Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-91/2022 09.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və 20.05.2021-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildən istifadə hüququna 15000 (on beş min) manat kompensasiya verilməklə xitam verilməsi və onu həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 203302 saylı ÖM seriyalı qeydiyyat vəsiqəsindən də göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mənzil hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh onun doğma oğludur və hal-hazırda onunla birgə sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh 22 il ərzində sözügedən mənzildə yaşamamışdır. Cavabdeh 9 iyul 2020-ci il tarxidə onun yanına köçmüşdür. Lakin o oğlunun onunla bir mənzildə yaşamasını qəti şəkildə iştəmir, onun cavabdehlə bir mənzildə yaşaması mümkün deyildir. Cavabdeh ilə onun xarakteri üst-üstə düşmür, artıq ailələrində övlad və valideyn münasibətlərində problem vardır. Bu səbəbdən də birgə yaşayışları qeyri-mümkündür. O yaşlı və xəstədir. Cavabdehlə aralarında olan gərgin münasibət onun səhhətinə pis təsir göstərir. O artıq öz mənzilində bu qədər stress içində yaşamaq istəmir. Bu səbəbdən dəfələrlə onun evdən çıxmasını tələb etsə də, cavabdeh onun evini tərk etməkdən imtina etmişdir. Bundan başqa cavabdeh həm də onun öz mənzilinin müqəddəratı barədə sərəncam verməyinə mane olur. Bu isə bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, mənzildən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, o aldığı bu mənzildə hər hansı rəsmi əməliyyat aparmaq istəsə mütləq qanunvericiliyin tələblərinə görə mənzildə daimi qeydiyyatda olanların razılığını almalıdır, cavabdehlə aralarında olan gərgin münasibət isə ona bununla bağlı əlavə maneələr yaratmışdır. Bu səbəbdən də mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, 19-20 ildir ki, sözügedən mübahisəli mənzilin bütün kommunal və digər xərclərini özü çəkir, evi o idarə edir. Oğlu ilə bir evdə yaşaması mümkünsüz bir hal alıb. 22 illik həbsxana həyatının qayda qanunlarını evə tətbiq etmək istəyir. Evin qapılarını, mətbəxin şüşələrini, sobanı sındırmışdır. Onları öldürəcəyini amma evdən çıxmayacağını bildirərək deyilməyəsi şəkildə təhqirlər edir. Bütün bu baş verənlərə dözməyərək öz mülkiyyəti olan mənzildən keçən ilin yanvarın 28-dən çıxmışdır. Bütün şəxsi əşyaları evdə qalıb. Oğlunun qorxusundan evə gedə bilmir. Habelə bildirdi ki, əgər pis ana olsaydı heç onun oğluna da baxmazdı. Lakin oğlunun övladını 26 yaşına çatdırıb, oxudub, böyütmüşdür. Amma hal-hazırda onun hərəkətlərinə görə evlərindən kənarda qalmağa məcbur olmuşlar. Yekun olaraq o, iddia tələbini müdafiə etdiyini, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 2013-cü ildə birinci dəfə həbsdən çıxmış, 37 yaşı var idi. Gördü ki, evdə ona baxan yoxdur, evlənmək fikrinə düşdü. Anası bildirdi ki, hələ tezdir. O da gözlədi. Sonra isə yenidən tutuldu günahsız yerə. 8 il 4 ay cəza çəkdi. Qardaşı həbsdə olduğu müddətdə bir dəfə ailə qurdu, sonra boşandı, 2 otaqlı evi verdi ailəsinə. İndi həmin qardaşı ikinci ailəsi ilə 4 otaqlı evdə yaşayır. Hansı ki, həmin evlərin hamısı da ata mülküdür. İddiaçı həbsdən çıxmış, ata mülkündə 1 otaqda yaşamaq istəyir. Lakin qarşı tərəf ona 15.000 verib, onu ordan da çıxarmaq istəyir. Həmçinin qeyd edir ki, iddiaçını evdən qovmamışdır. İş materiallarında olan 203302 saylı ÖM seriyalı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, H.Cavid prospekti, 13 saylı evin 53,0 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 1342 saylı reyestr kitabında 15.09.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan AR Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 158 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 227 nömrəli 13.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, H.Cavid prospekti, 13 saylı evin 32 nömrəli mənzildə yaşayır. İddiaçı ailəsi 3 nəfərdən ibarətdir. Cavabdeh da həmin mənzildə daimi qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.08.2021-ci il tarixli **********43 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, H.Cavid prospekti, məhəllə 518, ev 13, 32 saylı mənzil 15.09.2004-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh anasıdır. Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, H.Cavid prospekti, məhəllə 518, ev 13, 32 saylı mənzil İddiaçı mülkiyyətindədir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququ var. Bu onun yeganə yaşayış yeridir. İddiaçı tərəf 15000 manat pul kompensasiyası müqabilində cavabdehin müvafiq mənzilə dair istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən məhkəmə qaydasında çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf təklifi qəbul etməmişdir. Cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatından görünür ki, həbsdən təzə çıxmış və ata mülkündə yaşamaq istəyir, qarşı tərəfin ona 15000 manat verib, onu evdən çıxarmaq tələbi ilə razılaşmır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin Plenum qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: • mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; • sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; • qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; • mənəvi zərərin ödənilməsi; • habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bundan əlavə R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Mülki Məcəllənin qeyd olunan normlarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Yuxarıda göstərilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 15000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən 32 saylı mənzil üzərində istifadə hüququna 15000 (on beş min) manat kompensasiya ödənilməklə xitam verilsin və cavabdeh mənzildən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-91/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-91/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver