sadəcə eşitmişdir ki, MTK-nın rəhmətə getmiş keçmiş təsisçisi tərəfindən qanunsuz həmin şəxslərə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilib tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrini alıcı İddiaçı Məhəməd oğluna təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində ci blok üzrə 527.5 kv. metr qeyriyaşayış sahəsinə 105500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə111800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-vaşayış sahəsinə 105500 manat olmaqla cəmi 424920 manat məbləğində pulu Şirkətə ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışlarından və kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı Məhəməd oğlunun Cavabdehnə borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradır. Göründüyü kimi, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilələr üzrə öhdəliklərini tam olaraq, yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8,-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, mübahisəli qeyri-yaşayış sahələri iddiaçıya təhvil verilməli, həmin qeyti-yaşayış sahələrinə iddiaçının sahiblik və istifadə hüququ tanınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarında İddiaçı Məhəməd oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 1-ci blok üzrə 527,5 kv. metr, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 2-ci blok üzrə 559,0 kv. metr, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 3-cü blok üzrə 510,6 kv. metr və xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 4-cü blok üzrə 527,5 kv. metr qeyri-yaşayış (qarajlar) sahələri boşaldılıb iddiaçıya təhvil verilsin, həmin qeyri-yaşayış sahələrinə İddiaçı Məhəməd oğlunun sahiblik və istifadə hüququ tanınsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar