Məhkəmə qərarları › İş №2(004)-944/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-944/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-944/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 669,4799 manat borcun əsassız hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 04.04.2021-ci il tarixdə yeni aldığı X8, ev 8, 6 ünvanın yerləşən mənzilə köçmüşdür. Bir neçə gündən sonra elektrik enerjisi istehlakına görə ödəniş haqqında aldığı bildirişdə həmin dövr üçün 200-300 manat borcunun olduğu göstərilmişdir. Bununla əlaqədar etdiyi müraciətdən bir müddət sonra elektrik sayğacı dəyişdirilmişdir. Həmin vaxta qədər sayğacda 600 manatdan artıq məbləğdə elektrik enerjisinin istehlak edilməsi göstərilirdi. Halbuki, bu qədər elektrik enerjisi istehlak etməsi nə fiziki, nə də texniki cəhətdən mümkün deyildi. Heç bir istilik elektrik cihazından istifadə etməmiş, tam təmirli mənzilə köçdüyü üçün təmir işləri aparmamışdır. Lakin sayğac çıxarıldıqdan sonra cavabdeh tərəfindən yoxlanılma aparılmış, ona məlumat verilmişdir ki, sayğacda hər hansı bir qüsur müəyyən edilməmişdir və borc ödənilməlidir. Hesab edir ki, hər halda sayğacda hansısa texniki qüsur olmuşdur. Ona görə ki, sayğac dəyişdirildikdən sonra istehlak etdiyi aylıq elelktrik enerjisinin haqqı 16 manatdan bir qədər artıq olmuşdur. Sayğacın göstəriciləri, müvafiq tarixlər və sübut əhəmiyyəti olan digər məlumatlar yalnız cavabdeh tərəfindən təqdim ediləcək sənədlərlə müəyyən edilə bilər. Beləliklə, tərəfindən istifadə etmədiyi elektrik enerjisinə görə ödəməli olduğu pul cavabdehin əsassız varlanmasına səbəb ola bilər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olumasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçının oğludur. "xxxx" MTK ilə bağlanmış müqaviləyə əsasən, X8, ev 8, 6 ünvanın yerləşən mənzil tam təmirli şəkildə onlara təhvil verilmişdir.Aprel ayında mənzilə köçüb yaşamağa başlamışlar.Yanvar, fevral və mart ayına yaşamaya ev borc yazıblar. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MTK-nın 06.09.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində 8 saylı binanın 6 saylı mənzili 05.06.2020-ci il tarixli, ******* saylı müqavilə əsasında İddiaçı satılmışdır. “Azəriqaz” X4 satış müəssisəsi ilə X3 arasında bağlanmış 20.08.2021-ci il tarixli 255845 saylı müqavilədən görünür ki, tərəflər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində 8 saylı binanın 6 saylı mənzilinin elektrik enerjisi ilə təchiz olunması ilə bağlı razılığa gəlmişdirlər. Müqavilənin 4cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,07 manat tarif üzrə aparılır. **********80006 saylı Abunə haqqında məlumatlardan görünür ki, qeyd olunan mənzildə 22.01.2021-ci il tarixdə sayğac quraşdırılmış, elektrik enerjisinə görə 10.03.2021ci il tarixə 117,04 manat, 08.04.2021-ci il tarixə 223,58 manat və 06.05.2021-ci il tarixə 108,01 manat, həmin dövrdən sonra hazırki vaxta görə isə hər ay ən çoxu 16,52 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı 05.06.2020-ci il tarixli, ******* saylı müqavilə əsasında aldığı X8, ev 8, 6 ünvanın yerləşən mənzilə 04.04.2021-ci il tarixdə köçməsinə baxmayaraq, ona 10.03.2021-ci il tarixə 117,04 manat, 08.04.2021-ci il tarixə 223,58 manat və 06.05.2021-ci il tarixə 108,01 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən borc "xxxx" MTK tərəfindən mənzilin təmiri ilə bağlı sərf olunmuş elektrik enerjisinə görə hesablanmışdır. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin sərf olunmuş elektrik enerjisinə görə borcun hesablanmasına dair hərəkətləri qanuni olmuşdur. Odur ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsinə dair iddiası təmin edilməməli, iddiaçıya dəymiş ziyanla bağlı "xxxx" MTK-ya qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar