Məhkəmə qərarları › İş №2(004)-884/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-884/2025

16.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-884/2025 16.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: hüquqi əhəmiyyətli fakt) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən “Orxan-Kamal” kiçik müəssisəsi hüquqi şəxs kimi Xidmətin məlumat bazasında aşkar olunmamışdır.

2. Şərur Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 07/57 nömrəli məlumatına əsasən Şərur rayon X1 İcraiyyə Komitəsinin torpaq sahələrinin hüquqi və fiziki şəxslərə ayrılmasına dair bütün qərar və sərəncamları tam formada Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Arxivə təhvil verilmiş məhdud sayda qərar və sərəncamlarda isə sorğuda qeyd olunan “Orxan-Kamal” kiçik müəssisəsinə torpaq sahəsinin ayrılmasına dair Şərur rayon XDS-nin İK-nin 1994-cü il tarixli qərar və sərəncamlarına dair məlumat yoxdur və bu səbəbdən də qeyd olunan qərar və sərəncamlara arxiv arayışının verilməsi imkan xaricindədir. Bundan başqa, “Orxan-Kamal” kiçik müəssisəsinə dair sənədlər də Şərur Rayon Dövlət Arxivinə tam təhvil verilmədiyindən müəssisənin təsis sənədlərinə dair arxiv arayışı verilməsi imkan xaricindədir.

3. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 02/509 nömrəli məlumatına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Reyestrində “Orxan-Kamal” kiçik müəssisəsinin adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır.

4. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 02/698 nömrəli məlumatına əsasən Şərur Rayon XDS İK-nin sənəd materialları Dövlət Arxivində 1990-cı ilədək mühafizə olunduğundan “Orxan-Kamal” kiçik müəssisəsinin qeydiyyata alınması, ümumi yığıncaq qərarları, təsisçiləri və nizamnaməsi barədə məlumatların verilməsi mümkün olmamışdır.

5. Şərur Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şərur rayon XDS İK-nin “Orxan-Kamal” kiçik müəssisəsinə Şərur rayonu M.Hüseynzadə kolxozunun ərazisindən 0,5 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarixli qərarına, eləcə də torpaq sahəsinin ayrılmasına dair sərəncam, ayrıc aktı sənədlərinə baxış keçirilmiş, lakin sözügedən sənədlərə Şərur rayon Dövlət Arxiv İdarəsində rast gəlinməmişdir.

6. Şərur rayon Nikah evinin xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayışına əsasən mərhum Əhmədov Ələkbər Bəylər oğlunun ölüm haqqında akt qeydi xx.xx.1996-cı il tarixli, 05 nömrəli akta əsasən Qarxun kənd İƏD tərəfindən qeydə alınmışdır.

7. Şərur Rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarına əsasən M.Hüseynzadə adına kolxozunun torpaq islahatı keçirilən ayrılmış 0,50 hektar torpaq sahəsinin “Orxan-Kamal” kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 884/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, **********12 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Ərizəçi qaytarılması qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2564/2025 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 1771/2025 nömrəli qərarı ilə Ərizəçi kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2564/2025 nömrəli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4601/2025 nömrəli qərardadına əsasən şikayət qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-884/2025 nömrəli, qərardadının ləğv edilməsi və Ərizəçi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

12. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun mərhum xx.xx.1960-cı il tarixdə doğulmuş Əhmədov Ələkbər Bəylər oğlu olması, ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarınnın “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinə məxsus olması hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Ərizənin əsaslarına görə, atası Ələkbər Əhmədov xx.xx.1996 cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Atası sağlığında – 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyata alınmaqla oğulları o və qardaşı Kamalın adına “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsini təsis etmişdir. Həmin müəssisənin yeganə təsisçisi və direktoru da atası olmuşdur. Atası 1996-cı ildə vəfat edəndə onun 10 yaşı olduğundan müəssisə fəaliyyətsiz qalmışdır. Müəssisədən yalnız möhür və torpaq ayrılması barədə sənədlər qalmışdır. Müəssisəyə 0,5 ha torpaq sahəsi ayrılmışdır. O özü vəkil olduğundan müəssisəyə və ayrılmış torpaq sahələrinə dair soğrular vermiş, sorğulara gələn cavablarda həmin müəssisəyə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin heç biri arxivdə aşkar edilməmişdir. Lakin, bütün sənədlərin əslləri və möhür şəxsən özündədir. Belə olan halda, həmin sənədləri bərpa etməyin başqa yolu olmadığından məhkəməyə müraciət etmişdir.

b) iddiaya qarşı etiraz

14. Maraqlı şəxs tələbə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, 2008-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatı Dövlət Vergi Xidmətinin səlahiyyətli xaricində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmiş qovluqlar sırasında “Orxan-Kamal” kiçik müəssisəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir.

c) məhkəmə icraat iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarı: “1. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin. ... 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.”

Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

20. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir.

21. İşdən görünür ki, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini istədiyi 4 ayrı tələb mövcuddur: 1) Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi faktı; 2) müəssisənin yeganə təsisçisi və direktorunun mərhum xx.xx.1960-cı il tarixdə doğulmuş Əhmədov Ələkbər Bəylər oğlu olması faktı; 3) ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi faktı; 4) müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarınnın “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktı.

22. Ərizəçinin tələblərinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, mərhum atası 1993-cü ildə dövlət qeydiyyatına alınmaqla “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəni yaratmış, həmin müəssisəyə 0,50 ha torpaq sahəsi ayrılmışdır. Hazırda ardıcıl olaraq qeyd etdiyi faktları təsdiq etdirməklə həmin torpaq sahəsinin dövlət qeydiyyatının aparılmasına nail olmaq istəyir.

23. Lakin ərizəçi qeyd etdiyi bütün hüquqi faktlara münasibətdə iddianın təmin edilməsi üçün zəruri olan sübutları təqdim etməmişdir, işdəki mövcud sübutlarla ərizənin təmin edilməsi yolverilməzdir.

24. Məhkəmə qeyd edir ki, ərizəçinin ilk tələbi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsidir, digər tələblər bu fakt öz təsdiqini tapsa əhəmiyyət daşıyır.

25. Bu hissədə isə ərizəçi ona istinad edir ki, müəssisəyə torpaq sahəsi ayrılmışdır, bu özlüyündə həmin vaxt müəssisənin yaradılıdığını və fəaliyyət göstərdiyini təsdiq edir.

26. Lakin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 02/509 nömrəli məlumatından məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Reyestrində “Orxan-Kamal” kiçik müəssisəsinin adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır.

27. Şərur Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şərur rayon XDS İK-nin “Orxan-Kamal” kiçik müəssisəsinə Şərur rayonu M.Hüseynzadə kolxozunun ərazisindən 0,5 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarixli qərarına, eləcə də torpaq sahəsinin ayrılmasına dair sərəncam, ayrıc aktı sənədlərinə baxış keçirilmiş, lakin sözügedən sənədlərə Şərur rayon Dövlət Arxiv İdarəsində rast gəlinməmişdir.

28. Göründüyü kimi, ərizəçinin əsas istinad etdiyi fakt, müəssisəyə torpaq sahəsinin ayrılması öz təsdiqini tapmır. Bu halda müəssinin təsis faktının, eyni zamanda digər əlaqəli faktların müəyyən edilməsi yolverilməzdir.

29. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

30. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

32. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən ərizə təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi tələbi barədə ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar