Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-929/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Ramazan oğlunun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Ramazan oğluna, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 53 nömrəli Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik işinin açılması, miras əmlakın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh2 Ramazan oğlunun cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 Ramazan oğluna, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 53 nömrəli Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik işinin açılması, miras əmlakın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.08.2021-ci il tarixdə vəfat etmiş X9 ondan öncə, 04.07.2021-ci il tarixdə vəfat etmiş arvadı X3 vərəsəsi kimi tanınması, X8 miras qalmış Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzilin tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması və mənzil üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Prosesin gedişində iddiaçı MPM-nirı 53-cü maddəsinə əsasən iddia tələblərinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh2 Ramazan oğlunun adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməs və həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, 27.01.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, 20.08.2021-ci il tarixdə vəfat etmiş X9 ondan öncə, 04.07.2021-ci il tarixdə vəfat etmiş arvadı X3 vərəsəsi kimi tanınması, X8 miras qalmış Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzilin tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması və mənzil üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil ilk əvvəl X13 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, 2019-cu ildə X19 həmin mənzili X5 bağışlamışdır. X7 04.07.2021-ci tarixdə vəfat etmişdir. Onun ölümündən sonra əri X19 arvadından qalan mirasa faktiki olaraq sahiblik etməyə başlamış və vərəsəlik işinin açılması üçün 53 nömrəli Notariat Kontoruna müraciət etmişdir. Lakin, 53 nömrəli Notariat Kontorunda bildirilmişdir ki, vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Bu səbəbdən də, X19 arvadı X3 ölüm faktının müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Burada məqsəd mirasın qəbul edilməsi olmuşdur. X9 niyyəti arvadından qalan Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzili miras əmlak kimi qəbul edib, ona vəsiyyət etmək idi. Lakin o, yaşlı və xəstə olduğu üçün ölüm ayağında olduğunu bilirdi və guman edirdi ki, miras əmlakı qəbul etməmiş vəfat edəcək. Ona görə də, 53 nömrəli Notariat Kontorunun notariusu Səma xanım Ələkbərovanı sözü gedən mənzilə dəvət etmiş və ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı mənə vəsiyyət etməsi barədə vəsiyyətnamə tərtib edilmişdir. X19 onun X6nın və X11 birgə nikahından doğulmuşdur. X6 30.12.1954-cü il tarixdə X23 ilə nikaha daxil olmuş, bu nikahdan atası X24 və digər əmisi X25 anadan olmuşdur. Yəni, X19 onun atası ilə ana bir, ata ayrı qardaşdırlar. X19 əmisidir. 20.08.2021-ci il tarixdə “ölüm faktının müəyyən edilməsi” ilə bağlı məhkəmə işi yekunlaşmamış, miras əmlakı qəbul etməyə macal tapmamış əmisi X19 vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Bu əsasla bildirir ki, X3 ölümündən sonra 1-ci növbə qanun üzrə vərəsəsi onun əri X14r. O isə mirası qəbul edənədək ölmüşdür. Beləliklə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. X2 qalan miras əmlakın qəbul edilməsi üçün 53 nömrəli Notariat Kontorunun notariusu Səma Ələkbərovaya müraciət etmiş, lakin, notarius tərəfindən vərəsəlik işinin açılmasından imtina edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Eyni zamanda, X9 həm vəsiyyətnamə üzrə, həm də 3-cü növbə qanun üzrə vərəsəsidir. X9 qanun üzrə 1-ci növbə vərəsələri yoxdur. Bu halda 2-ci növbə vərəsələr onun qardaşları X24 və X18r. Onlar vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etməmişlər. Vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. X4 arvadı X3 “ölüm faktının müəyyən edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etməsi, onun vəsiyyətnamə tərtib etməsi mübahisəli əmlakı qəbul edib mənə vəsiyyət edəcəyi niyyətinin mövcudluğunu bildirir. Məlum olmuşdur ki, 25.01,2022-ci il tarixdə 53 nömrəli Notariat Kontoru tərəfindən Cavabdeh2 Ramazan oğlunun adına vərəsəlik şəhadətnaməsi verilmiş və həmin şəhadətnamə əsasında ********** qeydiyyat nömrəli, 27.01.2022-ci il tarixli çıxarış alınmışdır. Prosesin gedişatında iddiaçı Cavabdeh2 Ramazan oğlunun cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək, cavabdehə verilmiş 15.07.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bacısı X3 mülkiyyətində Bakı şəhəri, Yasamal r-nu, Mətbuat pr., 18/7 mən 116 ünvanda yerləşən yaşayış sahəsi olmuşdur. Bacısı 04.07.2021 -ci ill tarixdə vəfat etmiş və onu Buzovna qəbirstanlığında dəfn etmişlər. Onun ölümündən sonra mülkiyyətində olmuş mənzildə onun həyat yoldaşı Hüseynov Hüseyn hələ bacısının qırxı çıxmamış vəfat etmişdir. Bu arada yaranmış qarşılıqlıqdan istifadə edən cavabdeh öz ailəsi ilə birlikdə hələ bacısının həyat yoldaşı Hüseynov Hüseyn dünyasını dəyişməmiş bir neçə gün əvvəl atasının ögey qardaşı olmuş Hüseynov Hüseynə qulluq etmək məqsədi ilə ailəsi ilə birlikdə bacısının mülkiyyətində olmuş yuxarıda göstərilən mənzilə köçmüş, ailəsini də ora gətirmişdir. Elə həmin vaxtlarda bacısımın həyat yoldaşı notariusu evə dəvət etməklə İddiaçı aşağıdakı məzmunda vəsiyyətnamə vermişdir: 1. Mənə məxsus olan bütün daşınar və daşınmaz əmlakımı Hacıqabul şəhəri, Babək küçəsi, ev 4, mənzil 18-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü İddiaçı vəsiyyət edirəm.” Cavabdehin həmin yaşayış sahəsinə heç bir hüququ yoxdur, o, özbaşına olaraq həmin yaşayış sahəsinə köçüb oradan qanunsuz istifadə etməyə başlamışdır və hazırda da istifadə edir. Verilmiş vəsiyyətnamə onu verənin səlahiyyəti olmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1151-ci maddəsinə əsasən mirasa ( miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun (miras aktivi) və vəzifələrin ( mirsa passivi) toplusu daxildir. Bundan başqa göründüyü kimi vəsiyyət edən ona məxsus olmayan əmlakın barəsində vəsiyyətnamə qoymuşdur ki, bu da yuxarıda göstərilən qanunun tələblərinə ziddir. Daha sonra Azərbaycan Respublikası MM-nin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnaməni tərtib etdiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o, halda nəzərdə tut bilər ki, mirasın açıldığı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Hazırda qüvvədə olan Mülki qanunvericiliyin yuxarıda şərh olunan normasından bir daha dəqiqləşdirilir ki, təqdim olunan vəsiyətnaməyə əsasən Hüseynov Hüseynin ölənədək heç bir əmlakı (daşınmaz əmlak kimi mənzil) onun mülkiyyətində olmamışdır, o, Sonaxammın vərəsəsi kimi notariusda qeydə alınmamış (iddi ərizəsində göstərdiyi kimi vərəsə olmaq üçün qeyd olunmağa çatdırmadan ölmüşdür), Sona xanımdan miras qalmış əmlakın - gələcək əmlakın vəsiyyət edilməsi qanunun tələbinə uyğun olmamışdır. Deməli, Azərbaycan Respublikası MM-nin 1151 və 1152-ci maddələrinin tələbləri pozulmaqla verilmiş (həm də dəqiq tərtib olunmamış) etibarnamə Sonaxanımın miras qalmış mənzilinə vərəsə kimi sahib çıxmağa iddiaçıya əsas vermir. O ki, qaldı Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 24.02.2020-ci il tarixli qərarına, yuxarıda göstərilən formada tərtib olunmuş vəsiyyətnamə iddiaçıya mövcud mövcud vəziyyətdə mirasdan pay olmaq imkanını istisna edir. Əgər iddiaçı mövcud vəsiyyətnamə üzrə deyil, qanun üzrə vərəsə olsaydı Plenumun yuxarıda adıçəkilən Qərarını bəlkə də bu işə şamil edilib-edilməməsi mübahisələndirilə bilərdi. Bunlardan əlavə, X21 həm də Hüseynin 3-cü növbə vərəsəsi olduğunu qeyd edir. Bildirir ki, Hüseynin (ögəy əmisi) tərəfindən övladlığa götürülmədən , onun soyadı üzrə qan qohumu olmadan , əlindəki tərtibatı dəqiq olmayan vəsiyyətnamə ilə özünü 3-cü növbə vərəsə kimi hesab etməsi yanlışdır. Bacısının həyat yoldaşı, övladları və valdeyinləri sağ olmadığına görə ikinci növbə vərəsə kimi Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edib vərəsə kimi tanınması barədə müvafiq sənədi almışdır. Beləliklə, bacısının mülkiyyətində olmuş yaşayış sahəsinə vərəsəlik hüququ tanınmışdır. Cavabdehə yaşayış sahəsini boşaltmaq barədə şifahi qaydada xəbərdarlıq etsə də, o, özbaşına tutub istifadə etdiyi yaşayış sahəsini boşaltmaqdan imtina edir və bununla da onun həmin yaşayış sahəsinə olan hüquqlarının pozulmasına şərait yaradır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Ramazan oğlunun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, ilkin iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 53 nömrəli Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia təlbi isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, AZ seriyalı, 043417 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X7 arasında nikah 06.11.1968-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində 421 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil X3 adına 20.11.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 204458 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04.07.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 25.01,2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 04.07.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi qızı Cavabdeh2 Ramazan oğludur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 20.11.2019-cu tarixdə X5 verilmiş **********09-05301-093110 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 saylı mənzildən (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) ibarətdir. Qeyd: Real vaxt rejimində 25.01.2022-ci il tarixli arayışa əsasən şəhadətnamə verilənədək mənzil həbs altında deyil. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-24 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) Cavabdeh2 Ramazan oğlunun adına 27.01.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 204458 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 20.08.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 15.07,2021-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X19 nəmin vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Hacıqabul şəhəri, Babək küçəsi, ev 4, mənzil 18-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-166 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 16.11.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı vəkili Vəkil2 Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X15 müraciət edərək, Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 saylı mənzilin 04.07.2021-ci il tarixdə vəfat etmiş X3 mülkiyyətində olduğunu, o, vəfat etdikdən sonra onun qanun üzrə 1-ci növbəli vərəsəsi olan əri-Hüseynov Hüseynin mirası qəbul etməyə macal tapmadan 20.08.2021-ci il tarixdə vəfat etdiyini, vəfat etməmişdən qabaq mənzili qardaşı oğlu İddiaçı vəsiyyət etdiyini göstərmiş və mənzilin miras əmlak kimi qəbul edilməsi üçün vərəsəlik işinin açılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X12 17.11.2021-ci il tarixli məktubundan görünür ki, 16.11.2021-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, 04.07.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələrinin müraciətinə əsasən 23.10.2021-ci il tarixində 8V-123 saylı vərəsəlik işi açılmışdır. Hüseynov Hüseynin mərhum X3 vərəsəsi olması faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X12 02.12.2021-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarından görünür ki, Hüseynov Hüseyn 15.07.2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş vəsiyyətnamə üzrə ölən günədək ona məxsus olan bütün əmlakını qardaşı oğlu İddiaçı vəsiyyət etmişdir. Hüseynov Hüseyn 20.08.2021-ci ildə ölmüşdür. Əmisinin ölümündən sonra vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət edən İddiaçı təklif edilmişdir ki, miras qalan əmlaka hüquq müəyyənedici sənədi təqdim etsin. Cavabında o, 20.08.2021-ci ildə vəfat etmiş əmisi arvadı X1 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzildən mərhumun əmisi Hüseyn Hüseynova düşən miras payı üçün vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. İddiaçı izah edilmişdir ki, X3 ölümündən sonra onun qardaşı Cavabdeh2 Ramazan oğlunun 23.10.2021-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı şəhəri 53 saylı notariat ofisinə ərizə verməklə mirası qəbul etmişdir və təqdim etdiyi sənədlər əsasında ünvan 2 ünvanında yerləşən mənzilin X5 məxsus olması məlum olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlaka dair İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(004)-5672/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ərizəsi təmin edilərək, 11.10.1945-ci il təvəllüdlü X3 04.07.2021-ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, MTT(004)-85/2021 saylı qərardadından görünür ki, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin olunmuş, Cavabdeh1na 04.07.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələrinə vərəsəlik şəhadətnaməsinin verilməsinin müvəqqəti olaraq qadağan edilməsi və qərardadın dərhal icra olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 06.01.2022-ci il tarixli, 17/72-309942/1239 saylı məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, MTT(004)-85/2021 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri 53 saylı notariat ofisinə göndərilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı X4 ondan əvvəl vəfat etmiş yoldaşı X1 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzili faktiki qəbul etməsini, 15.07,2021-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını iddiaçıya vəsiyyət etməsini, X19 20.08.2021-ci il tarixdə vəfat etməsini əsas gətirərək, Cavabdeh2 Ramazan oğlunun adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, 27.01.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, 20.08.2021-ci il tarixdə vəfat etmiş X9 ondan öncə, 04.07.2021-ci il tarixdə vəfat etmiş arvadı X3 vərəsəsi kimi tanınması, X8 miras qalmış Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzilin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması və mənzil üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı, miras qoyan X3 əri, 20.08.2021-ci il tarixdə vəfat etmiş X9 ana bir, ata ayrı qardaşı X16 oğlu, Cavabdeh2 Ramazan oğlu isə miras qoyan X3 qardaşıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16.03.2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” Beləliklə, qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mirasın qəbulu ilə bağlı qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən X9 ondan əvvəl vəfat etmiş yoldaşı X1 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzili 1-ci növbə vərəsə kimi faktiki qəbul etməsi, bununla da, mübahisəli mənzilin onun mülkiyyəti sayılması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir.” Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, iş materiallarından göründüyü kimi, bütün miras əmlak X19 tərəfindən faktiki qəbul edilmiş, ondan başqa 1-ci növbə vərəsə olmamışdır. X19 öz növbəsində ona məxsus olan bütün əmlakını ilkin iddia üzrə İddiaçı vəsiyyət etmişdir. Miras əmlak birinci növbə vərəsə tərəfindən qəbul edildiyinə görə, notariat ofisinin iş üzrə Cavabdeh2 Ramazan oğluna qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verməsi, həmin şəhadətnamə əsasında isə cavabdehin adına mübahisəli mənzilə dair çıxarışın verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı və qanuni olub təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Ramazan oğlu cavabdeh İddiaçı verilmiş vəsiyyətnamənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müdafiə etdikləri tələbləri ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, ilkin iddia təmin edilərək Cavabdeh2 Ramazan oğlunun adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyinə və onun adına həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, 27.01.2022-ci il tarixli çıxarış ləğv edildiyinə görə, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh2 Ramazan oğlunun adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. Cavabdeh2 Ramazan oğlunun adına 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli, 27.01.2022-ci il tarixli çıxarış ləğv edilsin. 20.08.2021-ci il tarixdə vəfat etmiş X19 ondan öncə, 04.07.2021-ci il tarixdə vəfat etmiş arvadı X3 vərəsəsi kimi tanınsın. X8 miras qalmış Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzilin (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin həmin mənzil üzərində tam hissədə miras payı müəyyən olunsun. İddiaçı Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsi verilsin İlkin iddia tələbi təmin edildiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilsin. İddiaçı Cavabdeh2 Ramazan oğlunun cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-929/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-929/2022
20.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver